AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən uğrunda müharibələr qəhrəmanları torpağa qovuşdurur, əbədiyyətə ucaldır. Vətən insanın doğulduğu, boya-başa çatdığı, yaşamaq üçün nəfəs aldığı, uğrunda ölməyə dəyəcək qədər müqəddəs olan dəyərdir, torpaqdır. O, tariximizin sədasıdır, nənələrimizin dualarında, analarımızın göz yaşında, şəhid övladlarının susqunluğunda yaşayır. Vətən insanın qəlbində daşıdığı müqəddəs kimlikdir. Bu kimlik torpaqla yoğrulur, bayraqla ucalır, şəhid qanı ilə müqəddəsləşir. Azərbaycanın dahi xalq şairi Abbas Səhhət demişkən:
"Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, Vətənimdir, Vətənim".
Vətən ümdə, əziz bir hissləri özündə daşıyıan məhvumdur. Vətən sevgisi ürəyin ən dərin qatlarından gələn müqəddəs bir çağırışdır. O, insanı hər çətinliyə dözməyə, hər fədakarlığa hazır olmağa sövq edir. Vətəni sevmək, yalnız onun füsunkar təbiətini, gözəlliklərini seyr etməklə deyil, onu qorumaq, ona xidmət etmək, onun üçün yaşamaq və gərək olduqda uğrunda candan keçməklə ölçülür. Bu sevgi nə zamana, nə də şərtlərə tabe deyil. Bu sevgi sonsuz və təmənnasızdır. Çünki yalnız Vətən sevgisi insanları birləşdirir, qəlbləri möhkəmləndirir və qarşıda duran bütün sınaqlara sinə gərməyə güc verir. Könlümüzün məhbubu olan bu müqəddəs torpağa sevgi ilə bağlı duyğularımız, onun əzəmətini yaşadan ən güclü nəğmələrdir.
Azərbaycanın şanlı tarixinin hər dönəmi şəhidlərin qanı ilə yazılıb. Hər əsr, hər müharibə, hər hücum və hər dirəniş arxasında bir amal dayanıb. Bu amal hər zaman Vətəni qorumaq və düşməndən müdafiə etmək olub. Bu amal naminə canından, gəncliyindən, arzularından keçənlərin adı şəhid olaraq tarixə yazılıb, xalqın, millətin yaddaşına həkk olunub. Şəhidlər dünyadan köçmür, öz varlığını bütöv bir millətin yaşaması üçün fəda edirlər. Onlar ömürlərini yarımçıq qoyaraq bizə bütöv sabahları, aydın gələcəyi bəxş ediblər. Bu gün azad, suveren, müstəqil bir ölkədə yaşayırıqsa, bu azadlığın arxasında minlərlə şəhidin ruhu dayanır. Onlar cəbhədə döyüşərkən heç zaman yalnız özlərini deyil, geridə qalan milyonları düşünürdülər. Hər şəhid öz xalqının qeyrətinin, namusunun, birliyinin, mərdliyinin təcəssümüdür.
Lakin zəfər və birlik yolumuz təsadüf nəticəsində yaranmayıb. Bu azadlığın və əmin-amanlığın arxasında illərlə davam edən mübarizə, tükənməz səbir və ən başlıcası canını fəda etmiş minlərlə igid oğullar dayanır. Vətənin sabahı uğrunda, torpağın bütövlüyü naminə yaşayıb şəhid olan igidlərin hər biri bir tarix, bir ömür, bir rəmzdir.
Hər şəhidin öz hekayəsi var. Kimisi yeni ailə qurmuşdu, kimisi təzəcə ali məktəbi bitirmişdi, kimisi tələbə idi, kimisi də hələ məktəbi təzəcə bitirmişdi. Amma hər kəsin qəlbində bir arzu vardı ki, - Vətən sağ olsun! Bəlkə də heç bir xalqın bu qədər gənci belə inamla "canım sənə fəda, ey Vətən" deməyi bacarmır. Onlar arzularına çatdılar. Şəhidlik məqamına yüksəldilər. O anda bizim təsəllimiz də yalnız Vətən üçün idi - Vətən, başın sağ olsun... Şəhidlər, doğrudan da, ölmürlər. Onlar hər səhər qalxan, vüqarla dalğalanan ücrəngli bayraqda, hər azan sədasında yaşayırlar. Onların əziz xatirəsi bizə yol göstərir, güc verir, bir millət olaraq birliyimizi möhkəmləndirir.
Bəzən tarix susur. Amma şəhidlərin adı danışır. Mübariz İbrahimov, Polad Həşimov, Həmdəm Ağayev, İlqar Mirzəyev, Zaur Nudirəliyev, Nəcməddin Savalanov, Şəhriyar Quliyev, Murad Məmmədov, Elçin Həsənov, Hikmət Səfərov, Ruslan Tağıyev, Faiq Vəlizadə, Mehman Yusifov, İlkin Məmmədli, Xudayar Yusifzadə… Bu adlar sadəcə bir siyahı deyil, bu adlar Azərbaycanın əbədi yaddaşına yazılan şərəfli, silinməz tarixin bir parçasıdır. Onlar torpaq uğrunda canından keçən, adlarını Vətən dastanına qızıl hərflərlə yazdıran qəhrəmanlardır. Biz bu gün onlardan ikisini - Valeh Mirzə oğlu Hüseynov və Qüdrət Rahim oğlu Adışovu yad edəcəyik.
İki fərqli vaxt… İki fərqli nəsil… Bir müqəddəs yol… Şəhidlik zirvəsinə gedən bu şərəfli yola nəzər salaq.
Əvvəlcə 1990-cı illərin qaranlıq səhifələrini vərəqləyək. O səhifədə bir ad bizi qarşılayır - Hüseynov Valeh Mirzə oğlu. O, müharibədən əvvəl də sanki müharibənin içində idi. Gözlərində qəribə bir sükut, baxışlarında yorğun bir səbir vardı. Sanki taleyi özündən əvvəl yazılmışdı… Hüseynov Valeh Mirzə oğlunun taleyində elə bil bir elin yükü, bir xalqın izzəti gizlənmişdi.
1976-cı ilin oktyabrın 1-də Bakının 8-ci kilometr qəsəbəsində dünyaya gələn Valeh gənc idi, həyatın astanasında idi. O zamanlar heç kim bilməzdi ki, bu gənc bir gün "şəhid" deyilən uca məqamda anılacaq. Uşaqlıq illəri Bakının səs-küylü, məhəllələrində keçmişdi. Hələ gənclik illərindən zəhmətə öyrəşmişdi Valeh. 31 saylı peşə məktəbində təhsil alırdı. Müharibə filmlərinə baxanda susar, televizorda cəbhədən danışıldıqda dodaqları büzülərdi. İçində danışmayan bir igid yaşayırdı. Elə bu səssiz cəsarəti onu 1994-cü ilin oktyabrında Beyləqana apardı. Valehin cəmi 18 yaşı vardı, amma yaşı yox, ruhu döyüşürdü.
Əsgər idi, həmişə susmağa önəm versə də, gözləri çox şey danışardı. Döyüş yoldaşları deyirdi ki, "Valehin baxışları danışırdı… Sanki gələcəyini bilirdi".
O, subay idi. Ailə həyatı qurmaq, ailə başçısı olmaq istəyirdi. Lakin torpaq çağırırdı. O çağırışa səs verməmək mümkünsüz idi… 1995-ci ilin 24 avqust günü Beyləqanın oddan, güllədən yoğrulmuş torpağında son nəfəsini verdi. Onun adı o gün tarixə yazıldı - şəhid kimi, döyüşdə həlak olan igid kimi, müharibədən geri dönməyən əsgər kimi…
Valehin məzarı Şəhidlər xiyabanındadır. Bura bir nəslin dilində dua olan, bir xalqın yaddaşında işıq kimi yanan ünvandır. Şəhidimiz bu gün göydə bir ulduz, torpaqda bir kök, yaddaşda bir iz olaraq qalıb.
Zaman dayanmır. Tarix bir səhifəni bağlayır, digərini açır. Aradan illər keçsə də şəhidlərimizin adları unudulmur, ruhları da əbədidir.
Bu gün azad nəfəs aldığımız torpaqda Valeh və Qüdrət kimi oğulların qanı var. Bu gün vüqarla dalğalanan üçrəngli bayraqda onların nəfəsi, arzusu, yarımçıq qalan gənclikləri var.
Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Qüdrət Rahim oğlu Adışovdur.
Qüdrət 1998-ci ilin 26 iyulunda Azərbaycanın Yardımlı rayonunun Ostair kəndində dünyaya göz açıb. Valideynləri ona elə bir ad verdilər ki, o, bu adı son nəfəsinə qədər şərəflə daşıdı. Uşaqlıq illəri təbiətin saf qoynunda, kəndin səmimi insanları arasında keçdi. 2009-cu ildən etibarən orta təhsilini Zəngilan rayonunun 36 nömrəli tam orta məktəbində davam etdirdi. Bu məktəb ona yalnız bilik deyil, həm də vətənpərvərlik ruhunu aşıladı. Məktəbi 2016-cı ildə uğurla başa vuran Qüdrət, təhsil alaraq daha da inkişaf etmək məqsədilə Bakı Biznes Universitetinin "İqtisadiyyat" fakültəsinə daxil oldu. Onun arzuları böyük idi. Savadlı, bilikli olmaq, ailəsinə, xalqına və dövlətinə layiqli bir övlad kimi yetişmək istəyirdi. Amma o gün gəldi ki, onun bütün arzuları bir anda bütöv bir amala çevrildi - Vətəni qorumaq!
2020-ci il iyulun 7-də Qüdrət hərbi xidmətə çağırıldı. Hələ bilmirdi ki, cəmi bir neçə ay sonra Azərbaycanın şanlı tarixinə qəhrəmanlıqla yazılacaq bir savaşda ön cəbhədə olacaq. Elə həmin ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Qüdrətin də taleyini dəyişdi. O, döyüşlərə könüllü yollanan igidlərimizdən biri oldu. Vətən uğrunda başlayan savaşda Tərtər rayonunun Dəmirçilər kəndi istiqamətində ön sıralarda vuruşdu. Döyüş yoldaşlarının dediyinə görə, Qüdrət qorxmaz, əzmli və döyüş ruhu yüksək olan bir əsgər idi.
Lakin müharibənin də öz acı gerçəyi var. Müharibə Vətəni bütöv edir, qəhrəmanları torpağa qovuşdurur, şəhidlik zirvəsinə ucaldır…
Qüdrət Adışov Vətən uğrunda şəhid oldu. Onun qısa, lakin şərəfli ömrü Azərbaycanın azadlığına ithaf olundu.
Qüdrət Adışovun göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi. Bu medallar onun sinəsində deyil, xalqın qəlbində əbədi yer aldı.
Bu gün Qüdrətin adı sadəcə bir şəhid kimi yox, mərd oğul kimi xatırlanır. Onun göstərdiyi fədakarlıq, gələcək nəsillərə Vətən sevgisinin nə qədər böyük bir dəyər olduğunu xatırladır. Bu gün Qüdrətin ruhu şaddır. Çünki o, öz ömrünü müqəddəs Vətən torpağına bağışladı. O torpaq ki, artıq azaddır. O bayraq ki, artıq Qarabağda dalğalanır. O xalq ki, artıq başı ucadır, alnı açıqdır.
Şəhidlər ölməz, Vətən bölünməz!
Bu gün şəhidlərin xatirəsinə həsr olunmuş hər tədbir, ucaldılmış hər abidə, yazılmış hər kitab bizim hər birimizin həm mənəvi borcu, həm də vicdan səsimizdir. Onların bizə əmanət etdiyi Vətənə sahib çıxmaq, onu qorumaq və gələcək nəsillərə daha güclü şəkildə ötürmək hər birimizin müqəddəs vəzifəsidir.
İyulun 28-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində də şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" adlı anım tədbiri keçirildi. Tədbir Vətən müharibəsinin igid şəhidlərindən Qüdrət Rahim oğlu Adışov və Valeh Mirzə oğlu Hüseynovun əziz xatirəsinə ithaf olundu.
Tədbirin açılışında iştirakçılar Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi Zümrüd Səmədova onların şücaətlərindən danışaraq vurğuladı ki, Vətən uğrunda canından keçən hər bir şəhidin xatirəsi daim ehtiramla anılır və onlar xalqımızın yaddaşında əbədi yaşayırlar. Qeyd etdi ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Zümrüd Səmədova şəhidliyin müqəddəs zirvə olduğunu vurğulayaraq onların qanı bahasına azad edilmiş torpaqların qorunmasının hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırdı.
Mərasimdə şəhidlərin həyat yolunu əks etdirən videomaterial təqdim olundu, onların şücaəti və Vətən uğrunda göstərdikləri igidlik bir daha vurğulandı.
Anım mərasimində iştirak edənlər şəhid ailələrinə olan ehtiramlarını ifadə edərək, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsinin daim əziz tutulduğunu və döyüş yollarının gələcək nəsillərə örnək olacağını qeyd etdilər.
Bu gün torpaqlarımız azaddır, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində tarix yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək sübut etdi ki, haqq, ədalət uğrunda, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda vuruşdular və haqq - ədalət qalib gəldi. Torpaqlarımızı Azərbaycan Ordusunun gücü və əsgərlərimizin qəhrəmanlığı sayəsində qarış-qarış azad etdik. Hər gün qələbə xəbəri eşitdik. Və bu qələbəni müdrik dövlət başçımızın, şəhidlərimizin, eləcə də müharibə iştirakçılarının sayəsində qazandıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"