AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Orta əsrlərə kimi dövlət başçısı həm də sərkərdə olurdu. Dövlətçilik bacarığı, güclü hərbi təxəyyül hərbi qarşıdurmalarda - hücumlarda, müdafiələrdə döyüşün gedişini müəyyənləşdirirdi. Təbii ki, güclü ordu bu amillər də olmaqla qalib gəlirdi. Dövlət bu cür tanınırdı, güclənirdi, sərhədlərini bu şəkildə genişləndirirdi...
Azərbaycanın dövlətçilik tarixində belə tarixi şəxsiyyətlər çox olub. Onlardan biri də Şeyx Heydər oğlu İsmayıl (Şah İsmayıl Xətai) olub. XV əsrin sonları, XVI əsrin əvvəllərində dünya hərbi qüdrətin bu ünvanını tanımağa başladı. Gördü ki, 12-13 yaşlı uşaq ulu babasının yaratdığı təriqəti dövlətçilik mübarizəsinə çevirə bildi. 7 nəfər hamisi ilə Azərbaycan dövlətçiliyinin cəfakeşi oldu.
XVIII əsrdə sözü eşidilən filosof-siyasətçi K.Marks yazırdı: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi". İki yüz ilə yaxındır ki, dünya bu fikirlərin işığını qorumaqdadı. Bu fikirlər xatırlanırsa, Azərbaycan dövlətçiliyinin tarixinə ehtiram qorunur. Həm də zamanında dünyanın bel kəməri olmuş siyasəti ilə Səfəvilər dövləti!..
Hər xalq dövlət yarada bilməyib. Yaratsa da çoxusu iri dövlətlərin asılılığına düşüb, dövlətçiliyini itirib. Azərbaycanın hərb tarixi dövlətçilik tarixindən daha qədimdir. Hərb tarixi də dövlətçilik tarixi səviyyəsində qüdrətlidir. Hadisələr təsdiqləyir ki, hərb tarixinin qüdrəti bilavasitə dövlətçiliyi yaşatmaq deməkdir.
12 yaşlı bir uşağın (ruhun məni bağışlasın, Şeyx baba!) dünyanın nizamını dəyişdirə biləcəyinə o vaxtlar inananlar olub.
İnananlar - qızılbaşlar da, hələ əli qılınca yatmayanlar da ona şahım deyib. Heydər oğlu İsmayıl şah İsmayıl olub.
Şeyx Səfiəddinlə başlayan nəsilin nüfuzu getdikcə artırdı. Bundan narahat olan Ağqoyunlular Şeyx Heydəri qəddarlıqla öldürmüşdü. İsmayılın anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Hakimiyyətə gəlişlərinin qarşısını almaq üçün onu iki oğlu - İbrahim və balaca İsmayıl ilə birlikdə İstəxr qalasındakı həbsxanaya salmışdılar. Ağqoyunlu hökmdarı Sultan Yaqub öldürüldükdən sonra dolaşığa düşmüş siyasi çəkişmələr başladı. Rüstəm Mirzə Səfəvilərdən istifadə etmək üçün Şeyx Heydərin həyat yoldaşı Aləmşah bəyimi və oğullarını həbsdən azad etdi. Sonralar bunun peşmançılığını çəkmişdi...
İsmayıl Şeyx Heydər oğlunun təhsili, tərbiyəsi, həm şəxsiyyət kimi, həm döyüşçü kimi, həm sərkərdə kimi, həm də şah kimi formalaşması Gilan hakimi Həsən xanın himayəsi ilə gedirdi. Bunun məsuliyyəti Lələ Hüseyn bəyə tapşırılmışdı. Yeniyetmə sərkərdə, yeniyetmə dövlət xadimi "gözlərdən uzaqda" belə böyüyürdü, belə püxtələşirdi...
Şah İsmayılın yaratdığı və formalaşdırdığı hərəkat əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı, sonralar bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və digər tayfaları birləşdirmişdi. Bu hərəkatda talışlar da vardı. Bu birlik silahla əqidənin ayrılmaz birliyi idi. Silah, qılınc əqidənin kəsəri idi.
Tədqiqatçılar əmindir ki, Şeyx Heydər oğlu İsmayılın yaratdığı böyük dövlətin - Səfəvilər dövlətinin adı şəcərənin başlanğıcı olan Şeyx Səfiəddinin adı ilə bağlıdır. Dövlət adını əqidənin yaradıcısının adından götürüb.
İsmayıl bilirdi ki, yaranmaqda olan dövlət ciddi bir ideologiyaya əsaslanmalıdır. Qüdrətli təfəkkürə malik olan 13 yaşlı sərkərdə qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiyada əqidə, amal, məfkurə ahənrübalığı vardı. O bütün Azərbaycan türklərini döyüşlərdə qələbələrə, qələbələrdən döyüşlərə aparırdı. Döyüşə-döyüşə, qələbələr qazana-qazana qüvvələri, inananları öz ətrafında sıx birləşdirdi, bu birlik qüdrət oldu. Bu qüdrət nəhəng bir ərazidə böyük bir dövlətə çevrildi...
Qızılbaşlar Xətainin sərkərdəliyi ilə Ağqoyunlu və Şirvanşah qoşunlarını məğlub etdi. Bu qələbə dövlətin gələcək uğurlarının başlanğıcı oldu. İsmayıl Şeyx Heydər oğlu Təbrizə yeni yaranmış Səfəvilər dövlətinin şahı kimi daxil oldu. 1501-ci ildə Səfəvilər dövləti yarandı.
Şah İsmayıl Xətai dövrün döyüş, hərb strategiyasını yaxşı bilirdi, böyük hərbi təxəyyülə malik sərkərdə idi. Hər əməliyyatı böyük amallar üçün aparırdı. Onun düşüncələrində Azərbaycan var idi, Azərbaycan üçün döyüşürdü.
Şah İsmayıl Xətai bütün tarixi şəraitlərdə, hərbi vəziyyətlərdə Azərbaycanın mənafeyini düşünürdü. Şah İsmayıl atası Şeyx Heydərin qatili olan Şirvanşah Fərrux Yasarı məğlub etdikdən sonra qoşununu tamamilə darmadağın etmək üçün onların sığındığı Gülüstan qalasını mühasirəyə almışdı. Qalanın mühasirəsi uzandığı üçün böyük əmirlərindən soruşmuşdu: "Sizə Gülüstan qalasımı lazımdır, yoxsa Azərbaycan taxtımı?". Onlar "Azərbaycan taxtı, şahım!" demişdilər.
Azərbaycan torpaqlarının vahid və qüdrətli dövlətdə birləşdirilməsi Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsi idi. Bu, dünyəvi dövlətçilik təcrübəsi bir qədər heyrətlə, bir qədər də qısqanclıqla qarşılanmışdı. Səfəvilər dövləti dünyəvi dövlət olduğuna görə bu dövlətçilik 235 il yaşadı; Səfəvilər dövlətini dünyaya qısqananlar heç nəyə nail ola bilmirdi...
Şah İsmayıl bu dövləti Azərbaycanda yaratmışdı. Bu, Azərbaycana sevgi idi. Qızılbaşlar bilirdilər ki, Şah İsmayılın məramı Azərbaycanı yadların istər siyasi, istərsə də hərbi nüfuzundan qorumaq idi.
Xətai Səfəvilər dövlətinin nüfuzunu gücləndirmək məqsədi ilə sərhədlərini genişləndirirdi, Azərbaycanı, müasir İranın bütün, Türkiyənin, İraqın, Əfqanıstanın və Orta Asiyanın müəyyən hissələrini birləşdirməyə nail olmuşdu. Səfəvilər nəhəng, azman bir dövlət idi, böyük imperiya idi. Dünyada bir imperiya da Azərbaycanda yaradılmışdı.
Şah İsmayılın idarəçilik prinsiplərinə əsasən Azərbaycandan kənarda olan vilayətlərin rəhbərliyini də azərbaycanlılar təşkil edirdi. Dövlətin qoşunları azərbaycanlılardan təşkil olunmuşdu, səltənətin ictimai, siyasi, hərbi həyatını da azərbaycanlılar idarə edirdi.
Xətai də həm siyasi, həm də hərbi rəhbər idi.
Şah İsmayıl Xətainin düşüncəsinə görə əsl igidliyi şərtləndirən amillər sırasında başlıcası döyüşdür. İgidlik döyüşdə sınanılır. Maku yaxınlığında düşərgə salan Osmanlı ordusu üzərinə gecənin qaranlığında qəfil hücum etmək təklifinə Xətai etiraz edib: "Mən gecə vaxtı karvan basan quldur deyiləm". Səfəvilər Osmanlı ordusuna gecə hücum etsəydi bəlkə də Çaldıran döyüşündə qalib gələrdi...
Fiziki gücünə görə Şah İsmayıl bütün döyüşçülərdən fərqlənən sərkərdə idi. Tarixdə belə bir hadisə olub. Şah qılıncı ilə Osmanlıların toplarının zəncirini doğrayanda qılıncı topun lüləsini ikiyə bölür. Bunu Sultan Səlim də eşidibmiş. Sultan Səlim döyüşdən sonra Şah İsmayıldan həmin qılıncı istəyir. Şah qılıncını göndərir. Sultan əsabələrinin yanında qılıncla topa zərbə vurur. Qılınc topun lüləsini kəsmir. Sultan Səlim Şah İsmayıla məktub yazır ki, səndən Çaldıranda çaldığın qılıncı istəmişdim. Bu, həmin qılınc deyil. Şah İsmayıl Sultan Səlimə cavab olaraq yazır ki, "Qılınc həmin qılıncdır, qol həmin qol deyil!"
Tarixi mənbələrə əsaslanan tədqiqatlar Şah İsmayıl Xətainin hərbi əməliyyatlar aparılan ərazilərdə dinc əhalinin zərər çəkməsinə heç zaman imkan vermədiyini bildirirlər. Tarix onu da təsdiqləyir ki, bütün döyüşlərdə ordunun önündə gedən bu qüdrətli sərkərdə döyüşlərdə heç zaman yaralanmamışdı. O dövrdə qılınc döyüşü idi, bunu məharətlə bacardığına görə düşmənin qılınc çalanları onun qılıncının sərhədini heç zaman keçə bilməmişdi. Xətai belə sərkərdələrdən idi...
Tarix Şah İsmayıl Xətaini böyük sərkərdə kimi yaşadacaq...
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"