Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2025 15:58

Sağlam bədəndə sağlam ruh olar

Əsgər Elcan Zaur oğlu Şəfiyev hərbi xidmətdə nizam-intizamıyla fərqlənən və eyni zamanda, tatami üzərində qazandığı uğurlarla seçilən istedadlı əsgərlərdəndir. Uşaqlıqdan idmana bağlı olan Elcan həm yerli, həm də beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edib.
Cüdoya olan marağı hələ 7 yaşından formalaşıb və bu yolda ona ən böyük dəstəyi atası göstərib. İlk dəfə məhz həmin yaşda olarkən keçirilən zona yarışında iştirak edən Elcan 3-cü yeri tutaraq uğur yoluna doğru inamlı addım atıb. Qısa müddətdə öz yaşıdları arasında seçilən Elcan 6 dəfə Bakı çempionu, bir neçə dəfə isə Respublika çempionatının mükafatçısı olub. Onun ən yadda qalan uğurlarından biri də 2020-ci ildə Azərbaycan birinciliyində birinci yeri qazanmasıdır.
Təhsilini də idman sahəsində davam etdirən Elcan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında cüdo məşqçiliyi ixtisası üzrə oxuyub. Tələbəlik illərində də uğurlarını davam etdirən gənc idmançı 2023-cü ildə Qazaxıstanda keçirilən Universitetlərarası beynəlxalq yarışda üçüncü yerə layiq görülüb.
Elcan təkcə ölkədaxili yarışlarla kifayətlənməyib, İspaniya, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq turnirlərdə də mükafatçılar sırasına düşüb, Azərbaycanın üçrəngli bayrağını layiqincə təmsil edib.
Hazırda Azərbaycan Ordusunda əsgəri xidmətini davam etdirən Elcan Şəfiyev idman vərdişlərini digər silahdaşlarına da aşılayır. Hərbi hissədə də mütəmadi olaraq fiziki hazırlığını artırır. Asudə vaxtlarında əsgər yoldaşları ilə idmanın faydaları haqqında maarifləndirici söhbətlər edir. 
Elcan və digər gənclərimizin müxtəlif idman sahələrində qazandıqları uğurlar bir daha onun göstəricisidir ki, Azərbaycan gəncləri döyüş meydanında olduğu kimi, idman arenalarında da güc və iradə nümayiş etdirir, layiqli qələbələr qazanırlar. Belə igidlərimiz xalqımızı bir daha əmin edir ki, Vətənimiz əmin əllərdədir.

Kursant

Elgün ƏLƏSGƏRZADƏ