Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2025 15:58

Haradan başlanır Vətən…

Vətən mənim kimliyim, mənim varlığım, mənəviyyatım… Vətən mənim ana laylam, ilk sevgim, ilk addımım, ilk çiçəyim, ilk şeirimdir. Xəlil Rza Ulutürkün "Vətən məndən başlanır" adlı poemasında vurğuladığı kimi Vətən hər kəsin qəlbində, daxili dünyasında, duyğularında, həsrətində, yaddaşındadır. Vətən mənim üçün ilk kitabım, öyrəndiyim ilk hərfim, oynadığım yal-yamac, yollar, izlər, küçəmiz, həyətimizin gül qoxusu deməkdir. Vətən insanın dövləti, mənsubiyyəti, böyüyüb boya-başa çatdığı torpaqdır. Havasına məftun olduğum, çayları həzin nəğmə çalan, təbiəti könlünü oxşayan, özünü hər daşına, hər çiçəyinə aid elədiyin, ata-anamı qucağında uyudan, övladlarının pöhrələndiyi ana yurdun, doğma ocağındır.
Xatirimdədir, İkinci Dünya müharibəsi mövzusunda çəkilmiş məşhur bir sovet filminə ("Qılınc və qalxan") yazılan mahnı bu sözlərlə başlayırdı: "Haradan başlanır Vətən?" O zaman məktəbli idik, əsrarəngiz çalarları ilə ovsunlayan, açılan hər səhərləri bizlərə çox şeylər vəd edən dünya uşaqlığın pəncərəsindən sadə və anlaşılan idi. Sualın cavabı da saf və adi idi: Vətən öz-özümə zümzümə elədiyim ilk mahnımdan, yazı lövhəsi qarşısında dayanıb fəxrlə səsləndirdiyim şeirimdən, qədəm qoyduğum məktəbimin sinif otağından, oynadığım küçəmizdən, qaçıb hər kəsdən gizləndiyim, ömrümün ən xoşbəxt günlərini keçirdiyim baxçamızdan, öz dünyam üçün gizləndiyim otağımdan başlanırdı.
Məktəb illəri arxada qaldı, uşaqlığımızın son zəngi əsil həyatın başlanğıcına səsləyirdi. Qarşıda bizi nəhayətsiz yollar, yollar yoracaq ömür gözləyirdi, bu ömrün sevinci də, kədəri də, keşməkeşli mərhələləri, sərt döngələri də olacaqdı. Biz bu həyatı ulularımızın ruhuna sədaqətlə, milli-mənəvi dəyərlərimizi yaşada-yaşada yaşayacaqdıq. Tələbəliyin sevincini dadmaq mənim də qismətimə yazıldı. Canım qədər sevdiyim Vətənimdən, rayonumdan uzaqda təhsil almalı oldum. Həyatım dəyişdi - dünyam dəyişdi. Fərqli mədəniyyət, fərqli milli-mənəvi dəyərlər, yad mentalitet… Başqa dövlət deməyə ixtiyarımız yox idi, çünki 15 respublikadan ibarət böyük dövlətin fərdləri idik, eyni pasport daşıyırdıq…
…Yenə televizorda həmin film nümayiş etdirilir. Artıq qarşıda hədəfləri olan, həyata yeni qədəm qoymuş, bütün çətinliklərə sinə gərməyə hazır, ürəyi Vətən, ata-ana həsrəti ilə döyünən gənc qızam və "Haradan başlanır Vətən?" sualına cavab fərqlidir içimdə. Vətən mənim üçün Rusiyadan məni evimə, doğmalarıma çatdıran təyyarənin yerə enişindən sonra doğma Bakımda aldığım ilk nəfəsdən başlanırdı. Qapılar açılacaq, trap veriləcək, böyüdüyüm, hər şeyi - pisi də, yaxşısı da özümün olan torpağıma qədəm qoyacaq, aeroportun salonunda gözləyən, mənim könül dünyam olan atamla görüşəcəkdim. Bakımın mülayim havasını məmnuniyyətlə ciyərlərimə çəkərək, əyilib torpağımı öpmək keçəcək ürəyimdən. Hər dəfə Bakıya enişimdə bu hissləri keçirərdim - Vətən mənim üçün o zaman bu duyğulardan başlanırdı…
…Avtobus ağacların kölgəsi ilə nizamlanmış yollarla məni evimə, ocağıma aparır. Məşhur Şirvan körpüsü göründü - evimizə az qalıb. Keçmişimlə gələcəyimi, uşaqlığımla gəncliyimi birləşdirən bu körpüdən başlanırdı Vətən o zaman. İllər keçdi, zaman dəyişdi, biz də dəyişdik zaman kimi. Təhsilimi başa vurub bir neçə il Rusiyada işlədikdən sonra öz elimə-obama qayıtdım. 
Həyat yolum artıq öz ölkəmdən başlanırdı, gənclik həyəcanı geridə qalmışdı, mən olğunlaşmış ömür yolunda addımlayırdım. İndi qəlbimdə Vətən həsrəti, torpaqlarımızın işğaldan azad olunması, yaralarımın qaysaqlanması ilə əvəzlənmişdi. Bir milyon qaçqını, minlərlə çox şəhidi olan, haqq səsini siyasi arenada qulağı tıxanmışlara çatdırmaqda böyük əngəllərlə üzləşən bir xalqın övladları idik çünki. Mən arxamda xoşbəxt Vətən qoyub getmişdim, qayıdanda sinəsi dağlı, qəribsəmiş, solmuş, torpaqlarında düşmənin at oynatdığı bir məmləkətlə qarşılaşmışdım. Çox ağır idi reallıq. İllərlə ekranlarda boy göstərən xarici qonaqlardan həqiqət gözlədik. Amma nə gördük, nə eşitdik. İnciyən ruhumuz sağalmalı, dirçəlməli, sabahlarımız üçün torpağın yaddaşı, milli-mənəviyyatımız təmizlənməli idi. Günlər əvəzlənir, hadisələr gündəmi dəyişir, xalqımızın səbri tükənirdi. Getdikcə azğınlaşan düşmən havadarlarının himayəsi ilə atəşkəsi tez-tez pozurdu. Ordumuz xalqımıza qalibiyyət duyğusunu davamlı yaşadırdı. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı qələbəmizə inamı artırırdı. Nəhayət, sözün bitdiyi an gəlib çatdı. Bütün Azərbaycanı yasa boğan qəhrəman generalımız Polad Həşimovun şəhid olması. Heysiyyətin və vətənsevərliyin kükrədiyi həmin iyul gecəsi. Minlərlə qeyrətli, ürəyində Vətən eşqi daşıyan Azərbaycan oğlu öz etiraz səsini duyurmaq, şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək diləyi ilə küçələrə axışdı. Azərbaycanın dövlətçilik tarixinin addım səslərinin qüdrətli səsi idi o gecənin harayı. Camaat torpaqlarımızın həsrətini bu illər uzunu qəlbimizdə daşıdığımızı, özümüzünkü olana sahib çıxacağımızı bütün dünyaya sübut etdi. Boğazımda qəhər düyünlənmişdi, kirpiklərimdə yaş donmuşdu - baş verənləri həyəcanla izləyirdim. İlıq yay gecəsinin sükutunu pozan Qarabağın fəryadı, torpaqlarımızın qurtuluş harayının əks-sədası, şəhidlərimizin ruhu, boynubükük qalmış Xarı bülbülün çağırışı idi. O gecənin təntənəsi azərbaycançılığın bəşəri hiddətiydi. Əlil arabasında var gücü ilə irəliləməyə çalışan qardaşım, ardınca böyük ehtiram hissi ilə onu müşayiət edən, sürətinə uyan qeyrətli oğullar... Bu, mənim Vətənimin dünyaya son xəbərdarlığı idi! Necə qürurlu, mətin idik o tarixi gün! Bilirdik, bu günün davamı gələcək!
27 sentyabr 2020-ci il! Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan, torpağın ruhunu oyadan o gün! Sevinclə kədərin üstələdiyi gün! Fərəh göz yaşları, şəhid acısının ruhumuza hakim kəsildiyi günlər… Hər yerdə vətənpərvərlik mahnıları səslənirdi. Vətən o mahnıların qanadlarında pərvazlanır, Xudayarın təsnifində ucalığına qovuşurdu: "Vətən yaxşıdır!" Torpaqlarımızı işğaldan azad edən igidlərin azadlıq manifesti idi bu təsnif! "Vətən, sənə canım fəda!" - deyib qanlı döyüşə getməzdən əvvəl ölümünü gözə alıb ailəsi ilə halallaşan əsgərin qürurundan, dövlətini, ordusunu tək qoymayan, ətrafında yumruq kimi birləşən məğrur xalqımdan, yaşlılıq pensiyasını ordusuna bağışlayan Ələsgər dayımın dünya boyda ürəyindən, titrəyən əllərindən başlanırdı Vətən!
Savaşımız qələbə ilə başa çatdı. Tarix yazdığımızamı sevinək, şəhidlərimizin ağrısınamı yanaq - bilmədik. "Azadlıq ağacı şəhid qanıyla suvarılmadıqca bar verməz", - Xiyabani belə yazırdı. Acımızı qəlbimizə gömüb zəfərimizi qeyd elədik. Şəhidlərin ruhları sevinirdi. Artıq mən bayrağı ucalarda dalğalanan, ürəyi şəhidlərinin məzarında döyünən, ayaqda möhkəm dayanan bütöv Azərbaycanın qızı idim! Ordusu rəşadətli ordular sırasında yer alan, siyasi iradəsi ilə tarixin keşməkeşlərindən qoparıb inamla, ilhamla irəli aparan lideri - Ali Baş Komandanı olan Azərbaycanın qızı idim! Mənim üçün Vətən yarım qalmış, sərhədləri qanı ilə çəkmiş hüznlü nəğmələrimizin ünvanı - şəhidlərimizin məzarları idi varlığımı bunca titrədən! Başı göylərə dəyən bayrağımın altında Vətən yatırdı. Şəhidlər özləri Vətən olmuşdular bizim üçün. İnam yerim, and yerim, ucalığım - şəhid məzarı! Azərbaycan durduqca, sənin xatirən elə bu ucalıqda, bu ululuqda da yaşayacaq, şəhid qardaşım! Özün şəhid olmuşdun, ruhun döyüşənlərin sırasındaydı - işğaldan azad etdiyiniz torpaqlarımızı rəşadətli ordumuzun qalib hərbi  qulluqçuları qoruyurlar! Onlar Azərbaycanın dünəninə şahid, bu gününə sahib, sabahına dayaqdırlar! Onlar sizin açdığınız yolun yolçularıdırlar!
Əziz hərbi  qulluqçularımız! Qarabağımızdan əsən küləklərin gətirdiyi Xudayarların, Aqşinlərin, Ziyadların, Orxanların, bütün şəhidlərimizin həyat nəğmələri sizlər üçün əbədi qələbə marşı kimi səslənir! Silahınız - ədalət, bayrağınız - inam olsun! Füsunkar Vətənin sərhədləri sizin sevginizdi, bu od, bu ocaq sizə əmanət!

Sevinc QULİYEVA

"Azərbaycan Ordusu"