Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2025 18:46

Qələmi ilə savaşan vətənpərvər şair, həkim, bəstəkar Şahin Musaoğlu

Şahin Musaoğlu: "Ruhun işğalı torpağın işğalından daha təhlükəlidir. Torpaq işğal olunarsa, bir gün azad edilə bilər. Amma ruh işğal olunarsa, o torpaqlar geri qaytarıla bilməz". 
Vətənə sevgi, torpağa bağlılıq və milli ruh... 
Bu üç anlayış Azərbaycan ədəbiyyatında bir çox qələm sahiblərinin yaradıcılığında öz əksini tapsa da, Şahin Musaoğlunun qələmində bu duyğular daha dərin, daha təsirli və daha real boyalarla canlanır. O, çağdaş Azərbaycan ədəbiyyatında vətənpərvərliyi təkcə sözlə yox, həm də mövqe ilə göstərən, oxucunu düşündürən və ruhlandıran yazıçılardandır.
Şahin Musaoğlu əsərlərində təkcə qəhrəmanlıq deyil, həm də savaşın gətirdiyi acılar, xalqın fədakarlığı və mübariz ruhu ilə bağlı mövzulara yer verir. Onun yazıları yalnız ədəbi dəyəri ilə deyil, həm də milli ruhun qorunması və yeni nəsillərə ötürülməsi baxımından da xüsusi önəm daşıyır. Müəllif oxucunu birbaşa hadisələrin içinə aparır, qəhrəmanların ağrısı, ümidi və sədaqətini hiss etdirir.
Şahin Musaoğlunun yaradıcılığında əsas mövzu Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin ölməzliyi və torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədir. O, publisistik yazılardan tutmuş hekayələrə, esselərdən dramatik əsərlərə qədər müxtəlif janrlarda yazır. Yazılarında həm real hadisələrə, həm də insan talelərinə əsaslanaraq geniş auditoriyaya təsir etməyi bacarır.
Şairin vətənpərvərlik mövzusunda yazdığı "İgid əsgər, möhkəm dayan", "Birinci batalyon", "Cənab leytenant" kimi əsərləri həm sosial şəbəkələrdə, həm də qəzet və jurnallarda geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. O, həmçinin şəhid ailələrinin səsinə çevrilərək onların dərdini, qürurunu və mübarizəsini ədəbiyyata gətirən qələm sahiblərindəndir.
Şahin Musaoğlunun şeirlərində duyğu ilə fakt birləşir, obrazlar bir xalqın ruh halını ifadə edir. Onun qələmi ilə yaranan hər sətir, əslində, bir çağırışdır - unutmamağa, sevməyə və qorumağa çağırış. Onun əsərləri oxucunu yalnız düşündürmür, həm də milli yaddaşın canlı təcəssümünə çevirir. Bu təqdimatın fonunda Şahin Musaoğlunun yaradıcılığına, vətənpərvərlik mövzusunda olan əsərlərinə və ədəbi missiyasına qısa nəzər salacağıq.
Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, bu birliyin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvüdür. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, eləcə də həkimdir.
- Şahin müəllim, yazıçılar Azərbaycan Ordusunun qəhrəmanlığını ədəbiyyatda necə canlandıra bilərlər?

- Əvvəlcə, "qəhrəmanlıq nədir" sualına cavab tapmalıyıq. Qəhrəmanlıq sosial fenomendir, ancaq insana məxsus olan, insanın ruhu və təbiəti ilə izah edilə bilən bir anlayış kimi başa düşülür. Sonra "Ədəbiyyat nədir" sualına. Ədəbiyyat isə insanın özünə və ətrafında baş verən hadisələrə, proseslərə olan münasibətini obrazlı şəkildə, estetik formada izah edən bir söz sənətidir. Ona görə də bu iki amalın birgə vəhdəti ilə yazıçılar yazdıqları əsərlərdə qəhrəmanlığı qürur hissi ilə canlandıra bilərlər.
- İndi qəhrəmanlıq deyəndə mütləq bir igidlik, rəşadət, döyüş, savaş, müharibə olmalıdır?
- Düzdür, bu var. Amma qəhrəmanlıq deyəndə, təkcə müharibə, savaş prizmasından yanaşmaq olmaz. Unutmaq olmaz ki, bunun sosial tərəfi də var, dini tərəfi də var, tarixi tərəfi də var. Məsələn, çox uzağa getməyək, ötən ilin sonunda bizim mülki təyyarəmiz qəzaya uğradı. O zaman pilotlarımız və stüardessamız qəhrəmanlıq göstərdi və Dövlət tərəfindən “Milli Qəhrəman” adı ilə təltif olundular. Məsələn, bu da qəhrəmanlıq idi. Ümumiyyətlə, ədəbiyyatın dörd əsas xüsusiyyəti var. Yazarlarımız, romançılarımız, ədiblərimiz bu dörd  prinsipə əsaslanaraq yanaşırlar. Əvvəla, güclü müşahidə qabiliyyəti olmalıdır. Hadisələri izləyə bilmək üçün diqqətli olmaq, təhlil edə bilmək bacarığı vacibdir. Yazar üçün təxəyyül, yəni, təsəvvür gücü mütləqdir. Üstəlik, zəngin və dolğun dil ehtiyatı da olmalıdır. Məncə, bu dörd əsas prinsip əsasında yazıçı formalaşır.
- Azərbaycan Yazıçılar Birliyi (AYB) hərbi vətənpərvərlik mövzusunda əsərlər yazmaq istəyən gənc yazarlara hansı dəstəkləri göstərir?
- Dəstək deyəndə, belə başa düşürəm ki, bu, ilk növbədə onların əsərlərinin çap olunması, kitablarının yayılması, tanıdılması anlamında ola bilər. Əgər nəşr, tanıtım baxımından deyirsinizsə, bu istiqamətdə müəyyən dəstəklər mümkündür. Məsələn, yazmağa yeni başlayan biri var və o, hansısa strukturun tərkibində deyil, lakin yazmaq istəyir. Belə hallarda biz konkret yönəldilmiş şəkildə hansısa mövzuda yaz demirik. Kim hansı mövzuda yazmaq istəyirsə, seçim sərbəstdir. Biz o şəkildə yazı yönləndirməsi ilə məşğul olmuruq. Qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyinin, yaxud Hərbi Vətənpərvərlik Komissiyasının bu sahədə xüsusi layihələri, kadr hazırlığı mexanizmi yoxdur. Amma çap və nəşr məsələsinə gəldikdə - bəli, Azərbaycan Yazıçılar Birliyi gənc yazarlara bu istiqamətdə dəstək göstərir. Birliyin gənclərlə iş üzrə katibliyi var. Mətbuat Şurasının sədri Rəşad Məcid həmin istiqamətdə fəaliyyət göstərir. Hazırda da o proses davam edir. Gənc yazarların yetişdirilməsi və dəstəklənməsi üçün bu cür imkanlar mövcuddur.
- Azərbaycan Ordusunun təbliği və tanıdılması üçün hansı layihələr həyata keçirilir?
- Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsi 2020-ci ildə baş verdi. Ancaq ondan xeyli əvvəl, 2016 və 2018-ci illərdə Azərbaycan Yazıçılar Birliyi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında müəyyən əməkdaşlıq olmuşdu. Həmin dövrdə mən Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Komissiyasının sədri idim və Müdafiə Nazirliyi ilə Yazıçılar Birliyi arasında əməkdaşlıq memorandumu imzalandı. O zaman Azərbaycan Yazıçılar Birliyinin tanınmış nümayəndələri - xalq şairləri, xalq yazıçıları, hətta akademik statusu olan ziyalılarımız Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüşdülər. Bu görüşlər Müdafiə Nazirliyinin Baş Qərargahında və digər əsas strukturlarında baş tutdu. Bizə həmin məkanlar göstərildi, orada müxtəlif danışıqlar aparıldı. Hətta Müdafiə Nazirliyinin Ali Baş Komandan üçün nəzərdə tutulmuş müşavirə otağını da görmək imkanımız oldu. Nazir qeyd etdi ki, bu görüşdən Ali Baş Komandanın xəbəri var və icazə verib. Bu, bizim üçün çox önəmli idi. Həmin vaxt imzalanan memorandumun əsas məqsədi Azərbaycan Ordusunun qəhrəmanlığının, döyüş yolunun, qazandığı qələbələrin ədəbiyyat vasitəsilə təbliğ olunması idi. Bu çərçivədə bir sıra yazarlar cəbhə bölgələrinə səfər etdilər, əsgərlərlə görüşlər keçirildi, materiallar toplandı və müxtəlif janrlarda - hekayə, poema, roman və publisistik yazılar formasında əsərlər qələmə alındı. Yəni, bu istiqamətdə fəaliyyət bir-dəfəlik deyil, ardıcıl və məqsədyönlü şəkildə qurulub və həmin dövrdən başlayaraq bu əməkdaşlıq müxtəlif formalarda davam edir. Bizim tərəfdən on nəfər yazar və mən, qarşı tərəfdən isə hörmətli nazirimiz Zakir Həsənov və həmin bir neçə nüfuzlu şəxslər də tədbirdə iştirak edirdilər. Beləliklə, bir memorandum imzalandı. Həmin memorandumun əsas məğzi ondan ibarət idi ki, müəyyən günlərdə - bayramlar, anım günləri, hüzn günləri tədbirlərin təşkili, yazıçıların və şairlərin bu tədbirlərdə iştirakı təmin olunsun. Bundan əlavə, yazıçılarımızın hərbi hissələrə səfərləri, əsgərlərlə görüşləri, onların gündəlik həyatını yaxından izləmələri də nəzərdə tutulmuşdu. Hətta cənab nazir bildirdi ki, yazarlar hərbi hissələrdə 3 aya qədər qala bilərlər və bu müddət ərzində material toplayıb ədəbiyyata töhfə verə bilərlər. Gəlsinlər, qalsınlar, müşahidə etsinlər, yazsınlar. Bu minvalla memorandum imzalandı. Ardınca biz eyni məzmunlu memorandumu Sərhəd Qoşunları ilə də imzaladıq. Digər qurumlarla da belə memorandumlar bağlandı. Bu memorandum səviyyəsində müxtəlif görüşlərimiz olurdu - istər ön cəbhədə, istər arxa cəbhədə. Belə layihələr həyata keçirilirdi. Yazıçıların "Yazıçının vətənpərvər töhfəsi" adlı layihələri olurdu.  Belə düşünürəm ki, bu töhfələrdə fərq etmir - istər yazıçı, istərsə də oxucu, hər kəsin bu prosesdə rolu var. Sənət adamının cəmiyyətə vətənpərvərlik istiqamətində əsas töhfəsi xalqın, millətin ruhunu diri saxlamaqdır. Düşünürəm ki, biz bu illər ərzində buna müəyyən qədər nail ola bildik.  44 günlük müharibə bir daha sübut etdi ki, 30 il işğalda olan torpaqlarımızı biz azad edə bildik. Çünki ruhumuz diri idi. Bəli, bu, əsgərlərimizin, igid oğullarımızın, bütövlükdə Azərbaycan Ordusunun zəfəridir. Amma ondan sonra bizim alimlərimizin, ziyalılarımızın, sənət adamlarımızın ruhumuzun paytaxtı olan Şuşada qaldırdığı bayraq da bir zəfərdir. Əvvəlcə zəfəri ruh çağırır, sonra isə ordu zəfər gətirir.
- Sizcə sevgi mövzusunda yazmaq daha rahatdır, ya vətənpərvərlik mövzularında?
- Məsələn, dini mövzuda və ya sevgi haqqında yazanlar çoxdur. Sevgi haqqında yazmaq üçün çox zaman yalnız hiss və təhsil kifayət edir. Yəni, sevib yanmaq, yaşamaq və ya sevilmək bəzən yetərlidir ki, insan sevgidən yazsın, yaxud gündəlik münasibətlərdən, duyğulardan bəhs etsin.
- Bəs vətənpərvərlik mövzusunda yazmaq üçün yalnız vətənpərvər olmaq kifayətdir, yoxsa insan bu sahədə nələrisə bilməli, elmi baza və dəyərlərə söykənməlidir?
- Fikrimcə, vətənpərvərlik ideologiya deyil. Vətənpərvərlik ideologiyadan daha dərin, daha geniş və bəşəri dəyərlərə dayanan bir sistemdir. Bu, hər bir xalqın, millətin yaşaması, ayaqda qalması və formalaşması üçün əvəzsiz və həyati əhəmiyyət daşıyan bir meyardır, anlayışdır. Əslində, vətənpərvərlik hər bir insanın öz övladına, yaşadığı torpağa, milli kimliyinə, dəyərlərinə, adət-ənənələrinə sahib çıxması, onları qoruyub gələcək nəsillərə ötürməsi missiyasıdır. Vətənpərvərlik yalnız hisslə yox, həm də biliklə yanaşma tələb edir. Yəni, insan Vətəni sevirsə, bu sevgini ifadə etmək üçün onun tarixini, coğrafiyasını, mədəniyyətini, keçdiyi yolu, qəhrəmanlarını da bilməlidir. Vətən, torpaq, bayraq yalnız emosional deyil, eyni zamanda, intellektual bir məsuliyyət və dəyərdir. Vətənpərvərlik həm duyğudur, həm də bilikdir. Vətənpərvərlik əxlaq kateqoriyasıdır, vicdan məsələsidir. Vətənpərvərlik bir əqidə yoludur. O  həm də vəfa, sədaqət rəmzidir. Eyni zamanda, vətənpərvərlik anlayışdır. Milli düşüncə, milli təfəkkür və özünüdərk etmədir. Bir insan birdən-birə vətənpərvər ola bilməz. Bu, zamanla formalaşan, mərhələlərlə keçilən bir prosesdir. Bu, arzu və istək əsasında formalaşmalı, tədricən yetişməlidir. Necə ki, var-dövlət anlayışı ilə dövlətçilik anlayışı fərqlidir, eləcə də vətən sevgisi ilə həqiqi vətənpərvərlik arasında fərq var. Vətənpərvər olmaq üçün yalnız Vətəni sevmək yetmir, eyni zamanda, tarixini bilmək, onun dəyərlərini mənimsəmək və bu istiqamətdə özünü inkişaf etdirmək lazımdır. İnsan özü-özünü bu yolda yetişdirməlidir. Təəssüf ki, bəzən özünü vətənpərvər kimi göstərən, amma, əslində, yalnız Vətən haqqında pafoslu sözlər deyən insanlar da olur. Amma gerçək vətənpərvərlik onlardan tamamilə fərqlidir. Bu, davranışda, vicdanda, əməldə görünməlidir.
- Ümumiyyətlə, bir şair üçün müharibə nədir?
- Qandır, qadadır… Müharibə ölümdür, işgəncədir, faciədir. Müxtəlif dövrlərdə baş vermiş müharibələr bir-birindən fərqlənir - istər döyüş vasitələrinə görə, istər taktikasına, istərsə də strategiyasına görə. Hər bir müharibə öz dövrünün şəraitinə uyğun olaraq fərqlidir. Amma mahiyyət etibarilə müharibə elə müharibədir. Birinci Dünya müharibəsi də, İkinci Dünya müharibəsi də, Qarabağ müharibəsi də - hamısı müharibədir. Bu gün Ukrayna ilə Rusiya arasında baş verənlər də bir müharibədir.
- Bəs sizə görə, müharibə ilə bağlı əsərlərin daha təsirli və yaddaqalan olması üçün nə etmək lazımdır?
- Əgər başını qaldırıb ətrafa baxsan, görərsən ki, sanki başının üstündə ölüm kabusu dolaşır. Bəşəri miqyasda baxanda, müharibə bir ölüm maşınıdır. Hətta aldığın nəfəs belə ölüm qoxusu verə bilər. Bu mənzərəni təsvir edən əsərlər daha təsirli olur. Çünki müharibə budur. Müharibə haqqında yazmaq isə… Əlbəttə, bu zaman reallığı yazmaq vacibdir. Müharibə həqiqəti, reallığı sevir. Yazıçı necə varsa, elə də yazmalıdır. Mən bunu dəfələrlə demişəm: yazıçının güclü müşahidə qabiliyyəti olmalıdır. Əgər o yazıçının müşahidə gücü varsa, hadisələri izləyə, dərk edə bilirsə və üstəlik bu müşahidələri qələmə ala biləcək təsvirçilik bacarığı, rəvayətçilik qabiliyyəti də varsa - artıq bu zaman yazıçı təxəyyülü də köməyə gələcək. Bu iki xüsusiyyət - müşahidə və təsvir bacarığı mütləq olmalıdır. Yazıçı tarixi hadisəyə, qəhrəmanlığa sadiq qalaraq onu olduğu kimi, eyni zamanda, bədii ustalıqla təqdim edə bilirsə, bu zaman müharibə haqqında yazdığı əsər həm təsirli, həm də dəyərli olacaq.
- Biz 44 günlük müharibə kimi ağır və tarixi bir dövrü geridə qoymuşuq. Bu dövrlə bağlı yazanlar da var. Bəs yazılanlar kifayət qədər qiymətləndirilibmi? Ümumiyyətlə, ortada gələcək nəsillərə qalacaq, keyfiyyətli, sanballı əsərlər varmı?
- Əvvəlki dövr bir başqa idi. O vaxt yazıçıların sayı az idi, materiallar da məhdud idi. İndi, həm yazan çoxdur, həm də material çoxdur. Hətta bəzən hər tərəfdən mövzu axını ilə qarşılaşırıq. Amma bu da faktdır ki, əlində imkan və fürsət olan hər kəs yazmır, yazanlar da bəzən çap etdirə bilmir. Demək olmaz ki, heç nə yazılmayıb və ya yazılanlar keyfiyyətsizdir - bu, nə etik olar, nə də obyektiv. Sadəcə olaraq belə hallar olur ki, yazılmış əsərlər çap olunmur, ya da çap olunsa belə geniş oxucu auditoriyasına çatmır, təbliğ olunmur, yayılmır. Ya da sadəcə, kənarda qalır, diqqətdən yayınır. Yazan şəxs çox vaxt öz şəxsi hesabına kitabını çap etdirir. Bu da geniş oxucu kütləsinə çata bilmir. Əsas məsələ odur ki, bu sahədə həm də yayım və tanıtım mexanizmləri qurulmalıdır. Yazılan əsəri yazmaqla iş bitmir. O, oxunmalı, tanıdılmalı və cəmiyyətə təsir etməlidir. Vətənpərvərlik mövzusuna hərtərəfli həssas yanaşılmalıdır. Öz adıma deyə bilərəm ki, mən artıq 30 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. Mənim mahnılarım "İgid əsgər", "Cənab leytenant", "Əsgər Vətən əmanəti", "Birinci batalyon", "Səma şahinləri" və s. çoxdur. Bütün bu mahnılar istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində əsgərlər arasında çox populyar olub. Əsgərlərin əksəriyyəti, bəlkə də həmin mahnıları kimin yazdığını bilmirdilər. Onlar üçün müəllifin kimliyi vacib deyildi. Sadəcə olaraq, həmin mahnılar onların hisslərinə, duyğularına toxunurdu. Onlar bu mahnılara ehtiyac duyurdular və ona görə də dinləyirdilər. Bu sahədə geniş arxivim var. Belə demək mümkünsə, xalqın damarını tutmuşam. O gənclər, o döyüşə atılan övladlarımız, elə bil mənim 30 il əvvəl yazdığım mahnılarla döyüşürdülər. Yəni, bu Vətən müharibəsinə qədər yazılmış əsərlər indi də aktuallığını qoruyurdu. Onu da qeyd edim ki, Zəfərimizin beşilliyinə həsr olunmuş, dörd hissədən ibarət sinfonik poema - "Zəfər dastanı" adlı əsər yazmışam. Notla yazılmış, partitura şəklində tam hazırdır. Ancaq bu əsəri yerləşdirmək, dinləyiciyə çatdırmaq lazımdır.
- Son olaraq, Azərbaycan Ordusunun hərbi qulluqçularına, qəzet oxucularına, eyni zamanda, ehtiyatda olan zabitlərə və bütövlükdə xalqımıza nə demək istərdiniz?
- Əvvəla, onlara cansağlığı arzu edirəm. Həmişə deyirəm: "Ehtiyatda olan zabit yoxdur". Zabit harada olursa-olsun, həmişə zabitdir. İstər əlində silah səngərdə dayanan, istərsə də əlində qələm tutan - hər ikisi savaşa qatılanlardır. Sadəcə, birində fiziki mübarizə var, digərində ideoloji mübarizə. Bu ideoloji savaşı qələmə alan jurnalistlərimiz, sənət adamlarımız, ziyalılarımız mədəniyyətin keşikçiləridirlər. Mən elə ikinci bir peşə tanımıram ki, bu qədər ali və şərəfli olsun. Çünki Vətənin keşikçiləri yalnız sərhədləri qorumaqla kifayətlənmirlər. Onlar, eyni zamanda, Vətənin yeraltı və yerüstü sərvətlərini, tarixini, mədəniyyətini, dəyərlərini də qoruyurlar. Bu isə həm mədəniyyət, həm əxlaq, həm də bir intizam məsələsidir. Bütün bu yolda əziyyət çəkən hər kəsə - əsgərə, zabitə, müəllifə, ziyalıya bir daha cansağlığı və uğurlar arzu edirəm. 
- Müsahibəyə görə çox sağ olun.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"