Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2025 15:59

Qürurlanırıq ki, artilleriyaçıyıq!

Hərbi xidmətin nə olduğunu yeniyetməlik illərindən dərk etmişdik. Biz də bilirdik ki, çağırışçı yaşına çatanda hərbi xidmətə gedəcəyik. Məktəbdə müəllimlərimizin, ailədə atamızın, hərbi xidmətdən tərxis edilmiş qonşularımızın söhbətlərindən çox şey öyrənmişdik. Bu söhbətlər bizə hərbi xidməti sevdirmişdi.
İkinci Qarabağ müharibəsi başlayanda 6-cı sinifdə oxuyurdum. Digər həmyaşıdlarım kimi mən də müharibəni televizor vasitəsi ilə izləyirdim. Ordumuzun qələbəsi ilə qürur duyurdum. Yaşımın az olmasına görə təəssüflənmişdim. O vaxt atam məni qınamış, öyüd-nəsihət vermişdi: “Ordumuz qalib gələcək, ərazi bütövlüyümüz tam bərpa olunacaq. Böyüyəndə sən də əsgər olacaqsan. Sən də, sənin yaşıdların da Vətən torpağını qoruyacaqsınız. Onda Vətənə elə layiqincə xidmət edərsən ki, bugünkü təəssüfünü unuda biləsən”.
Şuşa işğaldan azad ediləndə sevincimiz kükrədi, belə dövlətimiz, ordumuz olduğu üçün çox qürurlandıq. 8 noyabr bizim tarixi sevincimiz oldu. Bu sevinc həmişə qürurla yaşadılacaq.
Hərbi xidmətdə artilleriya ixtisasına təyin olunanda çox sevindim. İkinci Qarabağ müharibəsində iştirak etmiş bir topun heyət üzvü kimi qürurlandım. Komandirlərimizdən öyrəndiklərimizi təlimlərlə möhkəmləndiririk. Hərdən bizə elə gəlir ki, 2020-ci ilin payızında düşmənin komanda və dayaq məntəqələrini, qruplaşmalarını dağıdan, məhv edən artilleriyaçılarımızın sırasında biz də olmuşuq.
Komandirimiz bizə Füzuli rayonu ətrafında gedən döyüşlərdən danışanda artilleriyanın gücünə, artilleriyaçılarımızın döyüş hazırlığına görə necə qürurlanmışdıq. Elə xidmət edirik ki, bizimlə də qürurlansınlar.
Biz döyüş hazırlığımızı həm məşğələlərlə, həm təlimlərlə, həm də müstəqil təkmilləşdiririk.
Hərbi xidmət Vətənə sevgimizi daha da artırdı. Biz bu Vətənin həm vətəndaşı kimi, həm də Azərbaycan Ordusunun əsgəri kimi qürurlanırıq.

Əsgər

Əziz HÜSEYNOV

"N" hərbi hissəsi