AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir təhlükəsizlik mühitində hərbi güc yalnız silah-sursatla deyil, eyni zamanda insan resurslarının optimal istifadəsi ilə ölçülür. Qadınların hərbi xidmətə cəlb olunması və gender bərabərliyinin təmin edilməsi bu baxımdan vacib strateji prioritetlərdən biridir. Qlobal səviyyədə gender bərabərliyi ideyalarının geniş vüsət alması qadınların hərbi sahəyə inteqrasiyasını zəruri edir. Azərbaycan da bu istiqamətdə beynəlxalq tendensiyalara uyğun olaraq ciddi və məqsədyönlü addımlar atmaqdadır. Xüsusilə Azərbaycan Ordusunda qadınların rolunun artırılması, gender əsaslı siyasətin tətbiqi və bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi bu prosesin prioritetlərindəndir.
Gender bərabərliyi - qadınların və kişilərin bərabər hüquqlara, imkanlara və məsuliyyətlərə sahib olmalarını təmin edən prinsiplər sistemidir. Bu sistemə əsaslanan cəmiyyətlərdə fərdlər cinslərinə görə deyil, bacarıq və keyfiyyətlərinə görə qiymətləndirilir. Azərbaycan Respublikası gender bərabərliyini təmin etmək məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə mühüm addımlar atıb.
Azərbaycan Respublikası gender bərabərliyinin təmin olunması ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulub. BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" Konvensiyası (CEDAW) və BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi bu sahədə əsas normativ çərçivə rolunu oynayır. Xüsusilə 1325 saylı qətnamə qadınların sülh, təhlükəsizlik və münaqişələrin həllində iştirakını dəstəkləyir və bu, Azərbaycanın milli təhlükəsizlik strategiyalarında da öz əksini tapır.
Azərbaycanda gender bərabərliyi yalnız sosial-iqtisadi deyil, həm də milli təhlükəsizlik və müdafiə strategiyasında prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu siyasət Azərbaycan Ordusunun güclü, çevik və inklüziv olması üçün gender əsaslı yanaşmaları ön plana çıxarır.
2006-cı ildə qəbul edilən "Gender bərabərliyinin təminatları haqqında" Qanun, eləcə də Azərbaycan Konstitusiyası bu istiqamətdə daxili hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edir. Dövlət idarəçiliyində, o cümlədən ordu strukturunda qadınların rəhbər vəzifələrə irəli çəkilməsi gender balansının təmin olunmasına mühüm töhfə verir. Azərbaycan Konstitusiyası və normativ-hüquqi sənədlər gender bərabərliyi prinsipini qorumaqla yanaşı, qadınların hərbi sahədə rəhbər vəzifələrə irəli çəkilməsini də dəstəkləyir.
Azərbaycan Ordusunda qadın hərbi qulluqçuların və mülki işçilərin rolu və fəaliyyəti ildən-ilə genişlənir. Hazırda qadınlar Ordunun müxtəlif sahələrində xidmət edirlər. Təkcə arxa cəbhədə və tibbi bölmələrdə deyil, eyni zamanda döyüş hazırlığı və hərbi rəhbərlikdə də fəal iştirak edirlər. Əgər əvvəllər qadın hərbçilər əsasən tibb və təminat sahələrində təmsil olunurdularsa, həm də onlar müxtəlif hərbi ixtisaslar üzrə xidmət edirlər.
Azərbaycan Ordusunda aparılan struktur islahatları gender bərabərliyinin möhkəmləndirilməsi və qadınların peşəkar inkişafı üçün əlverişli şərait yaradır. Bu, yalnız sosial ədalət deyil, hazırda hərbi effektivlik məsələsidir. Yeni nəsil hərbi siyasətin tərkib hissəsi və inkişafın yeni mərhələsi kimi “Gender mainstreaming” - yəni gender bərabərliyinin siyasət, proqram və təlimatlara sistemli şəkildə inteqrasiyası - ordumuzun daha dayanıqlı və effektiv struktura çevrilməsinə xidmət edir.
Azərbaycan Ordusunda bu konsepsiyanın tətbiqi bir neçə əsas istiqaməti əhatə edir:
- Təhsil və hazırlıq: Hərbi təhsil müəssisələrində gender bərabərliyi ilə bağlı kurs və seminarların təşkili, zabit heyətinin bu sahədə maarifləndirilməsi;
- Karyera imkanları: Qadınların xidmət müddəti ərzində qarşılaşdıqları maneələrin aradan qaldırılması, onların irəli çəkilmə imkanlarının kişilərlə bərabər şəkildə təmin olunması;
- Qanunvericilik və normativ baza: Gender ayrı-seçkiliyinin qarşısını alan daxili hərbi nizamnamələrin və qaydaların formalaşdırılması.
Bu çərçivədə görülən əsas tədbirlər bunlardır:
- Hərbi təhsildə gender modullarının tətbiqi - hərbi məktəblərdə və akademiyalarda gender mövzusunda tədrisin təşkili;
- Peşəkar inkişaf imkanlarının genişləndirilməsi - qadın hərbçilərin xidmətdə irəliləməsi üçün bərabər imkanların yaradılması;
- Maarifləndirmə və təlimlər - zabit heyətinə gender əsaslı təlimlərin verilməsi və komanda qərarlarında inklüzivliyin artırılması.
Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirlərdə qadın zabitlər gender bərabərliyi, psixoloji dəstək və təhsil məsələləri üzrə çıxış edir, “Ehtiyat zabit hazırlığı kursları”nda, beynəlxalq hərbi forumlarda və gender mövzulu seminar və təlimlərdə iştirak edir, orduda gender yanaşmasının sistematik prinsiplərinin tətbiqinə töhfə verirlər. Mülki qadın işçilər isə logistika, təlim, tədris və inzibati sahələrdə mühüm funksiyalar yerinə yetirirlər. Bu, hərbi strukturlarda qadınların daha geniş iştirakına imkan yaradır və gender balansını qorumağa xidmət edir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyində fəaliyyət göstərən Şəhid ailələri və qadınlarla iş üzrə sektoru bu sahədə məqsədyönlü və planlı fəaliyyət göstərir. Bu sektorun əsas funksiyaları sırasında gender siyasətinin təşviqi, qadın hərbi qulluqçuların sosial müdafiəsi, onların hüquqlarının qorunması və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində çalışmaq dayanır. Sektor, həmçinin hərbçilərin ailələri ilə sosial və psixoloji dəstək yönümlü iş aparır. Ailələrin sosial rifahı, psixoloji sabitliyi və hüquqi maarifləndirilməsi Azərbaycan Ordusunun döyüşə hazırlıq səviyyəsinin qorunmasına və şəxsi heyətin ruhlandırılmasına birbaşa təsir göstərir. Sektorun təşkilatçılığı ilə qadın hərbi qulluqçular və mülki işçilər üçün "Gender bərabərliyi və qadın hüquqları" mövzusunda keçirilən təlimlər onların hüquqi və psixoloji biliklərini artırmaqla yanaşı, komandadaxili münasibətlərin sağlam qurulmasına da dəstək verir. Zabit heyətinin gender mövzusunda maarifləndirilməsi nəticəsində, qərarvermə proseslərində daha çevik və inklüziv yanaşmalar formalaşır.
- "Qadınların gücü - gender bərabərliyinə aparan yol" mövzusunda keçirilən tədbirdə qadın hərbi qulluqçuların hüquqları, sosial müdafiəsi və liderlik imkanları geniş müzakirə olunub.
- "Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda keçirilən təlimlərdə gender əsaslı zorakılığın qarşısının alınması, hüquqi mexanizmlər və qadınların müdafiə imkanları geniş şəkildə izah olunub.
- Qadın hərbi qulluqçuların ailələri ilə iş üzrə tədbirlər çərçivəsində sosial-psixoloji dəstək yönümlü layihələr icra edilir.
Gender bərabərliyinin ordumuzda tətbiqi və qeyd edilən istiqamətlərdə görülən tədbirlər Azərbaycan Ordusunun gücünü artırmağa dəstək olmaqla yanaşı, bir sıra mühüm töhfələr verir. Bunlardan:
- Operativ və balanslı qərarvermə - müxtəlif təcrübəyə malik şəxslərdən ibarət komandalar daha çevik və əsaslandırılmış qərarlar qəbul edə bilir;
- Beynəlxalq müdafiə strukturlarına inteqrasiya - NATO və BMT kimi qurumlarla əməkdaşlığın dərinləşdirilməsi üçün gender siyasətinin tətbiqi mühüm rol oynayır;
- İnsan resurslarından tam istifadə - cəmiyyətin yarısını təşkil edən qadınların hərbi sahədə potensialının reallaşdırılması strateji üstünlük yaradır.
Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması yalnız hüquqi prinsip deyil, həm də ordu strukturunun müasirləşdirilməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm amildir. “Gender mainstreaming” yanaşmasının davamlı tətbiqi Azərbaycan Ordusunun qarşıya qoyulan milli və beynəlxalq vəzifələri uğurla yerinə yetirməsinə imkan yaradacaq.
Bu baxımdan, gender siyasətinin inkişaf etdirilməsi təkcə qadın hərbçilər üçün deyil, bütövlükdə Azərbaycan Respublikasının təhlükəsizlik sisteminin dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır. Bu yanaşma qadınların hüquqlarını təmin etməklə bərabər, həm də ordunun peşəkarlığını, döyüş qabiliyyətini və çevik qərarvermə imkanlarını artırmağa dəstək məqsədi daşıyır. Çoxşaxəli komanda strukturlarında qadınların iştirakı fərqli yanaşmaların sintezini təmin edir və daha effektiv qərarların qəbuluna səbəb olur.
Bütün bu tədbirlər göstərir ki, Azərbaycan Ordusu gender bərabərliyi sahəsində beynəlxalq tələblərə cavab verən, inkişaf yönümlü və inklüziv bir struktur olaraq formalaşır. Bu, həm ordu daxilində, həm də cəmiyyətin digər sahələrində gender balansına nail olunması baxımından önəmli nümunədir. Bundan əlavə, gender siyasəti beynəlxalq müdafiə strukturları ilə əməkdaşlığın güclənməsinə şərait yaradır. NATO və BMT kimi qurumlarla uyğunluq gender siyasətinin vacibliyini artırır və Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir.
Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması sadəcə sosial ədalət deyil, həm də strateji inkişafın vacib tərkib hissəsidir. Qadın hərbi qulluqçuların və mülki işçilərin xidmət sahələrinin genişləndirilməsi, onların sosial müdafiəsi və ailələri ilə aparılan məqsədyönlü iş, müasir və peşəkar bir ordu modelinin formalaşdırılmasına müsbət töhfə verir.
Sevinc QAFAROVA
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi