Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2025 15:58

Yüksək döyüş ruhu, bacarıq, uğur

Plana uyğun olaraq döyüş atışlı təlimdə iştirak edən bölmələrin fəaliyyətini izlədik. Ümumqoşun Təlim Mərkəzində piyada, mühəndis, tank və başqa bölüklər şərti olaraq döyüş düzülüşünü təşkil ediblər. Onlar əvvəlcədən yerinə yetirəcəkləri döyüş tapşırıqları barədə məlumat alıblar. Manqa, taqım, bölük müdafiədə dayaq məntəqələri qurub növbəti əmri gözləyirlər. Piyada bölmələri hərəkətə keçməzdən əvvəl artilleriya bölmələri düşmənin vacib hədəflərini sıradan çıxarmalıdırlar. Bunun üçün artilleriyaçılar müəyyən edilmiş ərazidə mövqe tuturlar. 
Çox uzaqda olmayan məsafədən top atəşi səsi eşidilir. Artıq məsələ bəllidir. Şərti düşmən mövqelərinin dərinliyində olan əsas hərbi obyektlərə atılan mərmilər hədəfə dəqiq düşür. Mərminin düşdüyü yerdən əvvəlcə alov qalxır və anidən sönür, qara tüstü ağır-ağır göyə qalxır, seyrəlir və əriyib yox olur. Mərminin düşdüyü yer artıq bəllidir. Zabit Rauf Qənbərov üçün də top heyətlərinin nəticələri maraqlıdır. O deyir ki, bütün heyətlər qarşılarına qoyulmuş döyüş tapşırıqlarını uğurla icra etməyə çalışırlar. Çünki onların məqsədi döyüş şəraitində tapşırığı uğurla yerinə yetirməkdir. Bu, həm də təməl vəzifələrdən biridir.
Leytenant Vüqar Hüseynov indiki Heydər Əliyev adına Hərbi İnstitutu "Yerüstü artilleriya" ixtisası üzrə bitirib. Gənc zabit olmasına baxmayaraq işini peşəkarlıqla yerinə yetirir. Həm hərbi təhsil aldığı illərdə, həm də zabit kimi xidmətə başladığı qısa müddətdə mənimsədiyi biliklərdən və qazandığı təcrübələrdən yararlana bilib. O, bu dəfə komandiri olduğu heyətlərlə təlimə çıxıb. Şəxsi heyətin bilik və bacarıqlarına da yaxşı bələddir. Çünki Vüqar tədris dövründə tabeliyində olan əsgərlərin hazırlığına ciddi önəm verib. Tez-tez heyət üzvlərinə ixtisas üzrə bilik və bacarıqları aşılayıb. İndi isə qarşısına qoyulan istənilən nəticəni əldə edə bilir.
Top komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elməddin Ləzgiyev 6 ildir Vətənə xidmət edir. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Elməddin müddətli həqiqi hərbi xidmətdə olarkən top heyətinin üzvü olub, topla bağlı ilkin və dolğun biliklər əldə edib. Tərxis olunduqdan sonra yenidən hərbi xidmətə qayıtmaq qərarına gəlib. O, hərbi xidmətin son yaş həddinə qədər ordu sıralarında xidmət edəcəyini bildirib. Onun komandiri olduğu heyət üzvləri də üzərilərinə düşən döyüş tapşırığını layiqincə yerinə yetiriblər. Çünki onların fərdi və heyət olaraq hazırlığında Elməddinin xidməti böyükdür.
Əsgər Canel Quliyev bir ildən artıqdır ki, müddətli həqiqi hərbi xidmətdədir. 
Əslən Ağcabədi rayonunun Avşar kəndindən olan əsgər Quliyev tuşlayıcı vəzifəsində xidmət edir. Topla bağlı mükəmməl biliklərə yiyələnib. Heyət üzvləri arasında daha çox xidmət edən əsgər olduğu üçün həm taktiki, həm atəş, həm də başqa bilikləri mükəmməl mənimsəyib.
Heyət üzvlərindən Xalid Rəsizadə, Rüstəm Heydərov, Teymur Quliyev də xidmətə gəldikləri ilk gündən topla bağlı bilik və bacarıqlara yiyələnməyə başlayıblar. Leytenant Vüqar Hüseynov deyir ki, onun başlıca məqsədlərindən biri heyət üzvlərinə topun taktiki-texniki xüsusiyyətlərini öyrətməkdir. Əgər hərbi qulluqçu daşıdığı silah haqqında mükəmməl biliklərə malikdirsə, silahdan istifadə qaydalarını da rahat öyrənəcək.
Müddətli həqiqi hərbi qulluqçular ölkəmizin müxtəlif bölgələrindəndirlər. Onlar burada bir-birilərini tanıyıblar. Həm də onların məqsədi, amalı Vətənə ləyaqətlə xidmət etməkdir. Əsgərlərin davranışı, çöhrələrindəki təbəssümü deyir ki, onlar həm də mehribandırlar. Təlimdə olduğu kimi, həyatda da bir-birilərinə qarşı diqqətcildirlər. Canel onların arasında həm xidmətinə görə, həm də yaşına görə böyükdür. O, həmişə əsgər yoldaşlarına bilmədiklərini öyrədir, onlara çətin məqamlarda bir böyük qardaş kimi kömək edir, yol göstərir.
Əsgərlər arasında olan səmimi münasibət həm də onların döyüş hazırlığına təsir edir. Döyüş atışlı təlimə cəlb olunan heyət üzvlərinin atışı yüksək səviyyədə yerinə yetirmələrində onların arasındakı xoş rəftar, səmimi münasibətlər də mühüm rol oynayır. Leytenant Vüqar Hüseynovun sözlərinə görə, heyət üzvləri arasında yaranmış xoş ünsiyyət onların döyüş hazırlığına və təlimdə əldə etdikləri yüksək nəticələrə də təsir göstərir.
Heyət üzvləri verilən tapşırıqları yüksək səviyyədə ica etdikləri üçün razı görünürdülər. Əsgərlərin tapşırığı necə icra etməsi hər birimiz üçün maraq doğururdu. Əldə edilən yüksək nəticə isə hər birimizə xoş ovqat bəxş etdi.
Hamı hərbi xidmətinin keyfiyyətindən, əldə etdikləri uğurlu nəticələrindən danışdı. Qazanılan uğurlu nəticə fərdin deyil, heyətin, kollektivin göstəricisidir. Top heyətinə bir daha uğurlar diləyib onlardan ayrıldıq.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"