Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2025 15:36

Cümhuriyyət Ordusunun ən gənc generalı - general-mayor Əbdülhəmid bəy Qaytabaşı

Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (Həmid Qaytabaşı və ya Abdul Qaytabaşı) 1884-cü il iyulun 10-da (bəzi mənbələrdə fevralın 8-də) Tiflisdə anadan olub.
İlk hərbi təhsilini Pavlovsk Hərbi Məktəbində alan Əbdülhəmid bəy 1906-cı il fevralın 23-də 16-cı Qrenadyor Minqrel alayında xidmətə başlayıb. 1909-cu ildə Gəncədə yerləşən Qafqaz Hərbi Korpusunun 52-ci piyada diviziyasının 261-ci Şamaxı piyada alayına "podporuçik" rütbəsi ilə təyinat alıb. Birinci Dünya müharibəsində "ştabs-kapitan" rütbəsində Qafqaz Korpusunun 52-ci piyada diviziyasının 205-ci Şamaxı piyada alayının komandiri vəzifəsində döyüşüb. 1914-cü il oktyabrın 5-də Dembnyak kəndi ətrafında gedən döyüşdə ağır yaralanıb. Ə.Qaytabaşı döyüşlərdə göstərdiyi rəşadətlərə görə 1914-cü il mayın 16-da üçüncü dərəcəli "Müqəddəs Anna", 1915-ci il fevralın 27-də isə üzərində "İgidliyə görə" yazısı olan dördüncü dərəcəli "Müqəddəs Anna", 1916-cı il martın 6-da dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordenləri ilə təltif olunub. 
1918-ci il martın 6-da general-leytenant Əlağa Şıxlinskinin əmri ilə Ə.Qaytabaşı Müsəlman Korpusunun qərargah rəisi vəzifəsinə təyin edilib. Həmin ilin martın 18-də Zaqafqaziya Komissarlığı hökumətinin 246 saylı qərarı ilə Əbdülhəmid bəy Qaytabaşıya "polkovnik" rütbəsi verilib. O, bu vəzifədə həmin ilin martın 28-ə qədər xidmət edib.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra o, M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə 1918-ci il iyunun 4-də İstanbul Konfransında iştirak edib.
1918-ci il avqustun 20-də polkovnik Ə.Qaytabaşı Qafqaz İslam Ordusu qərargahına təyinat alıb. 1918-ci il noyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə ordunun Ümumi Qərargahında növbətçi general vəzifəsinə təyin olunub. 1919-cu il iyunun 25-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə "general-mayor" ali hərbi rütbəsinə layiq görülüb. 1919-cu il dekabrın 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edildikdən sonra Ümumi Qərargah rəisi vəzifəsinin müvəqqəti icrası general-mayor Ə.Qaytabaşıya həvalə olunub. O, bu vəzifəni Azərbaycan Ordusunun qərargahı yaradılana qədər icra edib. 
1920-ci il fevralın 17-də general-leytenant Məmməd bəy Sulkeviç Azərbaycan Ordusundan tərxis edildikdən sonra Azərbaycan Ordusu qərargahının yenidən qurulması üçün yaradılmış komissiyaya üzv olub. Hərbi nazirin 2 mart 1920-ci il 128 nömrəli əmri ilə Baş Qərargah İdarəsi ilə Ümumi Qərargah birləşdirilib və general-mayor Əbdülhəmid bəy Qaytabaşı ordu Qərargahının növbətçi generalı vəzifəsinə təsdiq olunub. Azərbaycan Cümhuriyyətinin süqutuna kimi "general-mayor" hərbi rütbəsində Ordu Qərargahının növbətçi generalı vəzifəsində həqiqi hərbi xidmətdə olub. 
Ə.Qaytabaşı 1920-ci ilin iyununda bolşevik-daşnak işğalına qarşı baş tutmuş Gəncə üsyanına dəstək verməkdə ittiham olunaraq həbs olunub. Həmin ildə Nargin adasına aparılaraq orada güllələnib.
General-mayor Əbdülhəmid bəy Qaytabaşı 1918-1920-ci illərdə Milli Ordumuzun sıralarında şərəflə xidmət edən ən gənc generallardan biri idi.
Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy 18-ci əsrin sonlarında İstanbuldan Tiflisə köçüb. Tiflisə gəldikdən sonra Çar Rusiyası ordusunda xidmətə başlayıb. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı olub. Bu vəzifədə çalışan şəxsə "Haytabaşı" deyilirdi. Əbdülməcid bəy də həmin vaxtdan "Haytabaşı" soyadını götürüb. Tiflisə köçdükdən sonra bu soyad rus dilinə "Qaytabaşı" kimi tərcümə olunub.
Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı 1835-ci il oktyabrın 26-da Tiflis şəhərində anadan olub. 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərargahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə, “podpolkovnik” rütbəsində tərcüməçi kimi xidmət edib. Xidməti boyunca podpolkovnik Şərif bəy dördüncü dərəcəli "Müqəddəs Vladimir", ikinci dərəcəli "Müqəddəs Anna", ikinci və üçüncü dərəcəli "Müqəddəs Stanislav" kavaler ordenləri və bir neçə medalla təltif olunub. Şərif bəy Qaytabaşı ilk həyat yoldaşı vəfat etdiyinə görə ikinci dəfə ailə qurub. İkinci evliliyində o, Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağa oğlunun qızı Xədicə xanımla ailə qurub. Bu nigahdan yeddinci övladları Əbdülhəmid Qaytabaşı dünyaya gəlib.
Əbdülhəmid bəy Qaytabaşı Sara xanım Məşədi Mahmud qızı ilə ailə həyatı qurub və bu evlilikdən Lətif və Xədicə adlı övladları olub.

"Azərbaycan Ordusu"