AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi Dəniz Qüvvələri və yaxud Hərbi Dəniz Donanması - hər bir dövlətin su hövzələrindəki suverenliyini qorumaq, təhlükəsizliyini təmin etmək, xarici təsir qüvvələri tərəfindən yarana biləcək təhdidlərin qarşısını almaq və digər qeyri-müsbət hallara qarşı mübarizə aparmaq məqsədilə təşkil edilmiş, təsnifləşdirilmiş qoşun növüdür. HDQ, həmçinin dəniz hövzələrində beynəlxalq sülhün, dəniz ticarətinin müdafiəsində və sularda humanitar fəaliyyətlərin təhlükəsizliyində əsas qüvvə sahibidir.
Hərbi Dəniz Qüvvələri və ya Donanma anlayışı hələ qədim tarixdən formalaşıb. Belə ki, qədim Misir, Yunanıstan, Roma imperiyalarında və vikinqlərin dəniz donanmaları tarixin gedişatına təsir edən mühüm faktorlardan olub. Təbii ki, o zamanlar dövrünə görə döyüş və yükdaşıma gəmiləri yelkənli və avarlı olurdu. Daha sonra, dövr dəyişdikcə dəniz donanmaları güclü hərbi qüvvə olaraq formalaşmağa başladı. Orta əsr və sonrakı dövrlərdə aparıcı Avropa imperiyaları (İngiltərə, İspaniya, Osmanlı, Fransa və s.) öz təsir dairəsini genişləndirmək, əraziləri qorumaq üçün güclü donanmaya sahib olmağın vacibliyini dərk edirdilər. Həmin dövrlərdə Vikinqlər hazırladıqları uzun gəmilərlə Avropa sahillərinə hücumlar edərək, dənizdə çevik taktikalar tətbiq etməklə, öz adlarını dəniz donanması tarixində əbədiləşdirməyi bacarmışdılar. Bunlardan əlavə, Osmanlı imperiyası da Aralıq dənizində güclü donanmalar quraraq ticarət yollarına nəzarət edirdi. Osmanlı donanmasından danışarkən, XVI əsri xüsusi qeyd etmək lazımdır ki, bu dövrdə Xeyrəddin Barbarossa (Barbaros Xeyrəddin Paşa və ya Xızır Xeyrəddin Paşa) türk tarixinin ilk admiralı olmaqla, Türk dövlətini də "dənizlər hakimi" olaraq tarixləşdirmişdi. Maraqlı faktı da qeyd etmək yerinə düşərdi ki, məşhur Osmanlı donanmasının həmin dövrdəki bayrağı bu gün qardaş Türkiyənin bayrağına bənzəyirdi.
Müasir dövrdə HDQ-lər daha böyük əhəmiyyət daşımağa başladı. Belə ki, ABŞ, Almaniya, Rusiya və digər dövlətlərdə sualtı qayıqların, aviadaşıyıcıların meydana gəlməsi ilə buxar və nüvə mühərrikli gəmilər də meydana çıxmağa başladı. Texnologiya dövründə isə nüvə silahları daşıyan sualtı qayıqlar, dron gəmilər, pilotsuz sualtı aparatlar və lazerlə təchiz olunmuş hərbi dəniz texnologiyaları yarandı. Günümüzdə Hərbi Dəniz Qüvvələri təkcə döyüş aparmaq üçün deyil, dövlətlərin strateji güc nümayişi olmaqla yanaşı, nüvə gücünun də qorunub saxlanıldığı bir platformadır. Həmçinin Amfibiya əməliyyatları zamanı dənizdən quruya dəstək fəaliyyətlərinin göstərilməsi, Xüsusi Təyinatlı Qüvvələrin yerləşdirilməsi, daşınması və döyüş bölgələrinə çevik müdaxilə etməsində də ölkənin HDQ aparıcı funksiya göstərən sahədir. Sadalananlardan savayı aviadaşıyıcılar üzərində çoxlu döyüş təyyarəsi və helikopterlər daşımaqla, operativliyi, təxirəsalınmazlığı həmçinin küllü miqdarda vəsait, zaman qənaətini özündə ehtiva edir. Maraqlı faktlardan biri də ABŞ-ın Gerald R.Ford atom mühərrikli aviadaşıyıcısının 70-dən çox aviasiya vasitəsini daşımağa malik olmasıdır. Qırıcı və freqatlar hava hücumlarına, sualtı və suüstü təhdidlərə qarşı istifadə olunan çoxməqsədli gəmilərdir. Sualtı qayıqları isə gözəgörünməzlik və gizlilik məqsədli, aşkar olunması çətin olan sakit qayıqlar hesab olunur. HDQ-lər müasir dövrdə PUA-ları və pilotsuz dəniz vasitələrini də döyüşdə istifadə edə bilir.
Bu gün bizə yaxın olan qardaş Türkiyə, Pakistan və İtaliya respublikaları ümumdünya Hərbi Dəniz Qüvvələrinin güc göstəricisi statistikasına görə ön sıralardadır. Əməkdaşlıq çərçivəsində ölkələrimiz arasında bu sahədə vacib görüşlər keçirilir, perspektiv mövzular müzakirə edilir, Azərbaycan HDQ-nin dövrün tələbləri çərçivəsində qurulmasına yönəlik fəaliyyətlər bu gün də artan xətlə davam etdirilir.
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi ötən əsrin əvvəlləri, daha dəqiqliyi ilə desək, 1918-1919-cu illərə təsadüf edir. Belə ki, həmin dövrlərdə ingilislər Azərbaycanı tərk etdikdən sonra HDQ-miz formalaşmağa başladı. O dövrə qədər, Xəzər dənizinin qərb sahillərində müdafiə və mühafizə ingilis hərbi gəmiləri tərəfindən təşkil olunurdu. Sovet dönəmində “Qırmızı Donanma” adlandırılan Hərbi Dəniz Qüvvələrimizin təşəkkül tapması isə müstəqillik əldə olunduğu dövrdən sonra başlayır. Müstəqillik qazanıldığı dövrdən sonra Azərbaycan Respublikası Parlamentinin 1991-ci il oktyabrın 9-da qəbul etdiyi "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" Qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası təsdiq edilib. Müstəqilliyini əldə etmiş Xəzəryanı dövlətlərlə (Rusiya, Qazaxıstan, Türkmənistan) birgə əldə olunan razılaşmaya əsasən, Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25 faiz hərbi gəmilərinə sahib olub.
Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri ölkənin silahlı qüvvələrinin xüsusi bir hissəsini təşkil etməklə, Xəzər dənizinin Azərbaycana aid ərazi sularında onun suverenliyi, iqtisadi maraqları və təhlükəsizliyi təmin etmək məqsədilə fəaliyyətdədir. Azərbaycan HDQ-nin yaranma tarixi ötən əsrin əvvəllərinə təsadüf etsə də, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə bu iş də tamamlanmamış olaraq qalmışdı. 1992-ci ildə donanmamızın gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın Dövlət Bayrağı qaldırıldı və bununla da Azərbaycan öz müstəqil HDQ-ni yaratdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1996-cı ildə imzaladığı müvafiq Fərmana əsasən, hər il avqustun 5-i ölkədə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur.
Yarandığı dövrdən bu günümüzə qədər HDQ-miz həm regional, həm də milli səviyyədə sülhün təminatçısı olaraq, öz strateji əhəmiyyətini qoruyub saxlamaqdadır. Azərbaycanın milli maraqlarının qorunması, iqtisadi fəaliyyətin təhlükəsiz aparılması, enerji və digər mühüm təyinatlı infrastruktur obyektlərinə (platformalar, boru xətləri və s.) nəzarət olunması və digər dəniz təyinatlı tapşırıqların icrasından savayı, naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyətlərinin təşkilində Hərbi Dəniz Qüvvələrimizin misilsiz xidmətləri vardır. Əminliklə demək mümkündür ki, gənc olmasına baxmayaraq, Azərbaycanın Hərbi Dəniz Qüvvələri imkanlarına və üzərinə düşən məsuliyyətə görə Xəzər dənizində güclü və əhəmiyyətli donanmalar sırasındadır.
Azərbaycan HDQ-dən danışarkən dəniz xüsusi təyinatlılarımızı da mütləq qeyd etməliyik. Əsasən qardaş Türkiyə Respublikasında, ABŞ, İtaliya, Gürcüstan və digər ölkələrdə keçirilən kurslarda, təlimlərdə iştirak edən hərbi dənizçilərimiz öz ixtisas biliklərini daha da təkmilləşdirmişdir. Dünyanın aparıcı dəniz donanmalarına malik ölkələri ilə birgə aparılan qarşılıqlı əməkdaşlıq nəticəsində Hərbi Dəniz Qüvvələri üçün zabit kadrlarının hazırlanması, nəzəri və praktiki ixtisas metodikasının mənimsənilməsi bu gün də təmin edilir. Təlim, məşq, kurslarda peşəkarlaşan təcrübə mübadiləsi aparan dəniz xüsusi təyinatlılarımız Azərbaycan Respublikasının ərazi bütövlüyünə yönəlik istənilən təxribatın qarşısını həm dənizdən, həm də qurudan almağa qadirdir.
HDQ-miz hələ təzə formalaşdığı dövrdə Dəniz Piyada Taborunu komplektləşdirib, cəbhəyə göndərib. Adıçəkilən bölmənin şəxsi heyəti Birinci Qarabağ müharibəsi zamanı Ağdam-Tərtər istiqamətində gedən döyüşlərdə şücaətlə iştirak edib, düşmən hücumlarının qarşısını almaqla, üzərinə düşən tapşırıqları uğurla yerinə yetirib. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsi zamanı da Dəniz Xüsusi Təyinatlılarının sərgilədiyi igidlik, fədakarlıq, əzmkarlıq və vətənpərvərlik Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı və Şuşa şəhərlərimizin işğalçılardan azad edilməsində mühüm faktorlardan olub. Məhz Dəniz Xüsusi Təyinatlılarımızın göstərdiyi misilsiz şücaətin nəticəsi idi ki, 2020-ci il oktyabrın 25-də Qubadlı rayonunun işğaldan azad edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə videogörüntü məruzəsini məhz Hərbi Dəniz Qüvvələri Xüsusi Təyinatlılarının komandiri etdi. İkinci Qarabağ müharibəsi zamanı dəniz xüsusi təyinatlılarımızın sırasında 9 hərbi qulluqçumuz şəhadət məqamına yüksəlib. Hərbi Dəniz Qüvvələrimizin sıralarından 2 hərbi qulluqçu "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif olunub, şəxsi heyət müxtəlif orden və medallara layiq görülüb.
Bu gün də Hərbi Dəniz Qüvvələrimizin Xüsusi Təyinatlıları xüsusi hərbi dəniz əməliyyatlarının aparılması, axtarış-xilasetmə tədbirlərinin təşkil olunması, dənizin minadan təmizlənmə fəaliyyətlərinin görülməsi, sualtı və suüstü əməliyyatlarda iştirak edərək öz nəzəri və praktiki bacarıqlarını daha da artırırlar. Ordu quruculuğunda Türkiyə modelinin ordumuza inteqrasiyası istiqamətində hərbi qulluqçularımız həm Azərbaycanda, həm də qardaş ölkədə təşkil olunan müxtəlif ixtisas kurslarında iştirak edir, o cümlədən keçirilən beynəlxalq təlim və tədbirlərdə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarırlar. Şəxsi heyətin müxtəlif təyinatlı təlim və yarışlarda iştirakı müşahidəçilər və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Keçirilən tədbirlər hərbi əməkdaşlığın, hərbi qulluqçular arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə də xidmət edir.
Yarandığı gündən bu günədək Azərbaycan Respublikasının HDQ həm Ulu Öndər Heydər Əliyevin, həm də onun siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatələnib. 2015-ci ildə Hərbi Dəniz Qüvvələrimizin yeni hərbi bazasının açılış mərasimində iştirak edən dövlət başçımız şəxsi heyətin qarşısında çıxış edərək demişdi: "Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaqdır", fikri Azərbaycan HDQ-nin əhəmiyyətini bir daha təsdiq edir. Bu gün Hərbi Dəniz Qüvvələrimiz Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Dəniz Təhlükəsizliyi Strategiyasının tələblərinə uyğun fəaliyyət göstərir. Dünyanın aparıcı müdafiə sənayesinə malik və güclü hərbi dəniz donanmasına sahib ölkələri ilə həyata keçirilən əməkdaşlıqlar çərçivəsində modern texnologiyaların əldə olunması, müasir müşahidə, kəşfiyyat və rabitə sistemlərinin alınması məqsədilə işlər görülür, perspektivlə bağlı işçi görüşləri keçirilir.
Son illər baş verən silahlı hadisələr HDQ tarixində də yeni səhifələr açdı. Bu bir daha sübut etdi ki, müasir dövrün hərbi dəniz donanması anlayışı sadəcə güc mənbəyi deyil, siyasi təsir və texnoloji üstünlük deməkdir.
Bütün bunlara baxmayaraq baş verən qlobal toqquşmalar fonunda Xəzər dənizinin əhəmiyyəti sülh və firavanlığa olan inamı artırır. Bu müqəddəs vəzifənin icrasında isə Azərbaycan Hərbi Dəniz Qüvvələri də Xəzər dənizinin sülh carçısı olaraq çıxış edir.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"