Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2025 18:52

Həkimin peşəkarlığı həm də onun diaqnozu düzgün təyin etməsindədir

Peşələr çoxdur. Onların hər biri insan həyatı üçün əhəmiyyətlidir. Həkimlik isə bunların arasında ən məsuliyyətlisi və daha çox bilik tələb edəndir. Dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da həkimlik peşəsinə ciddi önəm verilir. Hər il yüzlərlə həkim xəstəxanalarda, klinikalarda, hospitallarda fəaliyyətə başlayır. Bunların arasında hərbi həkimlər də var. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Diaqnostika şöbəsi və orada çalışan həkimlərin gündəlik fəaliyyəti ilə yaxından tanış olmaq üçün qeyd olunan məkana yollandıq. Əvvəlcə tibb xidməti polkovniki Qismət Hətəmovla görüşdük. O, bizə qeyd olunan şöbə haqqında qısa məlumat verdi. Bura yalnız hərbçilər deyil, həm də mülki vətəndaşlar da müraciət edir, onlara düzgün diaqnoz qoyulmaqla müalicə olunurlar.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Diaqnostika şöbəsinin yerləşdiyi korpusun tikilməsinin maraqlı tarixçəsi var. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə səhhəti ilə əlaqədar Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alanda orada tibbin necə inkişaf etdiyini görmüş və Vətənə qayıdandan sonra hərbi hospitalda ona bənzər bir korpusun tikilməsinə göstəriş vermişdi. Bununla da Ulu Öndər Azərbaycanda hərbi tibbin inkişafına da öz töhfəsini vermiş oldu.
Diaqnostika şöbəsinin rəisi, tibb xidməti polkovniki Vüqar Həsənovla xidmət yerində görüşdük. Gəlişimiz gözlənilməz olduğu üçün həkim müayinə etdiyi xəstələrdən ayrılmaq istəmədi. - Qoy xəstələr gözləməsin, onları müayinə edim, sonra söhbətimizi edərik, - Vüqar həkim dedi.
Tibb xidməti polkovniki Vüqar Həsənov 1979-cu ildə Ağstafa şəhərində anadan olub. Ağstafa şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Arzusu hərbi həkim olmaq olub. O, 1996-cı ildə Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olan ilk həkimlərimizdən biridir. 2003-cü ildə təhsilini başa vurandan sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutda həkim kimi xidmətə başlayıb. 2006-2011-ci illərdə Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini alıb. "Radio diaqnostika" sahəsi üzrə ixtisaslaşıb. Vüqar həkim radiologiya sahəsinə aid hər növ cihazlarda müayinə və müalicəni asanlıqla həyata keçirir.


Doppler müayinələri



Vüqar həkim hospitalda xidmət etdiyi illər ərzində bir neçə dəfə Türkiyə Respublikasının "Hacıtəpə", "Acıbadəm" xəstəxanalarında və başqa yerlərdə ixtisasartırma kurslarında olub. Onun peşəkar həkim kimi formalaşmasında keçdiyi kursların, iştirak etdiyi simpoziumların da rolu böyükdür. Həkim deyir ki, xəstələr daha çox doppler müayinələri üçün müraciət edirlər. Bu sahə üzrə müraciət edənlərin sayı çox olsa da, onun bütün müayinələrdə qoyduğu diaqnozlar dəqiq olur. Ultrasəs müayinəsi, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası, momoqrafiya, invoziv radiologiya sahələrini də mükəmməl bilir. Vüqar həkimin doppler müayinəsində qoyduğu diaqnoz USM və KT müayinələri ilə üst-üstə düşür. Əsl həkim peşəkarlığı da bax, budur.

“Radiologiya” ixtisası üzrə xaricdə təhsilə ehtiyac qalmayacaq



Tibb xidməti polkovniki Vüqar Həsənov deyir ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları, rezidentlər hərbi hospitalda təcrübə keçirlər. “Onlar peşəkar həkimlərin nəzarəti ilə seçdikləri ixtisasların incəliklərini öyrənirlər. Hazırda diaqnostika şöbəsində "radiologiya" ixtisası üzrə iki nəfər tibb xidməti leytenantları Ülvi Məmmədov və Kamil Əliyev rezidentura üzrə təhsil alırlar. Hər iki gənc həkim "radiologiya" sahəsi üzrə mükəmməl biliklərə malikdir və peşəkarlıqlarını daha da artırmaq üçün səylə çalışır. Bu gün həkimlərimiz "radiologiya" üzrə xaricdə kurslar keçirlər, amma gələcəkdə buna ehtiyac qalmayacaq, çünki ölkəmizdə bu sahə güclü inkişaf etməkdədir”.
Vüqar həkim hərbi hospitalda xidmət etdiyi bu illər ərzində onlarla rezidentə dərs deyib. Onları bu sahənin mükəmməl biliciləri kimi formalaşdırmağa çalışıb. Həmin həkimlər hazırda hospitallarda, hərbi tibb müəssisələrində fəaliyyətlərini uğurla davam etdirirlər. 

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"