AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ötən əsrin 20-ci illərindən başlayaraq 30-cu illərin sonlarınadək bolşevik - sovet “qırmızı terror”u nəticəsində Azərbaycanın minlərlə ziyalı insanı təqib edilərək, onlara "xalq düşməni" damğası vurulub. Uzaq soyuq Sibir sürgünlərində, həbsxana künclərində ağır işgəncələrlə repressiya maşınının məngənəsində məhv edilib. Həbs olunanlara dözülməz işgəncələr verilib, məhkəmə prosesləri zamanı bütün qanunlar pozulurdu. 10-15 dəqiqəlik məhkəmə proseslərində yüzlərlə insan ən ağır cəzaya - güllələnməyə məhkum olunurdu. Çoxlu sayda güllələnmə aktı Nargin adasında amansızcasına icra edilirdi. Xalqımızın maarifpərvər, ziyalı, say-seçmə oğulları Xəzər dənizinin mavi sularında - qan gölündə boğulurdular...
Beləcə, 1920-ci ildən 1940-cı ilədək olan dövrdə baş vermiş dəhşət saçan faciəli hadisələr xalqımızın milli tarixinin bütün sahələrinə, o cümlədən də ədəbiyyat və mədəniyyətinə çox ağır zərbələr vurdu. Demək olar ki, hər gecənin zülmət qaranlığında xalqımızın milli ruhlu övladlarının, dövlət, hərb, ədəbiyyat və mədəniyyət nümayəndələrinin qapısını qara maşınlı, qara geyimli, qara eynəkli insanlar döyür, evləri ələk-vələk edir, qorxudan titrəşən körpələrə, qadınlara məhəl qoymur, mənzilləri dağıdaraq nə isə axtarırdılar. Əllərinə keçən şəkilləri, əlyazmaları, sənədləri götürüb aparırdılar. "Xalq düşməni" damğası ilə həbs olunan xalqımızın ziyalı övladları gedər-gəlməzə göndərilirdilər. Aparılan araşdırmalardan aydın olur ki, təkcə 1937-ci ildə Azərbaycanda "xalq düşməni" damğası vurulan 29 min nəfər güllələnmiş və ya Sibirə sürgün edilmişdir. Güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin böyük əksəriyyəti sovet rejimi, kommunist ideologiyası, o cümlədən mövcud quruluşa qarşı real, ciddi təhlükə yarada biləcək güc və zəka sahibləri idi. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində misilsiz xidmətlər göstərmiş repressiya qurbanlarının həyat və yaradıcılığı haqqında ölkə arxivlərində illərlə tədqiqat işləri aparılıb, kitablar və silsilə elmi məqalələr yazılıb. Ölkə arxivlərində müxtəlif illərdə ayrı-ayrı mövzular üzrə aparılan araşdırmalar zamanı 1937-ci ildə repressiya olunmuş qələm əhlinin qısa tərcümeyi-halı, əsərləri barədə də geniş məlumatlar toplanıb. Onların bir qismi barədə qısa məlumatları oxucularımıza təqdim edirik.
Sözü, zəkası “qırmızı terror”a və repressiyaya məruz qalmış, acı, nakam taleləri xalqımızın qan yaddaşına qanla yazılmış görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimlərimiz haqqında qısa məlumatları oxucularımıza çatdırmağı özümüzə ən böyük mənəvi borc bilirik. Onlar 70 il sovet imperiyasının zəncirləri ilə əl-qolları bağlanan xalqımızın şəhid övladları, milli ruhunun əbədiyyət günəşi, sönməyən işıqlarıdılar...
Rasizadə Hüseyn Cavid Abdulla oğlu Azərbaycanın görkəmli şairi, dramaturqu və ədəbiyyat tariximizdə romantizmin banisi, milli təfəkkürü, fəlsəfi düşüncələri ilə poeziyamıza yenilik gətirən xalqımızın dahi oğludur. O, 1882-ci ildə Naxçıvan şəhərində anadan olub. Sovet Sosialist Respublikaları İttifaqı Daxili İşlər Xalq Komissarlarının yanında Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı ilə islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilib. 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndi yaxınlığında dünyasını dəyişib. Xalqımızın görkəmli oğlu Hüseyn Cavid Azərbaycan SSR Ali Məhkəməsinin 6 mart 1956-cı il qərarı ilə bəraət alıb.
Xalqımızın istiqlal şairi, Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi Axundzadə Əhməd Cavad Məmməd oğlu 1892-ci ildə Şamxor rayonunun (indiki Şəmkir) Seyfəli kəndində anadan olub. O da 12 oktyabr 1937-ci il tarixində SSRİ Ali Məhkəməsinin səyyar Hərbi Kollegiyasının Bakı şəhərində keçirilmiş qapalı iclasında çıxarılmış hökmlə güllələnməyə məhkum edilib. 17 dekabr 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə xalqımızın azadlıqsevər oğlu, istiqlal carçısı Əhməd Cavada da bəraət verilib.
Taleyinə gənc yaşlarında ağrılı, acılı günlər yaşamaq yazılmış nakam şairimiz İsmayılzadə Mikayıl Müşfiq Mirzə Əbdülqədir oğlu 1908-ci ildə Bakı şəhərində anadan olub. SSRİ Ali Məhkəməsinin səyyar Hərbi Kollegiyasının 4 yanvar 1938-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilib. 23 may 1956-cı il tarixində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə xalqımızın nakam şair oğlu Mikayıl Müşfiqə bəraət verilib.
Görkəmli yazıçı, publisist Şahbazov Şahbazi Tağı (Simurq) Abbas oğlu 1892-ci ildə Bakı şəhərində anadan olub. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının 2 yanvar 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə Ş.T.Şahbazova bəraət verilib.
Yazıçı, publisist Talıblı Böyükağa Mirqasım oğlu 1897-ci ildə Salyan şəhərində anadan olub. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 25 iyun 1957-ci il tarixli qərarı ilə B.Talıblıya bəraət verilib.
Yazımı repressiyaya məruz qalmış ilk Azərbaycan qadını, 37-nin 37 yaşlı qurbanı ədəbiyyatsevər şair Ümmügülsüm Sadıqzadənin keçdiyi ağır, iztirablı ömür yolundan bəzi qeydlərlə davam etdirəcəyəm. Ömür-gün yoldaşı yazıçı Seyid Hüseyn də təlatümlü, fırtınalı günlərin qurbanlarından biri olmuşdu. Ümmügülsüm Sadıqzadə 1900-cü ildə ruhani ailəsində doğulmuşdur. Bakının Novxanı və ətraf kəndlərində məşhur olan Əbdüləziz kişinin üçüncü qızı hələ uşaq yaşlarından ədəbiyyata, şeirə, sənətə meyil göstərirdi. Doqquz yaşından şeir yazmağa başlayan Ümmügülsüm ilk təhsilini ata-anasından almışdı. Fars və türk dillərini, klassik Azərbaycan və şərq ədəbiyyatını da ona valideynləri öyrətmişdilər. Getdikcə artan bilikləri və istedadı sayəsində heca və əruz vəznlərində gözəl şeirlər yazırdı. Əlbəttə ki, onun bu istedadı tezliklə diqqətləri çəkdi. Ümmügülsüm 1914-cü ildən artıq "Açıq söz", "Birlik", "İqbal", "Yeni iqbal", "İstiqlal", "Azərbaycan", "Ədəbiyyat", Şərq qadını" kimi mətbu orqanlarında çıxış etməyə başladı. Milli ruhlu şeirləri ilə tez bir zamanda ədəbi aləmdə tanınmağa başlayan gənc şairin istedadı və cəsarəti o vaxt mətbuatda qadın azadlığı, hüquqları uğrunda mübarizəyə həsr olunmuş məqalələrlə çıxış edən Seyid Hüseynin də diqqətindən yan keçmədi...
Gənc ailə əsməkdə olan repressiya ruzigarını hiss edirdi. Onların oğlu Xalq rəssamı Oqtay Sadıqzadə xatirələrində qeyd edirdi ki, biz hər gün qapının döyüləcəyini gözləyirdik. Bir də gördük ki, o acı gün gəlib çatdı. Ümmügülsümün həyat yoldaşı yazıçı, tənqidçi Seyid Hüseyni 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər. Oğlu Toğrulun - "Nə vaxt qayıdacaqsan?" - sualı cavabsız qalır. 1938-ci ilin yanvarında Seyid Hüseyn güllələnir. Oqtay daha sonralar deyirdi ki, atasının harada güllələnməsi haqqında onlara bir neçə informasiya veriblər. Bir ehtimala görə o, Qum adasında güllələnib. "O, güllələnmədən öncə dənizin qoxusunu içinə çəkərək gülümsəyib".
Yazıçı, tənqidçi Sadıqzadə Seyid Hüseyn Mir Kazım oğlu 1887-ci ildə Bakı şəhərində anadan olub. 1937-ci il iyulun 11-də verilmiş 709 saylı orderə əsasən həbs edilib. SSRİ Ali Məhkəməsinin 5 yanvar 1938-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının qərarı ilə güllələnməyə məhkum olunub. Hökm 5 yanvar 1938-ci ildə Bakı şəhərində yerinə yetirilib. 6 oktyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə Seyid Hüseynə (Sadıqzadə) bəraət verilib.
Repressiya illərində bir çox ziyalıların həyat yoldaşları məhz onların özlərinə görə həbs olunurdu. Ancaq Ümmügülsüm xanıma aid olan arxiv materiallarını, onun bizə çatan əsərlərini nəzərdən keçirəndə gözümüz önündə aydın bir mənzərə canlanır. O mənzərə bizə deyir ki, onun həbsinə və düçar edildiyi acılara səbəb təkcə Seyid Hüseynin həyat yoldaşı olması deyildi. Yaradıcılığından süzülən xalqına hədsiz sevgisi idi. Azadlıq eşqi onu xalqından, azadlıqdan uzaq salmışdı. Sürgündə olarkən ümidsizlik girdabında çırpınan bir nalə qopurdu sanki qadın qəlbindən. O nalə "Günəşim bir daha doğmayacaqmı?" deyirdi:
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq boğmayacaqmı?
Sordum, ümidimi qırma dedilər.
Ümidini qırmamağa çalışsa da, bir qadın qəlbi sonsuzadək əzaba dözə bilmir, inciyir, sızlayır, yara bağlayır, döyünməkdən yorulur və bir gün əbədiyyən susur. Ümmügülsüm xanım repressiya dalğasının günahsız “günahkar”ı idi. Ən böyük “günah”ı isə pantürkist damğası ilə həbs olunmuş yazıçı Seyid Hüseynin həyat yoldaşı olması idi. Repressiya onların nəslindən on üç qurban aldı. On üç yaşanmamış yarımçıq qalmış həyat... Repressiya illərinin sərt küləkləri sakitləşdi. Ölkədəki siyasi vəziyyət dəyişdi, elə bir gün gəldi ki, çoxları kimi Seyid Hüseyn və Ümmügülsüm xanım da bəraət aldı. Ancaq bu bəraət digər repressiya qurbanları kimi onların da taleyini dəyişmədi...
Ümmügülsüm xanım 1943-cü ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək, azadlığa buraxılmasını xahiş edir. Onun azad olunmasına yalnız 1945-ci ilin aprelində qərar verilir. Artıq sürgün günlərinin geridə qaldığına, uşaqlarına və evinə qovuşduğuna yenicə sevinmiş bu əzabkeş qadına, iyirmi gündən sonra Bakıda qalıb yaşamaq yasaqlanır. Vətənində də sürgün olunur. Bakıdan Şamaxıya köçməyə məcbur edilir. Burada da uzun müddət yaşaya bilmir. Üç ay sonra qızı Qumralın qolları arasında gözlərini əbədi olaraq həyata yumur.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"