Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2025 15:59

Dostluq ən gözəl dayanacaqdı!..

Yeniyetməliyində atasından eşitdiyi bir kəlamı ata sevgisində də, həyat fəlsəfəsində də sədaqətlə yaşadıb: "Dünyanın ən gözəl, ən ürəyəyatımlı, cəmiyyət üçün ən gərəkli dayanacağı dostluq dayanacağıdı". Orta məktəbi də bu düşüncə ilə bitirdi, bu amalla çağırışcı yaşına çatdı, bu düşüncənin zəmanəti ilə hərbi xidmətə getdi. Əsgər Vəli Mustafayevin hərbi xidmətinin ilk səhəri bu düşüncələrlə açıldı.
Qazax rayonunun Qazaxbəyli kəndində anadan olan Vəli, boya-başa çatdığı kənd də orta təhsil alıb. Atası Abbasəli hərbçi olub, Birinci Qarabağ müharibəsinin, Vətən müharibəsinin, antiterror əməliyyatının iştirakçısıdır. Mayor hərbi rütbəsində bu döyüş əməliyyatlarının iştirakçısı kimi döyüşlərin zəfərlə tamamlanmasının cəfakeşi olub. Vəli atasının döyüş xatirələrini dərsliklərdən kənar tarix dərsləri kimi dinləyib. O illərdə mühəndis olmaq istəyib. Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub, təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib, indi müddətli həqiqi hərbi xidmətdədir. Tələbə olanda mühəndis olmaq niyyətiylə təhsil alan Vəli, zabit olmaq niyyətindədir.
Bu hərbi hissədə üç əsgər, bir dostluq dünyasının nəhayətsizliyində elə gözəl çulğalaşıb ki, bütövlüyü göz doydurur, könül açır.
Əsgər Aqil Tağıyev Ağdam rayonundandır. Ağdam adlı bir dünyaya sevgisi   düşüncələrində atasının söhbətləri ilə formalaşıbdı. Əsgər Bəxtiyar Qurbanov Bakı şəhərindəndir.
Üç əsgər-üç dost. Üç dünya-Azərbaycan adlı bir dünyanın sevgi zərrələrindən biri. Asudə vaxtlarında nədən danışırlar? Hərbi xidmətdən, Vətəndən, Vətənə sevginin nəhayətsizliyindən, ordumuzun qüdrətindən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən və bir də dünyanın ən gözəl dayanacağı olan dostluqdan. Söz-sözə söykək olur, söz-sözü çəkir. Hərbi hissədə hər üç əsgərin nümunəvi xidmət etdiyini dedilər. Vəli də, Bəxtiyar da deyirlər ki, Vəlinin könlündən, Bəxtiyarın könlündən Aqilin könlünə ruh yolu varsa, Qazaxdan Bakıya, Bakıdan Ağdama ruh yolu var. Ağdam da bizimdi, Aqil. Ağdam dostluğumuzun şəhəri biçimində gözəlləşəcək! 
Mənə elə gəldi ki, gözəl dostluq hərbi xidməti də gözəlləşdirir. 
Əsgərlər mənəvi dünyanı dostluq dünyasının dan ulduzu adlandırırlar. "Bu dostluğun işığı heç zaman azalmayacaq" (əsgər Vəli Mustafayev), "Mənə elə gəlir ki, əsgər dostluğu ömür yolunun başlanğıcıdı" (əsgər Aqil Tağıyev), "Biz varıq, biz sənə layiq əsgərlərik, sənə layiq əsgər dostluğumuz var, Vətən!" (əsgər Bəxtiyar Qurbanov) - gözəl duyğular haqqında gözəl düşüncələrdir.
Əsgərlərin əsgər dostluğunu ən gözəl dayanacaq adlandırır, Vətən!..

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"