Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2025 15:59

General-mayor Mirkazım bəy Talışxanov

Mirkazım bəy Mirəlixan oğlu Talışxanov 1855-ci il iyulun 17-də Bakıda anadan olub. Atası Mirəlixan Talışxanov da hərbçi olub, orduda uzun illər xidmət etdikdən sonra "ştabs-kapitan" rütbəsində, hərbi geyimi daşımaqla və yüksək təqaüd təminatı ilə ordudan istefaya çıxıb. Mirkazım bəyin özündən kiçik qardaşları - Mirəsəd bəy Talışxanov, Xəlil bəy Talışxanov və Mirməmmədhəsən bəy Talışxanov da hərbçi olublar və hər üçü "general-mayor" rütbəsinə yüksəlib.
İlk təhsilini Lənkəranın üçsinifli gimnaziyasında alan Mirkazım bəy sonradan ailəsi ilə birlikdə Bakıya köçüb, burada “Realnı” məktəbinin tam kursunu bitirib. Atasının hərbi sənətini davam etdirən Mirkazım bəy 1876-cı ildə Tiflisdə yerləşən ikinci dərəcəli Konstantin Yunkerlər Hərbi məktəbini bitirdikdən sonra 16-cı Qrenadyor Minqrel alayında xidmətə başlayıb. Cəmi birillik xidmətdən sonra ona "unter-zabit" rütbəsi verilib. 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi başlananda 16-cı Qrenadyor Minqrel alayında xidmət edən Mirkazım bəy Talışxanov döyüşən ordu sıralarında cəbhəyə gedib. Aleksandropol hərbi əməliyyat rayonunda göstərdiyi qəhrəmanlığa görə Mirkazım bəy Talışxanov tünd bürünc medalla təltif olunub. Xidmətdə fərqləndiyinə görə 1882-ci il iyunun 26-da "podporuçik", 1883-cü il martın 8-də isə ona "poruçik" rütbəsi verilib.
Orduda əla və qüsursuz xidmət edən Mirkazım bəy hərbi "pillələri" çox sürətlə keçib. 1882-ci ilə aid bir arxiv sənədində qeyd olunub ki, Mirkazım bəy əla atıcı olduğuna görə avqustun 26-da birinci dərəcəli atıcı kimi təltif edilib və 74 rubl pulla mükafatlandırılıb. 
Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin olunan Mirkazım bəy Talışxanova 24 avqust 1886-cı ildə "ştabs-kapitan" rütbəsi verilib.
1884-1889-cu illərdə Tiflisdəki yunkerlər məktəbində yaradılmış məhkəmənin katibi olub. 1889-cu il avqustun 12-də həmin məktəbdə kvartirmeyster (kvartirmeyster - Rusiya ordusunda təchizat, daşınma, yerləşdirmə və digər təminat xidmətlərini həyata keçirən bir vəzifə) vəzifəsinə təyin edilib.
1891-ci ilin yanvarında ştabs-kapitan M.Talışxanov vaxtilə xidmət etdiyi Qrenadyor Minqrel alayına qaytarılıb və 13-cü bölüyün komandiri vəzifəsinə təsdiq edilib. Xidmətdə fərqləndiyinə görə o, 25 mart 1894-cü ildə "kapitan" rütbəsinə layiq görülüb.
Əla xidmətinə görə 1899-cu il fevralın 26-da ona "podpolkovnik" rütbəsi verilib və 119-cu Kolomnsk piyada alayına göndərilib. 1900-cü il mayın 15-də həmin alayın 1-ci batalyonunun komandiri təyin edilib. 
Yüksək hərbi təcrübəyə malik podpolkovnik Mirkazım bəy Talışxanov xidmətində və səhra məşqlərində həmişə fərqləndiyinə görə onun xidmət yerini tez-tez dəyişiblər. Bacarıqlı və peşəkar komandir kimi onu "axsayan" bölük və taborlara komandir təyin ediblər.
Polkovnik Talışxanov 1901-ci ilin dekabrında öz xahişi ilə 82-ci Dağıstan piyada alayının 21-ci piyada diviziyasına göndərilib. 1902-ci il avqustun 6-da alayın 1-ci batalyonunun komandiri təyin edilib. 1903-cü ildə Qafqaz Hərbi Dairəsinin 270 nömrəli əmri ilə Hərbi Dairə məhkəməsinə üzv olub.
1904-cü ilin sentyabrında 206-cı Larqo-Katulski ehtiyat piyada alayının 3-cü batalyonunun, 1904-1906-cı illərdə isə 55-ci ehtiyat piyada batalyonunun, 1906-cı ildə 82-ci Dağıstan piyada alayının 1-ci taborunun, 1907-ci ildə 222-ci ehtiyat Şatski alayının xüsusi batalyonunun, 1909-cu ildə 250-ci Axulqinski ehtiyat batalyonunun, 1910-cu ildə isə 3-cü Sibir Atıcı Alayının 1-ci atıcı diviziyasının komandiri olub.
1915-ci ildə orduda uzun illər qüsursuz xidmətinə görə ali sərəncamla ona "general-mayor" rütbəsi verilib.
General-mayor Mirkazım xan Talışxanov 1916-cı ildə geyim forması və təqaüd hüququ saxlanılmaqla yaş məhdudiyyətinə görə ordudan tərxis edildikdən sonra Tiflisə qayıdaraq, ailəsi ilə birgə Velikoknyajeskay küçəsi (sonralar Dmitri Uznadze küçəsi adlanıb), ev 80 ünvanında yaşayıb.
1917-ci ilin dekabrın əvvəllərində Qafqaz Cəbhəsinin Qərargahı ayrı-ayrı hissələrin milliləşdirilməsini təklif edir. İlk növbədə, Yelizavetpolda yerləşən 219-cu ehtiyat piyada alayının əsasında Müsəlman Korpusu yaradılmalı idi. Zaqafqaziya Hərbi Komissarlığı bu təklifi dəstəkləyir və 1917-ci il dekabrın 18-də gürcü, erməni, müsəlman (Azərbaycan) və rus korpuslarının yaradılması haqqında fərman verir və gözlənildiyi kimi, Qafqaz cəbhəsini tərk edən rus ordusunu yeni yaradılan bu hissələr əvəz etməli idi. Qafqaz Cəbhəsi qoşunlarının baş komandanı general M.A.Prjevalskinin 11 dekabr 1917-ci il tarixli 155 nömrəli əmri ilə Müsəlman Korpusunun (komandiri general-leytenant Əlağa Şıxlinski) yaradılmasına başlanılır. Həmin vaxt Tiflisdə yaşayan, istefada olan general-mayor Mirkazım bəy Talışxanov eyni rütbə ilə yenidən hərbi xidmətə çağırılaraq Müsəlman Korpusunun formalaşmaqda olan 1-ci piyada diviziyasına (1918-ci il iyunun 26-dan Əlahiddə Azərbaycan Korpusuna) komandir təyin edilir.
O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Lənkəran qəzasının inspektoru vəzifəsində çalışıb.
Xidməti müddətində göstərdiyi şücaətlərə, əldə etdiyi nailiyyətlərə, yüksək komandirlik bacarıqlarına və əla xidmətinə görə bir çox orden və medallara layiq görülüb. Bunlardan "1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin xatirəsinə" medalını (1878), üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordenini (1889), üçüncü dərəcəli "Müqəddəs Anna" ordenini (1896), "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" medalını (1896), ikinci dərəcəli "Müqəddəs Stanislav" ordenini (1904) qeyd etmək olar.
Topoqrafiya üzrə mütəxəssis general-mayor İbrahim ağa Vəkilovla yaxın dost olan Mirkazım bəy istefaya çıxandan sonra Tiflisdəki Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində onunla birgə fəaliyyət göstərib. Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə Mirkazım bəy Talışxanov olub. 
Sonralar bu səmimi dostluq qohumluğa çevrilib. İbrahim ağa Vəkilovun böyük oğlu Faris, Mirkazım bəy Talışxanovun qızı Liyabəyimlə ailə həyatı qurub.
Mirkazım bəy 1888-ci ildə Məsumə xanımla ailə qurub. Məsumə Yadigarova Zaqafqaziya Qadın Xeyriyyə Cəmiyyətinin üzvü olub. O, general-leytenant İsrafil bəy Yadigarovun qardaşı, Qafqaz canişinliyində 35 ildən çox xidmət etmiş Ağa bəy Yadigarovun qızı idi. Məsumə xanım 1923-cü ildə repressiyanın qurbanı olub.
Böyük qızı Sarabəyim xanım Talışinskaya (Xürrəmoviç) 7 fevral 1890-cı ildə anadan olub. Hacı Zeynalabdin Tağıyevin açdığı qızlar məktəbində oxuyub. O, inqilabdan əvvəl Kiyev Universitetinin hüquq fakültəsini bitirib. 1917-ci ildə Bakıda keçirilmiş Zaqafqaziya Müsəlmanları Qurultayının nümayəndəsi və çıxışçısı olub. 1976-cı ilin fevralında Bakıda vəfat edib. 
1891-ci il fevralın 8-də anadan olan ikinci qızı Liyabəyim xanım Tiflis qadın gimnaziyasını qızıl medalla bitirib, Tiflis müsəlman məktəbində müəllim işləyib. General-mayor İbrahim ağa Vəkilovun oğlu Faris bəy Vəkilovun həyat yoldaşı olub. 1920-ci ildən sonra həyat yoldaşı Faris bəylə Fransada mühacirətdə yaşayıb. Vətənə qayıtdıqdan sonra Cəlil Məmmədquluzadə, Əbülhəsən, Mehdi Hüseyn, Mir Cəlal, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, Süleyman Rəhimov və başqa yazıçıların əsərlərini rus dilinə tərcümə edib. 1943-cü ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub. Ədəbi ictimaiyyətdə və pedaqoji sahədə görkəmli mütəxəssis kimi tanınan Liyabəyim Vəkilova 1965-ci il fevralın 19-da Bakıda vəfat edib.
Üçüncü qızı Züleyxabəyim xanım 1892-ci il avqustun 3-də, oğlu Mirəlixan Talışxanov 1895-ci il sentyabrın 9-da anadan olub. 
Görkəmli hərb xadimi general-mayor Mirkazım bəy Talışxanov 1938-ci ildə 84 yaşında Bakıda vəfat edib.

"Azərbaycan Ordusu"