AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox müharibələrdə olmuşam, fəqət sizin qədər qəhrəmanlıq göstərən əsgərlərə nadir halda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu mühafizə etdiniz". Bu ölməz kəlamlar hərb tariximizin şanlı səhifəsi sayılan, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri vəzifəsini şərəflə yerinə yetirən, tam artilleriya generalı Səməd bəy Mehmandarova məxsusdur. Üç dövrün çətin və keşməkeşli bir dönəmindən şərəflə keçmiş xalqımızın general oğlu Səməd bəy Mehmandarov milli ordu quruculuğunda öz böyük təcrübəsindən - müharibə və döyüş təcrübəsindən yararlanaraq, intizamlı Cümhuriyyət Ordusunu qurdu.
1918-ci ilin axırlarında Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın rəhbərliyi altında, türk ordu hissələri Azərbaycanı tərk etdikdən sonra tam artilleriya generalı Əlağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədilə yeni hərbi planlar və strateji təkliflər hazırladı. Plana görə, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, qaynar bölgələrdə yerləşdirilməli idi. Zəruri məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Rəsmi təsis edilməsə də, bu vəzifəni əvvəlcə Xosrov bəy Sultanov, Fətəli xan Xoyski icra etmişdi. 1918-ci ilin dekabrın 26-da vaxtilə çar ordusunda uzun illər xidmət etmiş tam artilleriya generalları Səməd bəy Mehmandarov Hərbi nazir, Əlağa Şıxlinski onun müavini, general-leytenant Süleyman Sulkeviç isə Baş Qərargah rəisi təyin edildilər.
Orduda vəziyyətin qənaətbəxş olmadığını yaxşı bilən Hərbi nazir Səməd bəy Mehmandarov xalqa müraciət edir və bildirir: "Ölkənin bütün vətəndaşları - istər kasıb, istərsə də dövlətli eyni şəkildə hərbi qulluq çəkməlidirlər. Dövlətliləri hərbi qulluqdan azad edən kəslər ağır cəzalanacaqlar".
Beləliklə, milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildilər. Maliyyə çətinliklərinə baxmayaraq, milli zabit heyəti hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb yaradıldı. Hərbi nazir Səməd bəy Mehmandarovun səyi nəticəsində qısa müddətdə orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və s. qoşun növlərindən ibarət olan, dövrün ən müasir silahları ilə silahlanan canlı qüvvəsi toplandı. Eyni zamanda, Xəzər dənizində kiçik bir donanma da yaradılmışdı. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədilə Hərbi Nazirliyin yanında divani hərbi, yəni, hərbi məhkəmə fəaliyyət göstərirdi.
“Mərhəba!”
Xalqımızın dünyaşöhrətli general oğlu Səməd bəy Mehmandarov 1885-ci il oktyabrın 16-da Lənkəranda ziyalı və zəngin bir ailədə doğulmuşdu. Bakıda gimnaziya təhsili almışdı. 16 yaşında Peterburqda yerləşən II Konstantinovka Artilleriya məktəbini bitirmişdi. Podporuçik, kapitan, podpolkovnik, polkovnik, general-mayor, general-leytenant və nəhayət, tam artilleriya generalı rütbəsinə ucalmışdı. O, 10 il ərzində üç dəfə general rütbəsi almışdı. Tam artilleriya generalı adına layiq görülmüş ilk azərbaycanlı kimi adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Rus-yapon müharibəsində böyük rəşadət göstərmiş Səməd bəy Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib ki, bu da general-polkovnik rütbəsinə bərabər hesab olunmuşdur.
1901-ci il martın 26-da Mehmandarov general-mayor Pavel Rennenkampfın komandanlığı altında Zabaykal artilleriya diviziyasında Çin boksyor üsyanını yatırtmaq məqsədilə "Çin yürüşündə" iştirak edir. Görkəmli hərb xadimimiz Əlağa Şıxlinski xatirələrində yazırdı: "Mehmandarov bu ərəfədə Rennenkampfdan mühasirəyə alınmış Sisikara şəhərinin cənub darvazası qarşısında dayanmaq və şəhəri tərk etmək istəyən hərbi qüvvələri məhv etmək tapşırığı alır. Mehmandarovun silahlı dəstəsinin qarşısına Çin döyüşçüləri əliyalın çıxırlar. Rennenkampfdan atəş əmrini alan Mehmandarov silahsız insanlara atəş açmaqdan imtina edir. Ancaq komandanlıq onu əmrdən imtina edəcəyi təqdirdə həbslə hədələyir. Əlacsız qalan Mehmandarov havaya bir neçə dəfə atəş açmaqla Çin döyüşçülərini şəhərə qaytara bilir".
Birinci Dünya müharibəsi zamanı göstərdiyi rəşadətə görə general Mehmandarov qılıncla birlikdə ikinci dərəcəli “Müqəddəs Vladimir” ordeni, 1915-ci ildə isə üstü brilyantla bəzədilmiş “Qeorqiyev silahı” ilə təltif edilir. Bu müharibədə bu təltifə cəmi səkkiz nəfər layiq görülmüşdü.
Şahidlərin bildirdiyinə görə, Səməd bəy ən qorxunc döyüşlərdə də soyuqqanlılığını qoruyub saxlamağı bacarırmış. Qorxmazlığı dillər əzbəri olub. Vətəndən uzaqlarda şan-şöhrət qazanıb. Ədalətli və düzgün insanları qiymətləndirərdi, yalançı və saxtakarlara qarşı amansızlığı, generala tabeliyində olanların hədsiz etibarını qazandırmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin Əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı xatirələrində ziyafətlərin birində Səməd bəy Mehmandarovun müraciətini yada salır: "Övladlarım! Bütün gəncliyimi, gücümü rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu. Denikin məni yaxşı tanıyır. Mənim komandanlıq etdiyim orduya qarşı Denikin cəsarət edib vuruşmaz".
Hərbi nazir Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqqında əmr verir: "Əsgərlərin Azərbaycan türkcəsində salamlaşması - bir sözlə, - "Salam", cavabının isə "Əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "Mərhəba!", əsgər cavab verməlidir: "Çox sağ ol!".
Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda olduqları hər yerdə talanlar edir, kəşfiyyat işi aparırlar. Etiraz əlaməti olaraq Səməd bəy İngiltərə hökumətinin Birinci Dünya müharibəsi illərində ona verdiyi orden və medalları İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir: "Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil!".
Hərbi nazir general Səməd bəy Mehmandarov 1919-cu il aprelin 2-də Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik olduğunu və bu qəhrəmanlıqlar əsasında ordunun şəxsi heyətinin milli vətənpərvərlik ruhunda tərbiyəsinə başlanılmasının vacibliyini göstərərək yazırdı: "...Yüzillik rus hökmranlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz həmişə asılı vəziyyətdə olmamışıq".
1919-cu ilin sonlarında Azərbaycan Ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan əlavə, Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, dörd hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi. 1920-ci ilin əvvəlində Azərbaycan Ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Hərbi xidmətə 19-24 yaşlı müsəlman əhalisinə məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün beş tank, on iki hidroplan, altı aeroplan, doqquz zirehli avtomobil və s. alınması planlaşdırılmışdı.
İntizamlı milli ordu
1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland öz təəssüratlarında yazırdı: "Mənə deyirdilər ki, qarışıqlıqla rastlaşacağam, amma heç bir qarışıqlıq görmədim... Yol boyu biz Azərbaycan Ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildilər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan Ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur".
1920-ci ilin Novruz bayramı günlərində Ermənistanın daşnak hərbi hissələri Xankəndi qarnizonuna hücum etdi. Bu hücum dəf edildikdən sonra onlar Qarabağa yeganə keçid olan Əsgəran qalasını ələ keçirdilər və Xankəndidə olan milli ordu hissələrini mühasirəyə aldılar. Belə bir vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi ölkənin şimalında yerləşdirilmiş milli ordunun böyük bir hissəsini general Həbib bəy Səlimovun komandanlığı altında Qarabağa göndərməyə məcbur oldu. Nəticədə daşnak ordu hissələri və Qarabağın erməni qiyamçıları darmadağın edilərək, Qarabağ düşməndən azad edildi. Hərbi nazir general Səməd bəy Mehmandarov bu qələbə münasibətilə Azərbaycan əsgərlərinə müraciətində demişdi: "Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox müharibələrdə olmuşam, fəqət sizin qədər qəhrəmanlıq göstərən əsgərlərə nadir halda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu mühafizə etdiniz".
100 manat, süpürgə və sahibsiz qalmış qəbir
Qarabağda istədiyinə nail olmayan Ermənistan hökuməti 1920-ci il aprelin 26-da barışıq xahiş etdi. Lakin həmin vaxt aprelin 26-dan 27-nə keçən gecə 72 min nəfərlik XI Qızıl Ordunun zirehli qatarları şimaldan Azərbaycan sərhədini keçərək, Bakı üzərinə hərəkət etməyə başladı. Bu hücum Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə məlum ultimatumdan 12 saat əvvəl başlamışdı.
Səməd bəy Mehmandarovun 1920-ci il aprelin 28-dən sonrakı həyatı barədə oğlu Pir belə danışırdı: "Atam aprelin 27-də parlamentin iclasından evə qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çemodanları gördükdə dedi: "Bunları boşalt, çünki biz heç yerə gedəsi deyilik". Anam təəccüblə soruşdu: "Necə yəni gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?" Atam anama cavab verdi ki, parlamentin son iclasında "Hümmət" fraksiyasının lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, "Səməd bəy, başınızdan bir tük belə əskik olmayacaq. Bizimlə qalıb işləməyinizi təklif edirəm". Anam yenə etiraz edərək dedi: "Bəs oğlunun taleyi, gələcəyi? Axı qatar Biləcəridə gözləyir". Atam bu dəfə daha qətiyyətlə bildirdi ki, biz heç yana getməyəcəyik".
Deyilənlərə görə, bu, bir həqiqətdir ki, həmin gün Biləcəridə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbərlərini Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi. Mehmandarov Şıxlinski ilə birgə o zaman Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməyi sayəsində ölümdən xilas edilərək Moskvaya göndərilir. Əlağa Şıxlinski Ali Artilleriya Məktəbində gələcəyin marşalları Qovorov, Yakovlev, baş artilleriya marşalı Voron və başqalarına dərs deyib. Mehmandarov isə Hərbi akademiyada taktikadan dərs deyib. Bir ildən sonra Bakıya qayıdan generallar Azərbaycan Komandirlər Məktəbində xidmətlərini davam etdirirlər. 1928-ci ildə səhhətinə görə istefaya çıxan general Səməd bəy Mehmandarova dövlət 100 manat təqaüd kəsir. Çar ordusunun tanınmış generalı, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri olmuş Səməd bəy Mehmandarovun həyat yoldaşı Yelizaveta Nikolayevna və yeganə oğlu Pir o zaman sürgünə göndərilir. Qocalmış, əldən düşmüş Mehmandarov isə Bakıda qalır. Ömrünün son üç ilində islam tarixini və fəlsəfəni mütaliə edir. Şahidlərin dediyinə görə, sovet hökuməti onu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri işlədiyi binanın - sonralar Azneft kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edirmiş. Hamıya görk olsun deyə...
1931-ci ildə Bakıda vəfat edən Səməd bəy Mehmandarov Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər xiyabanı) dəfn edilir. 1939-cu ildə bolşevik Kirova heykəl qoyulanda həmin qəbiristanlıq dağıdılır və yerində istirahət parkı salınır. İmkanı olanlar əzizlərinin qəbrini bu ərazidən başqa yerə köçürürlər. Azərbaycanın dünyaşöhrətli generalının qəbrinə isə sahib çıxan tapılmır...
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"