AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2020-ci il sentyabrın 27-si Azərbaycanın müasir tarixində dönüş nöqtəsi, xalqımızın iradəsinin, ordumuzun gücünün, dövlət-xalq birliyinin təntənəsi olan İkinci Qarabağ müharibəsinin başladığı gündür. Sirr deyil ki, Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqeləri artilleriya atəşinə tutuldu, mülki əhali və hərbi qulluqçular arasında ölən və yaralananlar oldu. Düşmənin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum xarakterli döyüş əməliyyatlarına başladı.
Haqq savaşımızın ilk saatlarında düşmənin illərlə mifləşdirdiyi "Ohanyan səddi" yarıldı. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndləri azad edildi. Eyni zamanda, Ağdərə rayonunda və Murovdağ silsiləsində strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi. Bu uğurlar Böyük Qələbəyə aparan yolun başlanğıcı oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Bizim mübarizəmiz haqq mübarizəsidir" sözləri artıq tarixə qızıl hərflərlə yazılıb. 44 gün ərzində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, əzmkarlıq və peşəkarlıq nümayiş etdirərək bütün dünyaya sübut etdi ki, xalqın dəstəyi ilə hər bir məqsədə çatmaq mümkündür. Nəticədə işğal altındakı torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Lakin bu Zəfərdən əvvəl də düşmənin təxribatlarına layiqli cavablar verilmişdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri Ermənistanın təxribatlarının qarşısını alan mühüm hərbi əməliyyatlar idi. Bu qarşıdurmalar göstərdi ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və şəxsi heyətin döyüş ruhu düşməndən qat-qat üstündür.
44 günlük Vətən müharibəsindən sonra da qalib ordumuz bir neçə uğurlu döyüş əməliyyatları keçirməklə də öz suveren hüquqlarını tam təmin etdi. Bu gün artıq Azərbaycan Ordusu işğaldan azad olunmuş ərazilərdə tam nəzarəti həyata keçirir. Müasir silahlarla, yeni rabitə və müşahidə sistemləri ilə təchiz edilmiş ordumuz istənilən təxribatın qarşısını almağa qadirdir.
Eyni zamanda, ordu quruculuğunda aparılan islahatlar, hərbi qulluqçular üçün yaradılan müasir infrastruktur, döyüş mövqelərindəki şəraitin yaxşılaşdırılması, şəxsi heyətin bütün növ təminatlarının yüksək səviyyədə olması ordumuzun müdafiə qüdrətini daha da artırır. Hərbi qulluqçularımız yalnız silahla deyil, vətənpərvərlik ruhları və fədakarlıqları ilə də torpaqlarımızın keşiyində inamla dayanırlar.
Döyüş növbətçiliyi aparan bölmələrdən birində hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olmaq, torpaqlarımızın müdafiəsində dayanan mərd oğullarımızla söhbətləşmək məqsədi ilə "N" hərbi hissəsinə yollandıq. Bir daha şahidi olduq ki, Azərbaycan əsgəri təkcə sərhədlərimizi deyil, xalqımızın mənəvi bütövlüyünü, tarixi ədaləti və milli qürurunu da qoruyur. Zəfərləri ilə tarix yazan qalib ordumuz bu gün də güvən yerimiz və qürur mənbəyimizdir.
Vətənimizin keşiyində ayıq-sayıqlıqla xidmət edən igidlərimizin hər biri xalqımızın qürurudur. Onların hər biri bu müqəddəs vəzifənin məsuliyyətini dərk edir, qarşı tərəfin istənilən təxribatının qarşısını layiqincə almağa hər an hazırdır. Ərazi bütövlüyümüzün müdafiəsində qətiyyətlə dayanan igid oğullarımızla xidmət yerlərində söhbətləşib düşüncələrini öyrəndik.
Çavuş Eldar Zurab oğlu Babasıyev Bakı şəhərindəndir. O, həm İkinci Qarabağ müharibəsinin, həm də digər döyüş əməliyyatlarının iştirakçısıdır. Döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. "Biz Vətəni canımız, qanımız bahasına qorumağa and içmişik. Vətənimizin hər qarış torpağı müqəddəsdir və onu qorumaq bizim borcumuzdur. Döyüşlərdə çiyin-çiynə xidmət etdiyim yoldaşlarımın fədakarlığı sayəsində bu gün bu torpaqlarda qürurla dayanırıq", - çavuş E.Babasıyev dedi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kənan Eyvaz oğlu Nəsibli Kəlbəcər rayonunun Zülfiqarlı kəndindəndir. 2022-ci ildə Cermux istiqamətində baş verən döyüşlərdə və 2023-cü ilin antiterror əməliyyatında iştirak edib: "Biz bu torpaqların övladlarıyıq. Xidmət etdiyim hər an atamın, anamın, ailəmin mənə verdiyi mənəvi güc yanımdadır. Əmim Rasim Nəsibov Birinci Qarabağ müharibəsində döyüşüb, Kəlbəcər istiqamətində yaralanıb. Onun yaşadıqları mənim üçün həm örnək, həm də məsuliyyətdir".
Biləsuvar rayonundan olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nicat Nüsrət oğlu Quliyev isə Vətənə xidmət etməyi özünə böyük şərəf bilir. O, hərbi xidmətə gəlməzdən əvvəl güləş idman növü ilə məşğul olub və rayonlararası yarışlarda birinciliklər qazanıb. "İdmanda qazandığım qələbələrin həyəcanı gözəldir, amma əsgər kimi döyüş mövqeyində dayanmaq, torpağını qorumaq daha müqəddəsdir və qürurludur", - Nicat dedi.
Əsgər Gülbala Ayaz oğlu Güləliyev Xaçmaz rayonunun Çileyir kəndindəndir. Onun gözlərində Vətənə sevgi, üzündə isə rəşadətli və qalib ordunun əsgərinin əzmi görünür. Ayaz da torpaqlarımızın keşiyində dayanmaqdan qürur duyduğunu bildirdi. Vətəni qorumağın müqəddəs olduğunu vurğulayaraq deyir: "Burada öyrəndiklərim mənə həm həyat dərsi verir, həm də gələcəkdə Vətənimə necə daha faydalı ola biləcəyimi göstərir. Bir amalla xidmət edirik - müqəddəs vəzifələrimizi layiqincə yerinə yetirərək, bizə göstərilən etimadı yüksək səviyyədə doğrultmaq".
Əsgər İbrahim Zaur oğlu Əsgərli Biləsuvar rayonunun İsmətli kəndindəndir. Ailəsinin, xüsusilə atasının və anasının dualarını hər gün hiss etdiyini dedi: "Biz bu torpağın övladıyıq. Yaşım az olsa da, məsuliyyətim böyükdür. Xidmətdə öyrəndiklərim, komandirlərimin verdiyi təlimatlar məni həm bacarıqlı döyüşçü, həm də cəmiyyətə yararlı vətəndaş kimi formalaşdırır".
Əsgər Zamin Şahin oğlu Əliyev Şabran rayonundandır. Onun ailəsində əsgər peşəsinə dərin ehtiram var - qardaşı çavuş Şərifxan Əliyev 2023-cü ilin antiterror əməliyyatında iştirak edib: "Qardaşımın döyüş yolu, şücaəti mənə həmişə motivasiya verib. Qürurla daşıdığım hərbi mundirim mənim üçün məsuliyyət, şərəf və and deməkdir".
Əsgər Xəlil Qorxmaz oğlu Fərzullayev Lənkəran rayonunun Osaküçə kəndindəndir. O, burada hərbi biliklərlə yanaşı, bir çox üstün keyfiyyətlər də qazandığını vurğuladı. "Biz bura övladlıq borcumuzu yerinə yetirməyə, Vətənimizin keşiyində dayanmağa gəlmişik. Vətən bizimdir, onu göz bəbəyimiz kimi qorumalıyıq. Bu yolda lazım gələrsə canımızdan da keçməyə hazırıq".
Zirvədə xidmət edən əsgərlərlə söhbətimizdən bir daha əmin oluruq ki, Azərbaycan Ordusu təkcə silah gücünə deyil, həm də mənəviyyata, Vətən sevgisinə söykənir. Ordumuzun müdafiə qüdrəti həm də onun sıralarında dayanan belə gənc, əzmkar, məsuliyyətli əsgərlərindədir. Onların hər biri Azərbaycanın gələcəyinin təminatçısı, sülhün və sabitliyin qoruyucusudur. Bu əsgərlər yalnız silah tutan gənclər deyil - onlar Murovun ucalığını, Şuşanın müqavimətini, Xudafərinin əzmini daşıyan Vətən keşikçiləridirlər. Bu əsgərlər özlərini yalnız bu gün üçün yox, gələcək üçün, sabitlik üçün məsul bilirlər.
Ən müasir texnologiyaların tətbiq olunduğu döyüşdə belə, əsgərin döyüş ruhu, peşəkarlığı və inamı əsas həlledici amildir. Çünki torpaq təkcə texnika ilə yox, imanla, iradə ilə, şəhid qanı ilə və əsgərin mətinliyi ilə qorunur. Azərbaycan əsgəri bu gün sülhün, təhlükəsizliyin və əmin-amanlığın əsas təminatçısıdır. Onun durduğu hər mövqe, dayanıb baxdığı hər səngər, yeriyib gəzdiyi hər qarış torpaq bir müjdə, bir xəbərdarlıqdır: "Bu torpağın sahibi var!" Bu sahiblər - oğulları şəhid olan anaların tərbiyə etdiyi igidlər, düşmənə göz dağı olan əsgərlər, andına sədaqətli hərbi qulluqçulardır.
Gələcək nəsillər bu dövr haqqında yazılanları oxuyanda yalnız qələbə tarixini deyil, əsgərin sadə bir cümləsində gizlənən qeyrəti, mövqelərdə dayanan qüruru, səngərdəki bir addımda gizlənən Vətən sevgisini də görəcəklər. Bu gün Vətənin keşiyində dayanan hər əsgərin gözü uzaqlara dikilib - orada Vətənin sabahı, xalqın rahatlığı dayanır. Və bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanın işıqlı sabahı bu gün torpaqlarımızın müdafiəçisi olan vətənpərvər gənclərdir - igid, əzmkar, qorxmaz və Vətən üçün yaşayan gənclər.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"