Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2025 15:36

“Onların sağlam və gümrah olmağı bizə ruh yüksəkliyi aşılayır”

Şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, tibbi təminatının da yüksək səviyyədə olması yuxarı komandanlıq tərəfindən daima diqqət mərkəzində saxlanılan ən vacib məsələlərdəndir. Hərbi qulluqçuların sağlamlığı onların döyüş hazırlığına təsir göstərdiyinə görə Azərbaycan Ordusunun bütün bölmələrində müasir avadanlıqlarla təchiz olunan tibb məntəqələri fəaliyyət göstərir. Bununla yanaşı, şəxsi heyətin sağlamlığının keşiyində dayanan hərbi tibb personalımızın ixtisas biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir. Hər birimizə məlumdur ki, hərbi qulluqçularımızın sağlamlığının qorunması hərbi həkimlərimizin peşəkarlığından asılıdır. Bir də qədim hind eposu "Ayur-Veda"da həkimlər haqqında belə deyilib: "Həkim xəstə üçün ata, sağalmaqda olanlar üçün keşikçi, sağlamlar üçünsə dost olmalıdır". Bölmələrimizdə öz vəzifələrini yerinə yetirən tibb personalımız məntəqəyə müraciət edənlərə diqqət və qayğı ilə yanaşır, onların tez sağalaraq xidmət yerlərinə qayıtmaları üçün əllərindən gələni əsirgəmirlər. Ağ xalatlılarımız bu eposda deyilənləri öz əməlləri ilə layiqincə doğruldurlar.
"N" hərbi hissəsində ən son müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqəsi diqqətimizi çəkdi. Məntəqəyə daxil olduqda burada olan səliqə-sahman və təmizliyi gördük, tibbi personalın xəstələrlə mehriban davranışının şahidi olduq. İlk olaraq həkim-terapevt Sürayə Məmmədovaya yaxınlaşdıq. Öyrəndik ki, S.Məmmədova Azərbaycan Tibb Universitetini bitirib. 15 il Beyləqan rayonu Mərkəzi Xəstəxanasında çalışdıqdan sonra Vətən müdafiəçilərimizin keşiyində dayanmaq qərarına gəlib. O, 2018-ci ildən qərarının arxasınca yollanıb. Söhbət əsnasında öyrənirik ki, S.Məmmədova ehtiyatda olan leytenantdır. Həmsöhbətim bildirdi ki, başlıca məqsədimiz və amalımız hərbi qulluqçularımızın sağlamlıqlarının qayğısına qalmaqdır. "Bu istiqamətdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün bacarıq və imkanlarımızı səfərbər edirik. Çalışırıq ki, əsgərlərimiz hər zaman sağlam olsunlar. Məntəqəmizin müasir tibbi avadanlıqlarla təchiz edilməsi müraciət edən xəstələrə dəqiq diaqnoz qoymağa, onları tez bir zamanda müalicə edib, xidmət yerlərinə göndərməyə imkan verir. Onların sağlam və gümrah olmağı bizə ruh yüksəkliyi aşılayır".
"İşimiz təkcə hərbi qulluqçuların müayinə və müalicəsi ilə bitmir, mövsümi və respirator xəstəliklərin qarşısını vaxtında almaq üçün qabaqlayıcı tədbirlər də həyata keçiririk. Hərbi qulluqçularımız hər gün müayinə edilir. Müayinə zamanı özünü narahat hiss edən olarsa, dərhal tibb məntəqəsinə göndərilir. İlk olaraq xəstə qeydiyyata alınır, şikayəti öyrənilir, qan təzyiqi, bədən temperaturu ölçülür, ciyərləri dinlənilir və lazımi tədbirlər görülür. Zərurət yaranarsa, xəstə hərbi hospitala təxliyə edilir. Həmçinin şəxsi heyət arasında sanitar-gigiyena qaydalarına əməl olunmasının vacibliyi, eləcə də digər mövzularda maarifləndirici söhbətlər də aparırıq", - deyə S.Məmmədova bildirdi.  
S.Məmmədova İkinci Qarabağ müharibəsində həkim kimi üzərinə düşən vəzifələrin öhdəsindən də bacarıqla gəlib. Həmin günlərdən söz açan həmsöhbətim dedi ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin ilk günlərindən səhra hospitalında yaralılara ilkin tibbi yardım göstərib. "Yüngül yaralananları səhra tibb məntəqəsində müalicə edirdik. Ağır yaralıları isə ilkin tibbi yardım göstərdikdən sonra hospitala göndərirdik. Həkimlərimizin peşəkarlığı sayəsində onları xilas edə bilirdik. Oğlum Nicat da 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Bu gün həm mən, həm də oğlum bu tarixi Zəfərin iştirakçısı olduğumuz üçün qürur hissi keçiririk". 
S.Məmmədova ilə söhbətimizi yekunlaşdırıb digər prosedur otağına - sarğı otağına daxil olduq. Məntəqəyə müraciət edən əsgərimizə sarğı qoyulurdu. Tibb bacısı Eliza Bayramova bildirdi ki, ən kiçik yara belə insanın həyatı üçün təhlükəli ola bilər. "Ona görə də zədələnmiş yerə sarğı qoymaq lazım gəlir. Sarğı yaranı mikroblardan qoruyur. Bunun üçün tənzif, pambıq, yod və spirt kimi vasitələrdən istifadə edirik, bu da öz növbəsində mikrobları öldürür. Sarğı qoyarkən müəyyən qaydalara da xüsusi əməl edirik. Sarğını nə bərk sıxmaq, nə də boş bağlamaq olmaz. Əgər bərk sıxılarsa, qan dövranını poza bilər, yaranı boş sarımaq isə sarğının öz-özünə açılmasına səbəb olar. Ona görə də prosedur zamanı bütün tələblərə çox ciddi əməl edirik. Vətən müdafiəçilərimizin sağlamlığı bizim üçün hər şeydən önəmlidir. Ana Vətənimizə övladlıq borcunu yerinə yetirən, torpaqlarımızın keşiyində cəsarətlə dayanan igid oğullarımıza xidmət etməkdən qürur duyuruq".
Əsgərlər Hüseyn Hüseynov, Ömər Qaracayev və Ağaverdi Tanrıverdiyev dedilər ki, tibb məntəqəsində onlara diqqət və qayğı ilə yanaşırlar. "Burada çalışan hər kəsə minnətdarlığımızı bildiririk. Müalicəmiz üçün hərtərəfli şərait var. Həkimlərimiz bizə doğma və qayğıkeş münasibət göstərirlər. Onların peşəkarlığından çox razıyıq. İnanırıq ki, savadlı və bacarıqlı həkimlərimizin sayəsində tezliklə sağalıb xidmət yerlərimizə qayıdacaq, Vətənə olan övladlıq borcumuzu ödəməyə davam edəcəyik".
Həkim olmaq, hərbi qulluqçuların sağlamlığının keşiyində dayanmaq həm şərəflidir, həm də ikiqat məsuliyyət tələb edir. "N" hərbi hissəsinin tibb məntəqəsində çalışan tibb heyətinin hərbi qulluqçuların sağlamlığına xüsusi həssaslıqla yanaşması deməyə əsas verir ki, Vətən müdafiəçilərimizin sağlamlığı əmin əllərdədir.

Elçin İMANOV
"Azərbaycan Ordusu"