AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətənpərvərlik sadəcə sözlə deyil, əməllə göstərilir, sübut olunur. Ömrünü hərbi peşəyə həsr edənlərin həyat və xidmət yolu bu sözün canlı təcəssümüdür. Bu yol Vətən yoludur, bu yol mərdlik, fədakarlıq yoludur. Hərbçilər üçün hərbi xidmət sadəcə bir vəzifə deyil, müqəddəs anddır, amaldır. Onların timsalında bir millətin qüruru, bir ordunun qüdrəti və bir xalqın ruhu vardır.
Belə hərbi qulluqçularımızdan biri ilə "N" hərbi hissəsində ezamiyyətdə olarkən tanış olduq. Zabit Nəsir Güləliyev Bakı şəhərində doğulub boya-başa çatıb. O, hələ kiçik yaşlarından hərbi sahəyə könül bağlayıb, yaşıdlarından vətənpərvərlik ruhu, liderlik qabiliyyəti, cəsarəti, nizam-intizamı və qətiyyəti ilə seçilib. Arzusu, xəyalı torpaqlarımızın keşiyində dayanmaq, ömrünü Vətənə həsr etmək olub. Elə bu amalla 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2003-2007-ci illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda "Artilleriya" ixtisası üzrə təhsil alıb. Hələ gənc yaşlarından N.Güləliyev yaxşı bilirdi ki, artilleriya döyüş meydanında sükutu pozan, düşmənin ən dərin nöqtələrini susduran əzəmətli qoşun növüdür. Əbəs yerə deyilməyib: "Artilleriya döyüş meydanının Tanrısıdır". Elə bu səbəbdən də təhsil aldığı illərdə ixtisasının sirlərini dərindən mənimsəyib. Çünki o da bilirdi ki, gec-tez düşmən işğalında olan torpaqlarımız azad olunacaq. O da, əməliyyatlar zamanı düşmənə gözdağı olan oğullarımızın sıralarında olacaq.
2007-2008-ci illərdə isə "Zabit ixtisas kursu"nu başa vuran N.Güləliyevin uşaqlıq arzusu - hərbçi olmaq, Vətənin keşiyində dayanmaq xəyalı artıq gerçəkləşir. Gənc zabit kimi Azərbaycan Ordusunun bölmələrindən birində xidmətə başlayır. O, ilk günlərdən komandir və əsgər heyətinin rəğbətini qazanır. Davranışı, məsuliyyəti, nizam-intizamı onu fərqləndirən əsas xüsusiyyətlərdən olur. Seçdiyi ixtisasın incəliklərini praktiki məşğələlərdə və təlim çalışmalarında daha da təkmilləşdirir.
2016-cı ilin Aprel ayı… Azərbaycan tarixinin unudulmaz günləri. Zabitimiz həmin günlərdə artıq formalaşmış, yüksək hazırlığa malik bir hərbi qulluqçu, artilleriyaçı kimi Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatında iştirak edir. Bölmələrimiz tərəfindən həyata keçirilən cavab tədbirləri, atılan mərmi yalnız düşməni məhv etmədi, həm də uzun illər susdurulmuş ədalətin qapısını açdı. Hər bir mərmi atışı düşmənə xitabən deyirdi: "Bu torpaqlar azad olunacaq, Azərbaycan işğalla heç vaxt barışmayacaq, qisas qiyamətə qalmayacaq, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunacaq!". Böyük Zəfərə aparan yolun əsas başlanğıcı olan Aprel döyüşləri nəticəsində, işğal altındakı strateji yüksəkliklər azad edildi, xalqımızın torpaqlarımızın azad ediləcəyinə olan inamı daha da artdı. 44 günlük Vətən müharibəsi və sonrakı digər uğurlu əməliyyatlarda hərbi qulluqçularımız şücaət və rəşadət göstərərək bu inamı doğrultdular, tarixi yurd yerlərimiz işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.
Xidmət müddətində bir sıra medallarla təltif olunan hərbi qulluqçumuz bu gün də hərbin sirlərinə dərindən yiyələnir, öz bilik və bacarıqlarını daha da təkmilləşdirir. 2024-2025-ci illərdə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda keçirilən "Qərargah zabiti kursu"nda iştirak edən N.Güləliyev öz peşəkarlığını daha da artırıb.
Zabit N.Güləliyevlə xidmət yerində görüşüb düşüncələrini qələmə aldıq. Peşəkar baş zabit dövlət quruculuğunun mühüm tərkib hissəsi olan ordumuzun, xalqımızın iftixar yeri, müstəqilliyimizin qarantı olduğunu vurğulayaraq dedi: "Ulu Öndər Heydər Əliyevin banisi olduğu rəşadətli ordumuz onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində regionun ən güclüsüdür. Ölkəmizdə ordu quruculuğu istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir, ordumuzun döyüş qabiliyyəti daha da artırılır. Dünyanın güclü orduları sırasında olan Azərbaycan Ordusunun arsenalı ən müasir silah və döyüş texnikaları ilə zənginləşdirilir. Müasir artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları və digər qurğular Azərbaycan Ordusunun qoşun növlərinin silahlanmasında yer alır".
Sözlərinə davam edən zabit ordumuzun bütün bölmələrində döyüş hazırlığının artırılması, şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərin bu gün də davam etdirildiyini bildirdi. Bölmələrdə plana uyğun olaraq bütün təlim və məşğələlərin yüksək səviyyədə keçirildiyini, hərbi xidmətə gələn gənclərin bacarıqlı, yüksək hazırlıqlı əsgərlər kimi formalaşdıqlarını qeyd etdi. "Ordumuzun müxtəlif qoşun növlərində və bölmələrində mütəmadi keçirilən təlimlər onun göstəricisidir ki, ordu quruculuğunda atılan hər addım döyüş qabiliyyətinin artırılmasına istiqamətlənir. Məhz bunun nəticəsidir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə beş il əvvəl yeni bir tarix yazıldı. Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması uğrunda öz müqəddəs missiyasını layiqincə icra etdi. "Təlimdə tər, döyüşdə zəfər". Bu dəyərli sözləri Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində uğurla sınaqdan keçirdi. Digər qoşun növlərimiz kimi, artilleriya bölmələrimiz də əməliyyatlar zamanı qarşıya qoyulan döyüş tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirərək qələbənin qazanılmasında pay sahibi oldular. Bu gün hər birimiz qürurla və inamla deyə bilirik ki, ölkəmizin sərhədlərini havadan, qurudan, dənizdən qətiyyətlə qoruya bilən qüdrətli və yenilməz ordumuz var".
Zabit N.Güləliyev, həmçinin bildirdi ki, qazandığı nəzəri bilikləri xidmət yerində tətbiq edərək şəxsi heyətin döyüş hazırlığının daha da artırılmasında öz töhfələrini verir. Zabit layiqli xidməti ilə yanaşı, həm də ordu üzrə keçirilən təkmilləşdirmə kurslarında, yarışlarda iştirak edərək bilik və bacarıqlarını daha da möhkəmləndirir. O, Əlahiddə Ümumqoşun Ordu üzrə keçirilən "Ən yaxşı divizion komandiri" yarışında ən yüksək nəticə əldə edib. "Bu yarışda tabor (divizion) komandirlərinin ixtisasları üzrə nəzəri bilikləri, praktiki bacarıqları, fiziki hazırlıqları, eləcə də döyüşü idarəetmə üzrə qabiliyyəti yoxlanıldı. Eyni zamanda, zabit heyətinin döyüş zamanı bölmələri idarəetmə bacarıqları da qiymətləndirildi. Ümumi nəticələrə əsasən, ən yaxşı divizion komandiri adına layiq görüldüm. Bu uğur Vətənə sonsuz məhəbbətin, hərb peşəsinə ürəkdən bağlılığın, əzmkarlığın və illərlə öz üzərində çalışmağın, zəhmətin nəticəsi idi", - dedi peşəkar zabitimiz.
Zabit N.Güləliyev və onun kimi ömrünü hərbi sahəyə həsr etmiş minlərlə peşəkar hərbi qulluqçumuz sayəsində ordumuzun döyüş hazırlığı günü-gündən daha da artır. Rəşadətli ordusuna, cəsur hərbi qulluqçularına sonsuz güvənən xalqımız da bu gün qalib xalq kimi yaşayır, çiçəklənən sabahlarımıza ümidlə baxır. Bu gün güvənc yerimiz, qürur mənbəyimiz olan ordumuz və sələflərinin yolunu layiqincə davam etdirən peşəkar hərbi qulluqçularımız var olduğu müddətcə Azərbaycan xalqı hər zaman qalib xalq olaraq yaşayacaqdır.
Elçin İMANOV
"Azərbaycan Ordusu"