AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkənin müdafiə qüdrəti daha da gücləndi, ordu quruculuğu sahəsində bir sıra uğurlar qazanıldı. Bu uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Ordusunun formalaşdırılmasına və gücləndirilməsinə xüsusi önəm verdi. Bu dövrdə ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Azərbaycan Ordusu mütəşəkkil və nizami bir orduya çevrildi. Vahid komandanlıq təmin edildi. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirildi. Peşəkar ordunun formalaşdırılması üçün qanunvericilik bazası yaradıldı. Struktur dəyişiklikləri peşəkar zabit kadrlarının hazırlanması üçün şərait yaratdı, hərbi təhsil sistemi təkmilləşdirildi. Ulu Öndərin ordu quruculuğu istiqamətində apardığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi, prioritet məsələ elan edildi, inkişaf etdirilərək daha da möhkəmləndi. Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətini nümayiş etdirərək, qısa müddətdə Lələtəpə və digər strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etdi. Aprel döyüşləri 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və Vətən müharibəsində düşmən üzərində qazanılan Böyük Zəfərin başlanğıc nöqtəsi oldu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud formada pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə bütün cəbhə boyu mövqelərimizi atəşə tutdu. Təxribat nəticəsində çoxlu sayda mülki şəxslər və hərbi qulluqçular şəhid oldular. Təcavüzkar erməni silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə Qarabağ bölgəsini və ətraf rayonları işğal altında saxlaması Azərbaycana qarşı real təhlükə yaradırdı. Azərbaycan Ordusunun müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə ölkədə hərbi vəziyyət, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə qismən səfərbərlik elan edildi. On minlərlə gənc könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün müvafiq qurumlara müraciət etdi.
Ali Baş Komandan İlham Əliyev Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücumu - Zəfər yürüşü başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu.
Sözsüz ki, müharibə itkisiz də keçmədi. Vətənpərvər oğullarımız düşmənə sinə gərərək şəhidlik zirvəsinə ucaldılar. Ermənistan silahlı qüvvələrinin həm canlı qüvvələri, həm də çoxlu sayda texnikası Azərbaycan Ordusu tərəfindən məhv edildi. Düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi texnikalar ordumuz tərəfindən qənimət olaraq götürüldü. Cəmi 44 gün çəkən Vətən müharibəsi 2020-ci il 8 Noyabr tarixində qələbə ilə başa çatdı.
Silahlı qarşıdurmadan fərqli olaraq, arxa cəbhədə də informasiya müharibəsi gedirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici jurnalistlərə müsahibə verərək, Azərbaycanın bu savaşda haqlı olduğunu dünya ictimaiyyətinə çatdırdı. Dövlət başçısı Ermənistanın törətdiyi müharibə cinayətlərini Azərbaycanın beynəlxalq hüquq çərçivəsində apardığı əməliyyatları və münaqişənin həllinə dair ölkənin prinsiplərini ətraflı izah etdi. Bu müsahibələr BBC, CNN, “Al Jazeera”, “France 24” kimi nüfuzlu media qurumlarında yayımlandı. Bütün bunlar Azərbaycanın informasiya müharibəsində qazandığı qələbənin üstünlüyünün bariz nümunəsidir.
Müharibə zamanı Prezident İlham Əliyevin "Dəmir Yumruq" ifadəsi ictimaiyyət arasında maraqla qarşılanmışdı. Bu ifadə Azərbaycan Ordusunun qətiyyətini, gücünü və birliyini bir daha dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan çıxışlarında Dəmir Yumruğun yerində olduğunu və lazım gələrsə, yenidən işə düşəcəyini vurğulamışdı. “Dəmir Yumruq” həm müharibə zamanı, həm də sonrakı dövrdə Azərbaycan xalqının və ordusunun birliyini, gücünü təcəssüm etdirən rəmzlərdən birinə çevrildi.
Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin Fərmanı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan edildi. Şəhərdə tarixi abidələr bərpa edilir, yeni infrastruktur obyektlərinin yaradılması üzrə layihələr həyata keçirilir. Digər azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə də sürətli yenidənqurma işləri aparılır, insanların doğma yurdlarına qayıdışı təmin olunur.
Prezident İlham Əliyev 3 dekabr 2020-ci il tarixində "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzaladı. Bu Sərəncama əsasən, hər il 8 Noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir, eyni zamanda, bu qərar 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin əbədiləşdirilməsi məqsədini daşıyır. 8 Noyabr tarixi 2020-ci ildə Şuşa şəhərinin azad edildiyi gün olması ilə xüsusi əhəmiyyət kəsb edir. Şuşanın azad edilməsi Vətən müharibəsində qələbənin qazanılmasında həlledici rol oynadı. Bu il xalqımız Böyük Zəfərin beş illiyini təntənəli surətdə qeyd edəcək.
8 Noyabr - Zəfər bayramı təkcə keçmişin qələbəsi deyil, həm də gələcəyə ümid və inamdır. Azərbaycan xalqı öz birliyi, qəhrəmanlığı ilə sübut etdi ki, haqq hər zaman qalib gəlir. Bu gün Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa olunub və ölkəmiz regionda sülhün və sabitliyin əsas təminatçısına çevrilib. Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu, Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan Ordusu bu gün yüksək döyüş qabiliyyətinə malikdir. Qazanılan uğurlar göstərir ki, Azərbaycanın hərbi gücü ölkənin təhlükəsizliyini qorumaq və suverenliyini təmin etmək qüdrətindədir. Azərbaycan Ordusu təkcə regionda deyil, hətta beynəlxalq müstəvidə də güclü ordu kimi tanınır.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"