AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şəhidlik, sadəcə bir ölüm deyil. Şəhidlik ölümsüzlüyə gedən bir yolun başlanğıcıdır. Vətən üçün canını düşünmədən vermək, şəhidlik zirvəsinə ucalmağın ən ali nümunəsidir. Bu zirvəyə yalnız ürəyi Vətən sevgisi ilə döyünənlər yüksələ bilərlər. Doğma Vətənimizin hər qarışında şəhid qanı var. Tarix boyu ata-babalarımız yadellilərə qarşı vuruşmuş, bu yolda qanlarından, canlarından keçmişlər. 44 günlük Vətən müharibəsində düşmən təxribatlarına layiqincə cavab verən, həsrətində olduğumuz torpaqlarımızı azad edərək bizə Qələbə sevincini yaşadan igidlərimiz göstərdilər ki, Azərbaycan əsgəri Ana Vətəni naminə bir an belə düşünmədən şəhid olmağa hazırdır. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı da qəhrəmanlarımızın qanı ilə yazılmış bir əqidədir.
Belə qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələr mənsubu, Vətən Müharibəsi Qəhrəmanı şəhid baş gizir Sübhan Cəbrayılovdur.
Qəhrəmanımız 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində dünyaya göz açıb. 1989-2000-ci illərdə R.Qafarov adına Marışlı kənd tam orta məktəbində təhsil alıb. Daha sonra isə müddətli hərbi xidmətə yollanıb. 2002-ci ildən isə xidmətini Xüsusi Təyinatlı Qüvvələrin "N" hərbi hissəsində davam etdirib.
Sübhan Cəbrayılov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Şiddətli döyüşlər zamanı cəbhənin Cəbrayıl rayonu istiqamətində komandanlıq tərəfindən verilən döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirib. Həmin döyüşlər zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Bu məkrli təxribat nəticəsində həmvətənlərimiz arasında ölənlər və yaralananlar oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qarşı tərəfin döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə əks-hücum əməliyyatlarının başlaması barədə əmr verdi.
Hər kəs kimi, qəhrəman şəhidimiz də bu əmri illərdi gözləyirdi. Döyüşlərin başladığı ilk gündən Sübhan Cəbrayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən əməliyyatlarda iştirak edib. Ordumuzun hərbi qulluqçularının peşəkarlığı və şücaəti sayəsində qısa zamanda mövcud olan təmas xətti yarıldı və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edildi.
Daha sonra Sübhan Cəbrayılov və onun döyüş yoldaşları Cəbrayıl və digər rayonlarımızın işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarına cəlb olundu.
Ordumuz durmadan irəliləyirdi. Düşmən qüdrətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilmirdi.
…Və nəhayət, qəhrəmanımızın son döyüşü idi. Oktyabrın 19-da Sübhan Cəbrayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil oldu. Sübhan və 40 nəfərdən ibarət olan qrup həmin gün Laçın dəhlizinə nəzarəti ələ almaq üçün strateji əhəmiyyətə malik olan mövqelər uğrunda döyüşlərə cəlb olundular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda gedirdi. Ağır döyüşlər 7 saatdan çox davam etdi. Qeyri-bərabər döyüşdə baş gizir Sübhan Cəbrayılov qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Sübhan Cəbrayılov ayın 23-də, doğum günündə Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn olundu.
Onun torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi igidliyi dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Sübhan Cəbrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Qəhrəmanımız, həmçinin ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
Şəhidlər ölmürlər, bir çiçəyə çevrilir, bir dağa dönür, bir ruh kimi səmamız üzərində gəzirlər. Onların adları bir bulağın suyunda, bir ağacın kölgəsində, bir körpənin adında, bir xalqın yaddaşında əbədi olaraq yaşayır. Biz yaşadıqca, onların da əziz xatirəsi bizimlə bərabər yaşayacaqdır.
Elçin İMANOV
"Azərbaycan Ordusu"