AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hər tarixi gün xalqın, dövlətçiliyin tarixinin yaddaşıdı. Tarixdə yaşadılanların yaddaşlarda da yaşadılması xalqa, dövlətə, dövlətçiliyə sədaqət deməkdir. Ən qədim tarixlər də belə qorunub, müasir tarixlər də belə qorunmaqdadır. Azıx mağarasının varlığını min illərlə gizlədən tarix indi onun qədimliyinin işığına sığınır. O tarixin işığında xalqın tarixi aydınlığıyla görünməkdədir. Dili də, adət-ənənələri də, min il əvvəllərlə səsləşən dövlətçiliyi də...
Dil tarixi hadisədir. Dilin yaranması, formalaşması, inkişafı həm də xalqın qədimliyinin tarixi sənədidir. Dilimiz qədimdir, xalqımızın xalq kimi formalaşması tarixi də onun kimi...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev böyük azərbaycançılıq heysiyyəti ilə, azərbaycançılığa sədaqətlə deyirdi: "Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik".
Hələ XVI əsrdə, Səfəvilər dövründə dövlətin qurucusu Şah İsmayıl Xətai dövlət dili kimi Azərbaycan dilini müəyyənləşdirmişdi. İmperiya olaraq bu dilin sərhədləri daxilində işləkliyi təmin olunmuşdu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana, Azərbaycan dövlətçiliyinə, Azərbaycan dilinə dönməz sevgisi müasir Azərbaycanın mənəvi siması kimi xarakterizə edilə bilər. 60-cı illərdə Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması ilə bağlı məsələ qaldırılanda, bu istiqamətdə qərar qəbul ediləndə Moskva olduqca ciddi siyasi cəza tədbiri görmüşdü. Bu tədbir təkcə Azərbaycanda deyil, digər müttəfiq respublikalarda da dil siyasətini imperiya siyasətinə qarşı qoymağı ciddi yasaqlamışdı. Ulu Öndər Heydər Əliyev bu qadağaları özünün böyük sevgisi ilə, dönməz məntiqi ilə, azərbaycançılığı ilə üstələyə bilmişdi.
Böyük tarixi şəxsiyyətlərin mübarizəsi böyük amallarla bağlı olur. Ən böyük azərbaycanlı kimi azərbaycançılıq ideologiyasını məfkurə səviyyəsinə qaldıran Heydər Əliyev hələ sovetlər dönəmində də Azərbaycan dilinin statusunu dövlət dili statusu səviyyəsinə çatdırmaq uğrunda mübarizə aparırdı. Mərkəzi, dönməz məntiqi ilə bunun hüquqiliyinə də, qanuniliyinə də, tarixiliyinə də inandırmağa çalışırdı və nəticə etibarilə buna nail olurdu. Böyük siyasi xadim Azərbaycan dilinə dövlət dili statusu verilməsinin siyasi, hüquqi cəfakeşi idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsinin və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddənin "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" kimi ifadə edilməsi təklif olunmuşdu və təklif tarixi hadisə olmuşdu.
Dövlətin daxili siyasətinin müxtəlif çalarları sırasında dil siyasəti də həmişə yüksək sədaqətlə qorunurdu. Dilin işləkliyi, dilin təmizliyi, dilin mühafizəkarlığı, dilin digər dillərə inteqrasiyası və s. həmişə diqqət mərkəzində saxlanılırdı, bu sahə üzrə həyata keçirilən müxtəlif xarakterli tədbirlər dövlət-dil vəhdətinin tarixi-hüquqi ayrılmazlığını təmin edirdi. Tarix təsdiqləyir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlananda dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması təsbit edildi.
Dil siyasəti olduqca həssas siyasətdir. Dövlətçilik baxımından bu siyasət olduqca mühafizəkar siyasətdir. Dil siyasətinin milli-xəlqi başlanğıca əsasən müəyyənləşməsi, siyasi proseslər fonunda formalaşması, möhkəmlənməsi dövlətçilik atributu oldu. Müstəsna əhəmiyyətə malik olan 2001-ci il 18 iyun tarixli Fərman əsasında Dövlət Dil Komissiyası yaradıldı.
2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri kimi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsini təmin edir, dünya azərbaycanlılarının milli-mədəni özünüdərkinin Azərbaycan dili vasitəsilə gerçəkləşməsini təmin edir. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayıb.
Ulu Öndərin "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu Fərman həm Azərbaycan dilinə marağın daha elmi əsaslarla formalaşmasını, həm dünya dilləri sırasında Azərbaycan dilinin layiq olduğu yerin yüksəkliyini təsbit etdi, həm də Azərbaycan dilinin zənginliyinin (ən azından sinonimlər şəbəkəsi) dünya dillərinə inteqrasiyasını istiqamətləndirdi.
Bakıda Kitabi-Dədə Qorqud dastanlarının 1300 illiyinin beynəlxalq səviyyədə qeyd olunması həm folklor formatında Azərbaycan ədəbiyyatına, elə bu formatda da tarixinə, mədəniyyətinə ehtiram olmaqla, Azərbaycan dilinə sonsuz sədaqəti ifadə edirdi. Bu tədbir bəşəri mədəniyyətin koordinatlarının haradan başladığını da xatırladırdı, haradan keçdiyini də, necə keçdiyini də...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik kursunu bütün istiqamətlər üzrə uğurla davam etdirir.
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən böyük siyasi xadim Heydər Əliyev Türk dünyası yazıçılarının III qurultayında nitqində demişdi: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik". Bu fikrin fəlsəfi mahiyyətinin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman da Azərbaycan Respublikasının dövlət dilinin həmişə diqqət mərkəzində saxlanıldığının təsdiqidir. Bu Fərmana əsasən Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür, azərbaycançılıq sevgisiylə əhatələnən gündür, dövlətçiliyə sədaqətin nuru ilə işıqlanan gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla deyir: "Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.
Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir".
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"