Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2025 15:59

Tarixi Zəfərin kökləri

Milli Qəhrəmanlarımızı tanıyaq rubrikası şəhid mayor İmanov Samid Gülağa oğluna həsr olunub. Milli Qəhrəmanımız 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. İbtidai təhsilinə 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbində başlayıb. Təhsilini başa vurduqdan sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub, 2003-cü ildə hərbi təhsilini fərqlənmə ilə bitirib, Ulu Öndər Heydər Əliyev tərəfindən mükafatlandırılıb.
2004-cü ildən ordu sıralarında zabit olan şəhid Samid İmanov Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olaraq müxtəlif vəzifələrdə uğurla xidmət edib.
Hərbi təhsilini fərqlənmə ilə bitirən Samid gənc zabit olduğu dövrdən öz üzərində daim çalışır, bilik və bacarıqlarını daim artırırdı. O, xidmət müddətində Türkiyə, Pakistan, İsveç və Rumıniya respublikalarında müxtəlif kurs və təlim-məşqlərində iştirak edib. Komandiri olduğu bölmə ölkə daxilində təşkil olunan müxtəlifmiqyaslı təlimlərdə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla icra etməyi bacarıb.
Xidməti müddətində öz ixtisasının incəliklərinə bələd olan təcrübəli zabit olaraq, tabeliyindəki hərbi qulluqçuların da yüksək bilik və bacarığa malik döyüşçü kimi formalaşmasını özünə komandir borcu bilib.
Şəhid Samid İmanov 2014-cü ilin avqustunda Azərbaycan-Ermənistan təmas xəttində baş verən təxribatın qarşısının alınmasında da fəal iştirak edib. Rəhbərlik etdiyi heyət düşmənin arxasına keçərək ona sarsıdıcı zərbələr endirib.
Mayor Samid İmanov 2016-ci ilin Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığı almışdı. Tabeliyindəki döyüşçülərlə birlikdə irəliləyən Samid döyüşlər vaxtı çiyin və ayaq nahiyəsindən ciddi qəlpə yaraları alır. Vəziyyətinin yaxşı olmamasına baxmayaraq, təxliyədən imtina edən qayğıkeş komandir çiyin-çiynə döyüşdüyü silahdaşının döyüş meydanından təxliyəsini vacib sayır və köməyə gələn heyətə son əmrini verir.
Çoxlu qan itirən Samid İmanovun nəşi aprelin 8-də ərazidən götürülür, böyüyüb boya-başa çatdığı Neftçala şəhərində böyük insan axınının iştirakı ilə Şəhidlər xiyabanında son mənzilə yola salınır.
2016-cı ilin 19 aprelində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Vətənimizin bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi xüsusi xidmətlərinə və döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü.
Ölümündən sonra şəhidimizin adının əbədiləşməsi üçün Milli Qəhrəman Samid İmanovun adı Neftçala şəhərindəki 1 nömrəli tam orta məktəbə və küçələrimizdən birinə verilib.
Azərbaycanın Milli Qəhrəmanı şəhid mayor Samid İmanov ailəli idi, bir qızı və oğlu Vətənə əmanət qalıb. 

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"