AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sonuncu sinifdə oxuyanda ədəbiyyat müəllimimiz bizə inşa yazdırmışdı: "Vətən mənə oğul desə nə dərdim...". Mən Məmməd Arazın bu şeirini əzbər bilirdim, onun aşıladığı mahiyyəti də yaxşı dərk etmişdim. Vətənə oğul olma şərtini özüm düşündüyüm kimi izah etməyə çalışmışdım. Yazmışdım ki, əsl oğul Vətənin hər çağırışına düşünmədən getməlidir. Birinci Qarabağ müharibəsinin Milli Qəhrəmanlarını, şəhidlərini xatırlatmışdım. İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşənlərimizi, şəhid olanlarımızı yada salmışdım: "Vətən onlara oğul dedi. Biz də oğul deyirik. Gələcək nəsillər də oğul deyəcək, tarix də belə deyir. Mən də Vətənə layiqincə xidmət edəcəm. Əgər düşmən sərhədlərimizə yaxınlaşmağa cəsarət edərsə, mən də o oğullar kimi qətiyyətlə döyüşəcəm, bu döyüş mənim Vətənə oğulluq borcum olacaq...". Müəllimimiz inşamı bəyənmişdi, üstəlik demişdi ki, sən yaxşı əsgər olacaqsan.
İndi əsgərəm. Yaxşı əsgər olmaq üçün komandirlərimin, zabitlərimizin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirirəm, döyüş və mənəvi-psixoloji hazırlığımı daha da artırıram.
Mən artilleriyaçıyam. Komandirimiz İkinci Qarabağ müharibəsində artilleriyaçılarımızın şücaətindən, onların yüksək döyüş hazırlığından, Vətənə sevgisindən, bu qələbələrin Hərbi Anda sədaqət ilə qazanıldığından da danışmışdı. Özü də qürurlanmışdı, biz də qürurlanmışdıq. Bu hərbi ixtisasa təyin olunduqda, sevincin ən gözəlini yaşamışdıq.
Hərbi xidmətdə mən də dostlar qazanmışam. Onlar da mənim kimi düşünürlər. Hər birimiz müharibədə şəhid olanların hər birinin döyüş yolunun davamçısı olmağı özümüzə mənəvi borc bilirik. Müharibə başa çatsa da, onların döyüş əzmi, qələbə ruhu, Vətənə sevgisi hərbi xidmətimizin mahiyyətidir. Buna görə də bizim hər birimizin hərbi xidməti Vətənə sonsuz sədaqətdir. Bunları yüksək döyüş hazırlığı ilə yerinə yetiririk.
Qürurlanırıq ki, biz Azərbaycan əsgəriyik!
Qürurlanırıq ki, artilleriyaçıyıq!
Əsgər
Mahmud PAŞAYEV
"N" hərbi hissəsi