AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MİQ-29 hərbi təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin şəhid olmasının 6-cı ildönümü ilə əlaqədar məzarı ziyarət olunub. İkinci Şəhidlər xiyabanına ziyarətə gələnlər arasında şəhidin valdeynləri, ailə üzvləri, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə, general-mayor Zaur Rüstəmov, Yasamal rayonu İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev və bir qrup hərbi qulluqçu vardı.
Qeyd edək ki, Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. "Polkovnik-leytenant" hərbi rütbəsinə qədər yüksəlib. R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də hərbi paradlarda onun nümunəvi uçuşları yüksək qiymətləndirilib.
2019-cu il iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq şəhid olub.
Rəşad Atakişiyev Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunub.
Hər il olduğu kimi bu il də şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsi əziz tutularaq, yad olundu. Hərbi Hava Qüvvələri komandanı və ailəsi adından məzarı üzərinə əklillər qoyuldu. Döyüşçü yoldaşları isə şəhidin məzarı üzərinə tər qızılgüllər düzərək, xatirəsini dərin hörmətlə yad etdilər.
Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Namiq İslamzadə pilot şəhid Rəşad Atakişiyevin hərbi xidmətindən, keçdiyi şərəfli döyüş yolundan danışdı. Onun necə bacarıqlı, peşəsini sevən zabit olduğunu xatırladı.
Rəşad Atakişiyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"