AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Polkovnik Ramiz Duyğunla (Məlikovla) XX əsrin 90-cı illərində xalqımızın tarixində yeni bir mərhələnin başlanğıcına aparan təlatümlü günlərdə görüşdüyümü xatırlayıram. 1991-ci ilin noyabrında mən də xalqımızın haqlı tələblərinin müdafiəsi üçün yaranmaqda olan ordumuzun formalaşmasına kömək göstərməyi qərara aldım, təşkilinə yenicə başlanmış Müdafiə Nazirliyinə getdim. İndiki Şəhriyar adına klubun ikinci mərtəbəsinin dənizə baxan tərəfində kiçik bir otaqda 3-4 nəfər mülki geyimlinin arasında Ramiz Məlikovu (Duyğunu) dərhal tanıdım. Mən yaşda olanlar xatırlayır ki, Ramiz müəllim uzun müddət Azərbaycan televiziyasının ən baxımlı verilişlərindən biri olan "Hünər"in yaradıcılarından biri və onun daimi aparıcısı idi. Milli hərbi qüvvələrin təşkilinə başlanan ilk günlərdə Ramiz müəllim də könüllü olaraq Müdafiə Nazirliyinə gəlmiş, xidmət etməyə hazır olduğunu bildirmişdi. Müdafiə Naziriliyinin rəhbərliyi ona Nazirliyin mətbuat xidmətini formalaşdırmağı həvalə etmişdi. Ramiz müəllim işgüzarlıqla, vətəndaş yanğısı ilə bu tapşırığın icrasına başlamışdı.
Mən Ramiz müəllimin yanına gələndə onun xidmət masası üzərində Əfqanıstanda xidmət keçmiş azərbaycanlı gənclərin yaratdığı ictimai təşkilatın çap etdirdiyi, mənim redaktoru olduğum "Mübarizə" qəzetinin bir nömrəsi var idi. Həmin nömrədə mənim Azərbaycanın ozamankı hərbi komissarından aldığım geniş müsahibə çap olunmuşdu. Ramiz müəllim bu müsahibəni diqqətlə oxumuş və xeyli cümlələrin altından xətt çəkmişdi. Bizim ilk söhbətimiz bu qəzetlə, bu məqalə ilə başladı. Özümü təqdim edəndən sonra Əfqanıstanda xidmət keçmiş birisi kimi milli müdafiə qüvvələrinin təşkilatlanmasına kömək göstərmək arzusunda olduğumu bildirdim. Onda Ramiz müəllim Müdafiə Nazirliyinin qəzetini yaratmaq niyyətində olduğunu dedi, məni də həmin qəzetdə işləməyə dəvət etdi. Beləcə, Ramiz Duyğunun təklifi ilə mənim də milli ordu sıralarında xidmətim başladı.
Ramiz müəllim qısa zaman ərzində həm Müdafiə Nazirliyinin mətbuat xidmətini formalaşdırdı, həm də bu Nazirliyin mətbu orqanı olan "Xalq Ordusu" (indiki "Azərbaycan Ordusu") qəzetinin nəşrinə nail oldu. Sovet hakimiyyəti illərində Dövlət Təhlükəsizlik Komitəsinin, hazırda isə Sərhəd qoşunlarının komandanlığının yerləşdiyi binanın dənizə baxan tərəfinin ikinci mərtəbəsində bir neçə otaqda Ramiz müəllimin rəhbərliyi altında toplanan jurnalist kollektivi 1992-ci il fevralın 11-də "Xalq Ordusu" qəzetinin ilk nömrəsini nəşr etdirməyə müvəffəq oldu. Azərbaycanda şərəfli tarixi olan hərbi publisistikanın yeni bir dövrünün də başlanğıcı qoyuldu.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin formalaşdırılması da Ramiz müəllimin adı ilə bağlıdır. Onun bu xidmətin təşkilinə cəlb etdiyi mütəxəssislər uzun müddət mətbuat xidmətinin aparıcı qüvvəsi oldular.
Polkovnik Ramiz Məlikovla Müdafiə Nazirliyinin və onun strukturlarının formalaşması bu nazirliyin tərkibində və rəhbərliyində isti yer tapmaq istəyənlərin "fədakarlığı" nəticəsində çox ciddi çətinliklərlə qarşılaşdı. Hərbi işdən xəbəri olanların da, olmayanların da 1991-ci ilin son bir neçə ayı ərzində müxtəlif tribunalardan səsləndirdiyi iddiaları bu gün yenidən xatırlayanda mən də acı bir təəssüf yaşayıram. Müdafiə qüvvələrinin təşkilatlanmasına qarşı istiqamətlənmiş ən müxtəlif müdaxilələrin müəlliflərinin zəkanın səsinə qulaq asacağına ümid bəsləməklə Ramiz müəllim də həmin günlərdə mətbuatda öz səsini qaldırırdı, peşəkarlara yer verilməsinin zəruriliyini təkrar-təkrar təkid edirdi. Azərbaycan Ordusunun tarixinin tədqiqi ilə az-çox məşğul olmuş birisi kimi bilirəm ki, Ramiz müəllimin ozamankı müsahibələri, yazıları ordu tarixinin öyrənilməsi üçün qiymətli materiallardır.
Ordumuzun təşkilatlanmasının hansı daxili sınaqlarla qarşılaşdığı indi hamıya yaxşı məlumdur. Bu sınaqları ordumuza yaşadanlara qarşı Ramiz müəllimin necə qətiyyətlə vətəndaş barışmazlığı göstərməsinin şahidlərindən biri də mənəm. 1992-ci ilin ortalarından başlayaraq Müdafiə Nazirliyinin Mətbuat Xidməti iflic vəziyyətinə gətirildi, "Xalq Ordusu" qəzeti bağlanıldı. Onda orduda xidmətdən kənarlaşdırılan Ramiz müəllim Sərhəd qoşunlarında xidmətə qəbul olundu. O, özünə xas olan işgüzarlıqla tezliklə bu qoşunlarda da həm mətbuat xidmətini, həm də "Sərhəd" qəzetini təşkilatlandırmağa müvəffəq oldu. Mən də bir müddət xidmətdən kənarlaşdırılsam da, sonradan hər ikimiz yenidən Müdafiə Nazirliyinə dəvət edildik və xeyli müddət bir şöbədə xidmət etdik. Bu dəfə Ramiz müəllim ordunun rəhbər sənədlərinin hazırlanması, hərbi terminologiyanın formalaşdırılması ilə bağlı dəyərli işlər gördü. Keçən əsrin 90-cı illərində bu məsələ tezliklə həll edilməli olan ciddi bir vəzifəyə çevrildi. Müdafiə Nazirliyinin yaradılmasından sonrakı neçə illər ərzində Nazirlik üzrə bütün əmrlər rus dilində hazırlanırdı. Bizim hərbi terminologiyamızın kargüzarlıq tələblərinə cavab vermədiyini bəhanə gətirirdilər. O zamanlar rəhbər hərbi sənədlərin, təlimatların Azərbaycan dilində hazırlanmasında böyük zəhməti olan zabitlərimizdən və ziyalılarımızdan biri də polkovnik Ramiz Məlikov idi. Ramiz müəllim və onunla birlikdə çalışan Mustafa Məhərrəmov, Məmmədtağı Tağıyev, Bəhruz Abdullayev, eləcə də bizim xidmət etdiyimiz şöbənin rəisi, o zaman polkovnik rütbəsində olan Çingiz Məmmədov iş vaxtından sonra da müzakirələri davam etdirir, sənədlərin redaktəsi üzərində bəzən mübahisələrə çatacaq dərəcədə gərginliklə çalışırdılar.
Sonradan Ramiz müəllim yenidən mətbuat xidmətinə dəvət olundu və bu xidmətə rəhbərlik ona tapşırıldı. Nəticədə bu xidmətin fəaliyyəti yenidən canlandı, konkretləşdi. Onun zəhməti sayəsində Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında əlaqələr daha da genişləndi, şəffaflaşdı. Xidməti müddətində polkovnik Ramiz Məlikov Müdafiə Nazirliyinin aparatının sayılıb-seçilən zabitlərindən biri oldu, onun xidməti Azərbaycanın yüksək ordenlərinə layiq görüldü.
Həm hərbi xidmət təcrübəsi, həm də həyat təcrübəsi ilə o zamanlar Ramiz müəllim, mənim həmyaşıdlarım üçün arxa-dayaq idi. Onunla hər ünsiyyət insanda xoş əhval-ruhiyyə yaradırdı. 2004-cü ilin sonlarında mənə polkovnik rütbəsi təqdim ediləndən sonra Ramiz müəllimin kabinetinə getdim və ilk təbriki də ondan eşitdim. 2005-ci ildə mən onu İran İslam Respublikasında qarşıladım. Həmin ilin aprelində İran İslam Respublikasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi attaşesi vəzifəsinin icrasına başlamışdım. Bundan bir ay sonra Müdafiə Nazirliyi rəhbərliyinin İrana rəsmi səfəri olmuşdu. Bu səfər Azərbaycanın Müdafiə Nazirliyi rəhbərliyinin İran İslam Respublikasına ilk rəsmi səfəri idi. İkitərəfli münasibətlərin bərqərar edilməsi və onun qarşılıqlı maraqlar müstəvisində qurulması istiqamətində bu səfərə böyük əhəmiyyət verilirdi. Polkovnik Ramiz Məlikov da bu mühüm səfərdə nümayəndə heyətinin tərkibində idi. Çox məsələləri mən yenidən Ramiz müəllimlə məsləhətləşdim, fürsət yarandıqca onunla söhbətləşdim. Ramiz müəllim də öz məsləhətlərini əsirgəmədi. Bu səfər uğurla başa çatdı. Ramiz müəllim və onun təmsil olunduğu nümayəndə heyətini Vətənə yola salandan sonra son dərəcə böyük bir qəribçilik hissi yaşadım.
Çox böyük işgüzarlıq, sonsuz məsuliyyət və bu keyfiyyətlərin vətəndaşlıq mövqeyi ilə əlaqələndirilməsi Ramiz müəllimin xarakterinin ayrılmaz tərəfi idi. Onda daim alovlanan Vətən yanğısı, insana sevgi var idi və bunu onun insan hisslərini coşduran şeirlərində də görmək mümkün idi. Ramiz müəllimin bədii yaradıcılığı da onun xarakterinin açıq ifadəsi idi. Müstəqillik dövründə yazdığı əsərlərində bir mübarizlik, qətiyyət, Vətənə sonsuz sədaqət duyğuları açıq xətlə keçirdi. Ramiz müəllim bu vətəndaşlıq mövqeyinə hər zaman sədaqətli olmuşdu. O, həyatının çox böyük bir hissəsini bağladığı Azərbaycan Ordusunun möhkəmlənməsini, onun hər bir uğurunu həyatının ən sevincli anları kimi qarşılayırdı.
Ramiz müəllimin gözəl keyfiyyətlərindən biri də sonsuz və təbii səmimiyyəti, hər bir insana sirdaş ola bilməsi idi. Tanıyanlar yaxşı bilirlər ki, onun səmimiyyətinin arxasında həm də hər zaman kömək olmaq niyyəti dayanırdı. O, həyat adamı, çətin anların güman yeri, heç zaman imtina cavabı olmayacaq zəkalı bir insan, kimsədən təşəkkür və minnətdarlıq gözləmədən yol göstərməyə hazır olan bir müdrik idi. İnsanlara münasibətində təmiz bir təmənnasızlıq var idi. Bu təmənnasızlığın qarşılığının ödənilib-ödənilməməsinə heç zaman məhəl qoymazdı. Buna görə də Ramiz müəllim böyük insan, həyatın nisgilli anlarında məsləhətinə, ümid dolu tövsiyələrinə ehtiyac duyulan bir xeyirxah idi. Ramiz müəllim hər zaman nəcib, Vətənini sevən bir insan kimi yaddaşlarda qalacaqdır.
Mehman SÜLEYMANOV
Milli Müdafiə Universiteti,
tarix elmləri doktoru