Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2025 18:50

“Dəmir atlı” döyüşçü - Yusif Xəlilov

Azərbaycan tarixində silinməz izlər qoymuş minlərlə qəhrəman sərkərdə oğullar olub. Onlar Vətənin çətin günlərində hər zaman ayağa qalxıb, onu müdafiə edib, bayrağının dalğalanması üçün əlindən gələni əsirgəməyib. Bu yolda düşməni məhv etməyi də, ölməyi də bacaran igidlərimiz şərəf, hünər və qeyrət nümunəsi göstərməyi bacarıblar. Torpağı  canı və qanı ilə vətənləşdirən oğullarımızın yazdığı tarix bu gün vətənpərvərlik dərsliyi olaraq gənc nəslin hər bir nümayəndəsi üçün müqayisəsiz nümunədir. Məhz qəhrəman oğullarımız tarix yazaraq, tarixə yazılmağın məfkurəsini hər kəsə izah etməyi bacardı. Öz Vətən aşiqi əcdadlarının yolunu mətin addımlarla gedən igidlərimiz xalqımızın qəlbində qubar bağlamış yurd həsrətini, Vətən qaçqınçılığını təmizləmiş oldular. Ana Vətəninin azadlığı, bütövlüyü, suverenliyi üçün canından keçmiş hər bir şəhidimizin qisasını öz canı və qanı bahasına almış oğullarımız bu gün Tanrının ən ali qatında şəhidlik zirvəsində ünvan sahibləridirlər. Azərbaycan xalqının Vətən həsrətinə son qoyan şəhidlərimiz heç vaxt unudulmur və unudulmayacaqlar. Çünki xalqımız qədirbilən və öz qəhrəman övladına yüksək ehtiram sahibi xalqdır. Şəhadət zirvəsinə ucalan oğullarımız cismən yanımızda olmasalar da, onların əziz ruhları ehtiramla yad edilir, milyonlarla azərbaycanlının qəlbində yaşayır.
İkinci Qarabağ müharibəsində qısa müddətdə böyük tarix yazan Azərbaycan əsgəri separatçı qüvvələrin tör-töküntülərini və terror qruplaşmalarını 2023-cü ilin sentyabrında bir gündən də qısa zaman kəsiyində darmadağın edərək suverenliyimizi tam bərpa etməyi bacardı. Ağır məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı erməni dəstələri çıxış yolunu ağ bayraq qaldırmaqda gördülər. Çətin relyef, quraşdırılmış çoxsədli maneə vasitələri və istehkamların olmasına baxmayaraq, yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirən cəsur əsgərlərimiz döyüş meydanında əhəmiyyətli dərəcədə hərbi nəticələr nümayiş etdirdilər. Bu misilsiz şücaətin təcəssümüdür ki, suverenliyimizin bərqərar olduğu hər bir nöqtədə şanlı, üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanır. Bu yolda canını fəda edən qəhrəman oğullarımız 30 ilə yaxın həll oluna bilməyən müqəddəs vəzifəni icra edərək qısa vaxtda yüksək nəticələr əldə etdi, öz qanı ilə Vətən torpaqlarını bütünləşdirdilər. Antiterror əməliyyatından sonra Xankəndi, Xocalı, Ağdərə və digər ərazi inzibati vahidlərimizdə bərpa-quruculuq, həyata qayıdış işləri uğurla aparılır.
Şəhidlik ünvanı vətənpərvərliyin ən ali məqamıdır. Şərəf və örnək simvolu olan şəhidlərimiz Vətənimizin varlığı uğrunda öz ömürlərini əbədiləşdirir, adlarını daim yaşadırlar. Belə igid şəhidlərimizdən biri də  tankçı Yusif Məmmədrza oğlu Xəlilovdur.
Şəhid Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü il aprelin 30-da Lənkəran şəhərinin Viravul kəndində anadan olub. Orta təhsilini Canəli Əzimov adına 2 saylı tam orta məktəbində alıb. 
Vətənə bağlılığı onun hərb peşəsinə, hərbi mundirə olan istəyini şərtləndirib. 18 il ordu sıralarında xidmət edən təcrübəli tankçı gizir Yusif Xəlilov hər zaman rəhbərliyin yüksək rəğbət bəslədiyi, öz hərbi intizamı və bacarığı ilə fərqlənən hərbçilərindən biri olaraq yadda qalıb. Vətəni göz bəbəyi kimi qorumağın ümdəliyini hələ kiçik yaşlarından dərk edən Yusif 2016-cı ilin Aprel döyüşlərində ağır yaralansa belə, qarşıya qoyulmuş tapşırığı sona qədər yerinə yetirə bilib. Lələtəpə yüksəkliyinin işğaldan azad olunmasında şücaət göstərmiş Yusif Həzi Aslanov yolunun layiqli davamçısı kimi şərəfli döyüş yolu keçmişdir. "Dəmir atlı" döyüşçümüz növbəti dəfə 2023-cü ildə keçirilən antiterror əməliyyatında iştirak etmiş, Ağdərə istiqamətində gedən döyüşlərdə müqəddəs amal uğrunda - Vətən torpaqlarını azad etmək üçün son nəfəsinə qədər döyüşmüş, əbədiyyət ünvanı olan şəhidlik məqamına ucalmışdır. 
Doğulub boya-başa çatdığı Veravul kəndində torpağa tapşırılan gizir Yusif Xəlilov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub. Şəhid gizir Yusif Xəlilov ailəli idi, iki qız övladı var.

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"