AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xalqımız illərdir həsrətində olduğu tarixi Zəfərin sevincini artıq 5 ildir ki, qürurla yaşayır. Bu tarixi Zəfər isə hərbi qulluqçularımızın cəsarəti, igidliyi və şücaəti, həmçinin rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində əldə olundu. Döyüşlər zamanı sıravi əsgərindən yüksək çinli zabitinə qədər hər kəs şəxsi nümunə və fədakarlıq göstərərək adlarını hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazdı.
44 günlük Vətən müharibəsində iştirak edərək qazanılan qələbədə payı olan hərbi qulluqçularımızdan biri də kapitan Adəm Quliyevdir. Zabitlə "N" hərbi hissəsində tanış olduq. Öyrəndik ki, hərbi qulluqçumuz Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra zabit olmaq arzusu ilə Heydər Əliyev adına Hərbi Liseyə müraciət etmək qərarına gəlib. Valideynlərinin xeyir-duasını alan Adəm hərbin sirlərinə dərindən yiyələnmək üçün ilk olaraq hərbi liseydə, daha sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. Burada ixtisası üzrə biliklərə yiyələnib. Təhsilini müvəffəqiyyətlə başa vuran Adəm Quliyev leytenant hərbi rütbəsində "N" hərbi hissəsində xidmətə başlayıb. 44 günlük Vətən müharibəsinə qədər bilik və bacarığını keçirilən təlim və məşğələlərdə durmadan artırıb.
- Hərbçi olmaq qərarına gəldiyim, eləcə də xidmətə başladığım gündən torpaqlarımızın işğal altında olması mənim üçün çox ağır idi, - kapitan Adəm Quliyev dedi. - Sanki yurd yerlərimiz bizləri - öz övladlarını gözləyirdi və bilirdi ki, işğal tezliklə sona çatacaq, tarixi ədalət bərpa olunacaq. Ermənilərin genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində yalnız qalibiyyət uğrunda irəli atıldıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi torpaqlarımızı azad edərək Qələbə qazandıq. Azərbaycan Ordusu xalqımıza illərdir həsrətində olduğu qələbə sevincini yaşatdı. Sevinirəm ki, mən də digər silahdaşlarım kimi, 44 günlük Vətən müharibəsində qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəldim. Bu gün fəxr edirəm ki, qalib ordunun sıralarında xidmət edirəm!
Vətən müharibəsində kapitan Adəm Quliyev Xocavənd rayonu istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb. Döyüş yoldaşlarının köməyi ilə dərhal hərbi hospitala təxliyə olunub.
Vətən sevgisi ən müqəddəs və ali duyğudur. Cəsur hərbi qulluqçularımız öz Vətəninə bağlıdırlar. Oğullarımız hər zaman ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər zamanı əllərindən gələni əsirgəməyib, şəxsi şücaət və igidlik nümunələri göstəriblər. 44 günlük Vətən müharibəsi də bunu bir daha nümayiş etdirdi. Haqq uğrunda mübarizəyə qalxan igidlərimizin hər birinin keçdiyi döyüş yolu bu gün gənc nəsil üçün əsl örnəkdir.
Döyüşlərdən sonra kapitan Adəm Quliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Bu gün də xidmətini layiqincə davam etdirən hərbi qulluqçumuza şərəfli xidmətlərində uğurlar arzulayıb sağollaşdıq. Əminik ki, savadlı, bacarıqlı və vətənpərvər hərbçilərimizin sayəsində hər gün daha da güclənən rəşadətli ordumuz şəhidlərimizin qanı, canı, hərbçilərimizin şücaəti hesabına əldə etdiyimiz suverenliyimizin daima qarantı olacaq.
Elçin İMANOV
"Azərbaycan Ordusu"