AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şəhidlik sadəcə qanından, canından keçmək deyil, şəhidlik həm də ruhunu bir millətin işıqlı, təhlükəsiz sabahına bağışlamaqdır. Bu müqəddəs zirvə əbədi yaşamaq üçün ölümə könüllü gedənlərin yoludur… Vətən uğrunda canından keçən hər bir şəhid tarixdir, bir xalqın qəhrəmanlıq tarixi. Onlar bizim qürur mənbəyimizdir. Məlumdur ki, bu ali zirvəyə yüksəlmək hər kəsə qismət olmur. Bu gün biz azad nəfəs alırıqsa, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunubsa, bu, o igidlərin bizə qoyduğu mirasdır. Onların xatirəsi şərəflə, sevgi ilə, minnətdarlıq hissi ilə hər zaman yaşadılır, illər ötdükcə də qədirbilən xalqımızın tərəfindən yaşadılacaqdır.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 44 günlük Vətən müharibəsi şəhidi Cəfərov Vüsal Şəfi oğlunun xatirəsinə həsr olunan anım mərasimi keçirildi.
Anım tədbirində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidimizin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak etdilər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra şəhid Vüsal Cəfərovun döyüş və ömür yolundan bəhs edən videoçarx nümayiş olundu.
Qeyd edildi ki, Cəfərov Vüsal Şəfi oğlu 16 yanvar 1996-cı ildə Salyan rayonunun Xələc kəndində anadan olub. Vüsal 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Vüsal Cəfərov Şuşa, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümunələri göstərib. Noyabrın 6-da şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Vüsal Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsi zamanı mərdlik, qəhrəmanlıq göstərən oğullarımızın vətənpərvərliyindən, Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və rəşadət göstərərək Böyük Qələbə qazandığından danışdılar. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması uğrunda gedən döyüşlərdə şəhidlərimizin qisasının alındığını və tarixi yurd yerlərimizin işğaldan azad olunduğunu, üçrəngli bayrağımızın həmin ərazilərdə bu gün vüqarla dalğalandığını qeyd etdilər. Həmçinin Vətən uğrunda canından keçən oğullarımızın yad edilməsinin, onların şərəfli döyüş yolunun gələcək nəsillərə ötürülməsi üçün belə anım tədbirlərinin mütəmadi olaraq təşkil edilməsinin vacibliyi vurğulandı.
Şəhidimizin anası Könül Cəfərova çıxış edərək övladı ilə bağlı xatirələrini bölüşdü, göstərilən yüksək diqqət və qayğıya, şəhidlərimizin adlarının hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs ansamblının solistlərinin təqdimatında vətənpərvərliyi təbliğ edən musiqilər səsləndirildi.
Kursant
Elgün ƏLƏSGƏRZADƏ