Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2025 15:36

Komandoların gücümüzə güc qatan daha bir təlimi keçirildi

Ordunun döyüş hazırlığı, şəxsi heyətin bilik və bacarıqları təlimlərlə daha da möhkəmlənir. Mütəmadi olaraq keçirilən təlimlərdə bölmələrimiz təlim mərkəzlərində döyüşün bütün taktiki üsullarını sınaqdan keçirirlər. Şanlı qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan təcrübəyə əsaslanaraq keçirilən belə təlimlərdə şəxsi heyət döyüş qabiliyyətini daha da artırır, yeni döyüş texnikaları və silahlardan istifadə qaydalarını mənimsəyir. Bu da hərbi xidmətə gələn hər bir gəncin qətiyyətli Vətən müdafiəçisi kimi formalaşmasına gətirib çıxarır.
Yenə də təlim mərkəzindəyik. Burada böyük canlanma müşahidə olunur. Komanda müşahidə məntəqəsində birləşmə komandirləri və onların müavinləri, həmçinin tabor, bölmə komandirləri də təlimi izləmək üçün toplaşıblar. Çox keçmədi ki, general-mayor Bilal Çompuzov təlim rəhbərinin məruzəsini qəbul edərək təlimə cəlb olunan zabitlərlə görüşdü, onlara təlimin gedişi, məqsədi və mahiyyəti barədə tapşırıq və tövsiyələrini çatdırdı.
Çöl-səhra şəraitində açılmış sinifdə xüsusi əhəmiyyətli bölmənin döyüş atışlı taktiki təliminin fəaliyyət planı geniş formatda təqdim edildi. Komanda müşahidə məntəqəsi əraziyə uyğun maskalanıb və təlimi daha yaxşı izləmək üçün müşahidə cihazları ilə təmin olunub.

Sinəsi “yaralı” torpaq

Ordumuzda bu və buna oxşar təlimlər zaman-zaman keçirilib və keçirilməkdə də davam edir. İkinci Qarabağ müharibəsindən əvvəl də ordumuzun bölmələri təlim mərkəzlərində döyüş hazırlıqlarını artırırdılar. Müharibədən sonra da müasir döyüş üsulları nəzərə alınmaqla hazırlanmış yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də nəzəri və praktiki vərdişlərin daha da təkmilləşdirilməsi üçün mütəmadi olaraq təlimlər keçirilir.
Qarşıda hündür dağ-meşə massivi görünür. Amma ona qədər ərazi düzənlik, dərə-təpə, daşlıq və kolluqdan ibarətdir. Real döyüşün aparılacağı ərazi relyef baxımından müxtəlif olur. Hazırda təlimin keçirildiyi məkanı bir çox “döyüşlərin” aparılacağı ərazilərin cəmi də hesab etmək olar.  
Ey mənim müqəddəs torpağım, sinənə atılan güllələrin sayı bəlkə də ərazidəki daşların sayından da çoxdur. Bizi buna vadar edən düşmənlərimizdir. Qarabağ müharibəsi başlamasaydı, ermənilər torpaqlarımızı işğal etməsəydilər, bəlkə də təlim mərkəzlərinə bu qədər ehtiyac yaranmazdı. Bu bərəkətli, münbit torpaqları insanlar əkib-becərərdilər, bol məhsul götürərdilər. Nə etmək olar, qismətimiz belə imiş. Burada keçirdiyimiz təlimlərin nəticəsidir ki, ordumuz tarixi Zəfər qazandı, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımızı azad etdi...
Bir azdan yenə toplardan, tanklardan mərmilər, avtomatlardan, pulemyotlardan, snayperlərdən güllələr atılacaq, torpağın sinəsi yenə "qan" olacaq. Torpaq deyəcək ki, təki siz güc toplayın, qüdrətli olub Vətənimizi igidliklə qoruyun ki, düşmən bir də baş qaldırmasın. Səngər qazan, sığınacaq hazırlayan əsgərin məqsədi, məramı da bax, budur.

Döyüş əmri


Əməliyyat taboru təlim keçəcək ərazidə şərti düşmənlə üz-üzədir. Komandolar səngər qazıb sığınacaqlarda yerləşiblər. Növbəti əmri gözləyirlər. Komanda məntəqəsində zabit Fərid Rzayev döyüş əmrini çatdırdı. Daimi dislokasiya yerindən "Həyəcan!" komandası ilə yerinə yetirilən tapşırıqları ardıcıllıqla söylədi. İndi isə qarşıda duran döyüş tapşırığının icrasına aydınlıq gətirirdi. Əvvəlcə ərazinin kəşfinin aparıldığını  dedi. Oriyentirləri təyin etdi. Onları bölmə komandirlərinə çatdırdı və onların da oriyentirləri ilə özü tanış oldu.
Birlik komandiri tabor komandirini diqqətlə dinləyir, tapşırıqlarını və tövsiyələrini verirdi. Tabor komandiri ərazi kəşfinin aparıldığını, düşmənin əsas və ehtiyat qüvvələrinin cəmləşdiyi məntəqələrinin müəyyən edildiyini məruzə etdi. Bölmə komandirləri də eyni qayda ilə döyüş əmrlərini açıqladılar.
Komandoların hücum edəcəyi ərazinin kəşfindən sonra,  fəaliyyət planı məlum oldu. Əlverişli, şərti düşmənin diqqətini cəlb etməyəcək səmtdən, minalanmış sahədən keçid açmaqla onun mövqeyinə daxil olaraq hədəflər məhv edildi. Onun əsas atəş nöqtələri susduruldu və sağ-sol cinahlar da daxil olmaqla, dərinlikdə döyüşü davam etdirmək əmri verildi.

Topdan qopan tozanaq

Döyüş əmri açıqlanandan sonra komandolar döyüş tapşırığının icrasına başladılar. İlk olaraq şərti düşmən hədəflərini sıradan çıxarmaq üçün artilleriya bölmələrinə əmr verildi. Uzaq məsafədən atılan toplar hədəfi dəqiq vururdu. Bununla da düşmənin əsas hədəfləri sıradan çıxmış hesab olundu. Minaatanların da atəş dəstəyi ilə komando qrupları qarşıya qoyduqları döyüş tapşırığını icra etməyə başladılar. Şəxsi heyət çevik və cəld hərəkət edərək əvvəlcə mina sahəsini dəf etdi. Daha sonra isə tapşırığa uyğun olaraq "düşmən" səngərinə daxil oldu. Onlar burada ehtimal olunan düşmən hücumunun qarşısını almaq məqsədilə, mümkün qədər müdafiə olunmaqla "döyüşü" davam etdirdilər. Düşmən dərinliyində və sağ-sol cinahlarda hücumu davam etdirməklə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş oldular.
Zabit Bayram Hüseynov tabeliyində olan bölmənin döyüş atışlı taktiki təlimindən danışdı: "Bu cür təlimlər ordumuzun döyüş qabiliyyətini  artırırmaqla yanaşı, şəxsi heyətin nəzəri və praktiki bacarıqlarının sınaqdan keçirilməsi üçün də vacibdir. Günün nizam qaydalarına uğun olaraq şəxsi heyət müxtəlif mövzularda keçirilən məşğələlərdə hərbi bilikləri mənimsəyir, təlim mərkəzlərində isə nəzəri cəhətdən öyrəndiklərini praktiki nümayiş etdirir. Komandir heyətimizin çoxu İkinci Qarabağ müharibəsinin və digər döyüş əməliyyatlarının iştirakçılarıdır. Gənclərimiz onların təcrübələrindən bəhrələnərək döyüş vərdişlərini daha da artırır, təlimlərdə əzmkarlıq nümayiş etdirir, döyüş tapşırıqlarını bacarıqla yerinə yetirirlər. Əminliklə demək olar ki, onların  hər biri istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə hazır və qadirdir".
Baş leytenant Əhməd Əliyev tankçıdır. Əhməd dedi ki, o da tabeliyində olan bölmə ilə təlimə cəlb olunub, tankçıların da qarşısında mühüm tapşırıqlar dayanır. Onların da arasında  44 günlük Vətən müharibəsinin və sonradan keçirilən hərbi əməliyyatların iştirakçıları var. Döyüşlərdə iştirak etməyən heyət üzvləri üçün onların döyüş təcrübələrini bir məktəb hesab etmək olar.
Leytenant Vüqar Hüseynov artilleriyaçıdır. Döyüş vəziyyətinə gətirilmiş topun yanında - öz mövqeyində dayanıb növbəti komandanı gözləyirdi. Heyət üzvləri isə topu tam döyüşə hazır vəziyyətdə saxlayıb, qurğunun ətrafında mövqe tutublar. Tuşlayıcı əsgər Canel Quliyev topu hədəfə tuşladıqdan sonra bir də nişangahın tarazlığını yoxladı və düzgünlüyünə tam əmin olduqdan sonra hədəfi məhv edəcəyindən əmin halda dayanıb çaxmağın çəkiləcəyi anı gözlədi. Anidən topdan alov qopdu, ətraf tozanaq oldu. Topun atəşindən sonra havaya qalxan toz-duman yavaş-yavaş yerə çökdü. Bir qədər sonra uzaqdan mərminin partlayış səsi eşidildi. Məlumat daxil oldu ki, atəş uğurla yerinə yetirilib və mərmi hədəfi dəqiq vurub.
Danılmaz faktdır ki, döyüş əməliyyatlarında artilleriyaçıların atəş dəstəyi qələbəni təmin edən mühüm amillərdəndir. Çünki artilleriya düşmənin vacib hədəflərini dəqiq vurmaqla  onu tam sıradan çıxarmış, yaxud onun əsas atəş dəstəyini zəiflətmiş olur ki, bu da piyada qoşunlarının hərəkətinə zəmin yaradır.

Şəxsi heyətin təminatları da yüksək səviyyədə idi

Artıq təlimin yekun mərhələsindəyik. Digər bölmələr kimi, təminat bölməsi də verilən tapşırıqları bacarıqla yerinə yetirdi. İstər döyüşdə, istərsə də təlimlərdə təminat məsələləri xüsusi diqqətdə saxlanılmalıdır. Onların da fəaliyyəti ilə yerində tanış olduq. Baş leytenant İsmayıl İsmayılov şəxsi heyətin döyüş sursatına, əşya, ərzaq və başqa təminatlarına cavabdehdir. Zabit hərbi hissədə olduğu kimi, çöl-səhra şəraitində də şəxsi heyətin digər vasitələrlə yanaşı yüksək kalorili yeməklərlə təmin olunduğunu dedi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elvin İbrahimov 8 ildən artıqdır ki, aşpaz kimi hərbi xidmətdədir. Vətən müharibəsi iştirakçısıdır. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Elvin döyüşçülərə səhra şəraitində yeməklər bişirib və vaxtında qaynar nöqtələrə çatdırıb. Onun üçün çöl təlimləri yenilik deyildi. Ona görə də çöl-səhra şəraitində Elvin üçün mətbəx açmaq, menyuda göstərilən yeməkləri keyfiyyətli hazırlamağın heç bir çətinliyi yoxdur.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları aşpazlar Məhərrəm Abbasov və Ceyhun Həsənov  şəxsi heyətə nahar hazırlayırdılar. Onlar da çöl şəraitinə uyğun bütün təminatlarla təmin olunduqları üçün xörəklərin bişirilməsində də heç bir çətinliklərinin olmadıqlarını dedilər.
Bəli, daha bir komando bölməsinin döyüş atışlı təliminin sonuna çatdıq. Komandolar döyüş atışlarını bitirdikdən sonra çadırlara döndülər. Silah, sursat, əşyalar yoxlanıldıqdan sonra onlar daimi dislokasiya yerinə dönəcəkdilər. Biz də onlara şərəfli xidmətlərində uğurlar arzulayıb təlim yerindən ayrıldıq.

Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"