Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2025 15:58

Sədaqət andı - gənc zabitin peşəsinə və Vətənə bağlılığı

Hər bir zəfərin görünməyən tərəfini - səngərdə susan, postda ayıq qalan, gecəni gündüzə qatan, təlimdə tər tökən igid oğullar yazır. Onlar haqqında çox vaxt yalnız uğurlarından sonra danışılır. Amma Vətənin keşiyində duran hərbi qulluqçular üçün hər gün bir zəfərdir. Düşmənin qarşısından bir addım geri çəkilməmək, dövlətin gücünü bir baxışda nümayiş etdirmək, bir əmrlə bir neçə həyatın məsuliyyətini daşımaq olduqca məsuliyyətlidir. Bu ağır, lakin şərəfli yükü çiyinlərində daşıyanlardan biri də leytenant Nihat Farid oğlu Səfərlidir.
2001-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində dünyaya gələn Nihat hələ uşaqlıq illərində hərb ruhu ilə böyüyürdü. Ailəsində vətənpərvərlik - hiss yox, həm də həyat tərzi idi. Bu səbəbdən də hərbi forma onun üçün geyimdən əlavə, həyat amalı oldu.
İlk addımını Heydər Əliyev adına Hərbi Liseydə atan Nihat 2015-2018-ci illərdə bu təməl məktəbində zəngin bilik və mənəvi dəyərlərlə silahlanıb. Daha sonra 2018-2022-ci illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. Bu illər onun üçün yalnız taktiki biliklərin qazanıldığı dövr deyildi. Burada o, gələcək zabit peşəsinin məsuliyyətini, əsgərə rəhbərlik etməyin mənəvi güc tələb etdiyini dərk edirdi.
Təhsili bununla yekunlaşmadı - 2022-2023-cü illərdə Təlim və Tədris Mərkəzində ixtisasartırma kurslarında iştirak etdi, daha sonra isə 2023-cü ilin iyul-sentyabr aylarında Dağ Komando təlimlərini müvəffəqiyyətlə başa vurdu. Fiziki və döyüş hazırlığı baxımından bu təlimlər onu real döyüş şəraitinə tam adaptasiya etdi, komandirlik bacarıqlarını möhkəmləndirdi.
Leytenant Nihat Səfərli 2023-cü ildə keçirilən antiterror əməliyyatının fəal iştirakçısı olub. Xüsusilə Ağdərə istiqamətindəki əməliyyatlarda göstərdiyi cəsarəti ilə seçilən gənc zabit, taqım komandiri kimi əsgərlərə həm nümunə, həm də dayaq olub. Döyüş anlarında onun rəhbərliyində olan şəxsi heyət yüksək nəticələr göstərib, qarşıya qoyulan tapşırıqları inamla icra edib. Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Taktiki hazırlığının, psixoloji dözümlülüyünün və komandir məsuliyyətinə görə Nihat Səfərli "Şücaətə görə" medalı ilə təltif olunub. 
Nihatın Vətənə bağlılığı bunlarla məhdudlaşmır. Onun ailəsində də hərb ənənəsi yaşadılır. Qardaşı Orçun Səfərli də Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, "Şuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Bu ailədə hər iki oğul öz xidmətləri ilə Azərbaycan tarixində silinməz izlər buraxıblar.
Leytenant Nihat Səfərlinin sadə, lakin dərin mənalı sözləri onun daxili aləmini əks etdirir: "Zabit olmaq üçün yalnız təhsil kifayət etmir. İnsan öz daxilində Vətənə sədaqət, əsgərə mərhəmət və qərar anında qətiyyət hisslərini daşımalıdır. Hər gün forma geyinərkən təkcə özümü deyil, xalqımı, ailəmi və torpaqlarımızı təmsil etdiyimi unutmuram”. 
Zabit üçün ən böyük mükafat təkcə orden-medallarla yanaşı, həm də rəhbərlik etdiyi əsgərin ona güvənidir. Nihat Səfərli bu etimadı hərbi xidmətin hər anında doğrultmağa çalışır. Onun komandirliyi altında xidmət edən əsgərlər arasında nizam-intizam, qarşılıqlı hörmət və döyüş hazırlığı daim ön plandadır.
Vətənini sevən, əsgərinə dayaq olan, məsuliyyətdən qaçmayan və daim öyrənən zabitlər bu gün Azərbaycan Ordusunun sütunlarıdır. Leytenant Nihat Səfərli həmin sütunlardan biridir. Onun timsalında Azərbaycan gənclərinin necə fədakar, bilikli və vətənpərvər olduğunu görürük.
Zaman gələcək, bu gün xidmət edən gənc zabitlərin adı tarix kitablarında, hərbi təlimatlarda örnək kimi olacaq. Bu gün isə onların ən böyük işi Vətəni qorumaq, sülhü təmin etmək və gələcəyə güvən yaratmaqdır. Çünki Vətəni qorumaq silahla bərabər, vicdanla, ruhla və əsgərin-komandirin səmimi münasibəti, həmfikir olması ilə mümkündür.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"