Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2025 14:48

“Mediamız tarixin heç bir dövründə olmadığı qədər azaddır”

Müasir dövrdə ölkələr yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də mübarizə aparır. Buna görə də mətbuatla ordu arasında sağlam, qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan mətbuatının tanınmış simalarından olan, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının sədri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini və "525-ci qəzet"in baş redaktoru olan Rəşad Məcid bu iki strateji sahənin - ordu və mətbuatın qarşılıqlı əlaqəsini dərindən analiz edə bilən şəxslərdən biridir. Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində onunla görüşüb həmsöhbət olduq. Söhbətimizdə medianın vətənpərvərlik missiyası, müharibə dövründə jurnalistin məsuliyyəti, ordunun informasiya təhlükəsizliyi kimi önəmli məsələlərə toxunduq. Onun fikirləri, təcrübəsi mövzuya yeni yanaşma gətirdi.
- Rəşad müəllim, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilib. Bununla bağlı medianın üzərinə hansı məsuliyyətlər düşür? Sizcə, bu mövzularda cəmiyyətin maarifləndirilməsi baxımından media öz funksiyasını necə yerinə yetirir?
- Müstəqillik illərində media hər zaman haqq səsimizin carçısı kimi çıxış edib. Bununla bağlı çoxsaylı qürur və fəxarət nümunələri var. Xüsusən Qarabağ həqiqətlərinin təbliğində, üzləşdiyimiz faciə və məhrumiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında jurnalistlərimizin xidmətləri böyükdür. Hesab edirəm ki, milli mətbuatımızın ötən 150 ilinə nəzər salsaq, bu məqam xüsusi vurğulanmalıdır.
Ümumən, Azərbaycan mediası təməldən milli özünüdərk və milli şüur məsələlərinə ciddi önəm verib. XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranmış mətbuat orqanlarımızın fəaliyyəti də məhz bu baxımdan tarixiləşib. Sovet dövrü Azərbaycan mətbuatı da müstəqilliyimizin başlıca atributu sayılan ana dilimizin qorunub saxlanmasında fəal rol oynamışdı. Bu baxımdan müasir mediamız ənənələrə sadiqdir. Bu sadiqlik "Konstitusiya və Suverenlik İli" çərçivəsindəki fəaliyyətə də sirayət etməkdədir. Əlbəttə, ön planda vətənpərvərlik təbliğatını görürük və bu iş əsasən peşəkarlıqla aparılmalıdır. Təbliğat çərçivəsində elə məqamlar qabardılmalıdır ki, onun dərin ictimai yükü və tərbiyəvi əhəmiyyəti olsun. Hazırda bu dəst-xətti prioritet seçən media orqanlarımız var. Mediamızın missiyanı layiqincə yerinə yetirdiyi qənaətindəyəm.
- 44 günlük Vətən Müharibəsində medianın rolunu necə dəyərləndirirsiniz? Həmin dövrdə jurnalist etikası və informasiya təhlükəsizliyi balansı necə qorundu?
- 44 günlük Vətən müharibəsi hərbi jurnalistikanın nə qədər böyük amil olduğunu təsdiqlədi. Hərbi jurnalistikanın hadisələrə - müharibəyə yeni yanaşmanın vacibliyini də forma və metodlarında göstərdi. Hesab edirəm ki, yanaşma təkcə eks- tremal durumlarda özünü idarəetmə vərdişlərinin təkmilləşməsini ehtiva etməməlidir. Sahəyə kompleks münasibət şərtdir. Bunun üçün hərbi jurnalistikanı həm də böyük zehin, analitik təfəkkür işi kimi formalaşdırmaq lazımdır. Hazırda müharibələrin informasiya cəbhəsi var. Bu cəbhənin səngərində yer alan hər bir qələm sahibi əli silahlı hərbçi funksiyalarını yerinə yetirə  bilməlidir.
Mediamız, jurnalistlərimiz 44 günlük Vətən müharibəsində kifayət qədər, peşəkar fəaliyyət göstərdi. Həmin dönəmdə bəzi müşahidələrimiz olurdu. Görürdük ki, Ermənistan tərəfində əynində "Press" gödəkçəli, əlində silah olan şəxslər var. Əlbəttə, belə hallar tam yolverilməzdir. Jurnalist hərbi əməliyyatların iştirakçısı olmamalıdır. İstər yerli, istərsə də beynəlxalq təcrübə, həmçinin peşə etikası standartları buna qarşıdır.
Müharibədə qələmini süngüyə çevirən həmkarlarımız da oldu. Onlar öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Yəni, döyüş meydanındakı amplualarına uyğun davrandılar.
Müharibə dövrünün öz qaydaları var. Bəzən bu qaydalar sərt də ola bilər. Amma reallıqlar mütləq şəkildə nəzərə alınmalıdır. Azərbaycan jurnalistikası müharibə dönəmində heç bir diskomfort hiss etmədi. Çünki, əvvəlcədən özünü müharibə ab-havasının xüsusiyyətlərinə köklədi. Bu kökləniş fonunda dəqiqliyi, rəsmi mənbələrin məlumatlarına istinadı, əldə edilmiş ayrı-ayrı bilgiləri, faktları müvafiq dövlət qurumları ilə dəqiqləşdirirdi. Yəni, peşə etikasının standartları qorunurdu. İnformasiya təhlükəsizliyinə, peşə etikasına riayət informasiya təhlükəsizliyi məsələsinə həssas yanaşmaqdır. Ancaq spesifik məqamlar da var. Məsələn, düşmən və ona yaxın xarici qüvvələr dezinformasiya yayırdılar. Mediamız və jurnalistlərimiz bunu duyur və aidiyyatı orqanlarla müştərək şəkildə fəaliyyət göstərirdilər. Ümumən, 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Qazanılan tarixi qələbədə xalq-ordu birliyinin də mühüm rolu oldu. Xalqımız birlik nümayiş etdirdi, Ali Baş Komandanın və ordumuzun ətrafında sıx birləşdi. Bunu cəmiyyətin ruh yüksəkliyi təmin etdi. Tam qətiyyətlə deyə bilərik ki, mediamızın cəbhədən operativ məlumatları, qələbə xəbərləri xalqımıza böyük ruh yüksəkliyi aşıladı. Tarixi Zəfərin əldə edilməsində ən mühüm amil də elə budur.
İnformasiya təhlükəsizliyindən söz düşmüşkən, 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həm Ali Baş Komandan kimi Ordumuza rəhbərlik etdi, həm də Azərbaycana qarşı çoxsaylı informasiya diversiyaları ilə təkbaşına mübarizə apardı. Dövlətimizin başçısı müharibə günlərində dünyanın aparıcı media orqanlarına otuzdan çox müsahibə verdi. Bu müsahibələr informasiya cəbhəsindəki qələbəmizi təmin etdi. Halbuki, müharibənin ilk günlərində dünyanın bir sıra media orqanları elə təqdimatlar edirdilər ki, sanki Azərbaycanın haqq davası işğalçılıq müharibəsidir. Bu müsahibələr belə mənfi təmayülləri tamamilə zərərsizləşdirdi. Bu, ölkəmizin liderinin səriştəsinin, böyük diplomatik bacarığının təntənəsi idi. O günləri xatırlamaq insanda misilsiz qürur və fəxarət hisləri oyadır.
- Azərbaycan Yazıçılar Birliyinin katibi olaraq Birinci və İkinci Qarabağ müharibəsi mövzusunda yazılmış ədəbi nümunələrin bədii və ideoloji səviyyəsi sizi qane edirmi? Sizcə, bu mövzu ədəbiyyatda layiqincə təcəssüm olunubmu?
- Əlbəttə, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi ilə bağlı çoxsaylı bədii yaradıcılıq nümunələrimiz var. Ədəbiyyat böyük qüvvədir. Birinci Qarabağ müharibəsinin niskili ədəbi əsərlərdə yaşadı ki, üzərindən otuz ilə yaxın müddət keçməsinə baxmayaraq, Qarabağ, doğma yurd həsrəti xalqımızın hafizəsində nəinki möhkəmləndi, bu həsrətə son qoymaq gənc nəsil üçün də hədəfə çevrildi. İdeoloji uğur baxımından inkişaf trayektoriyasını belə qiymətləndirərdim.
Ümumiyyətlə, Birinci və İkinci Qarabağ müharibəsi mövzusu ədəbiyyatımızda daha ciddi sənət nümunələri ilə təmsil olunmalıdır. Elə sənət nümunələri ki, onlar əsasında dünyaya çıxarılacaq bədii filmlərimiz olsun. Nəzərə alaq ki, şanlı Zəfərimizi indi də həzm edə bilməyən qüvvələr var və onlar əllərinə düşən hər imkanda həqiqətləri təhrif edirlər. Bu da ideoloji müharibənin bir göstəricisidir. Hesab edirəm ki, nəinki ədəbiyyatımız, eyni zamanda, mediamız, bütövlükdə ölkəmizin ictimai sektoru, sənət camiəsi ideoloji müharibəyə daim hazır olmalıdır.
- Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi qeyd olunur. Bu əlamətdar yubiley medianın keçdiyi tarixi yolun hansı mərhələlərini önə çıxarmağı zəruri edir? Sizcə, hansı dövrlər milli mətbuat tarixində dönüş nöqtəsi sayıla bilər?
- Milli mətbuatımız böyük inkişaf yolu keçib. Onun tarixi həm də dövlətçilik tariximizdir. Əsasını böyük mütəfəkkir Həsən bəy Zərdabi qoymuş milli mətbuatımız təbiət etibarilə mövhumatı dünyəviliyə, geriliyi inkişafa və tərəqqiyə daşımaq əzmində olub. Bu mənada "Əkinçi" və ondan sonrakı nəşrlərimiz müstəsna missiya yerinə yetiriblər. Elə bir missiya ki, həm də milli şüur və milli özünüdərk üçün zəmin hazırlayır, bu ali dəyərlərin təbliğatını aparırdı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti bu yanaşmanın ən böyük bəhrəsi oldu. 
Sovet hakimiyyəti illərində də mətbuatımız Həsən bəy Zərdabi ənənələrinə sadiq qaldı, ana dilimizi qorudu. Nəhayət, mətbuatımız XX əsrin əvvəllərindəki missiyasını əsrin sonunda da təkrarladı və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynadı.
Mətbuatımız, prinsip etibarilə, xalqımızın həyatında dönüş yaratmış müqəddəs mahiyyət və amal daşıyıcısıdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə senzura ləğv edildi. Həmin vaxtadək mətbuatımız həmişə senzura altında fəaliyyət göstərirdi.
Azad sözün xalq, dövlət və cəmiyyət üçün əhəmiyyətinə fundamental dəyər verən Ulu Öndər Heydər Əliyev siyasi buxovu aradan qaldırmaqla, əslində, tamamilə yeni bir mərhələnin əsasını qoydu. Həmin vaxt bu addım son dərəcə böyük cəsarət tələb edirdi. Çünki müharibə təhlükəsi sovuşmamışdı.
- 150 illik inkişaf dövründə Azərbaycan mətbuatı hansı fundamental dəyərləri formalaşdırıb və bu dəyərlərin bu gün qorunması üçün nə kimi addımlar atılmalıdır?
- Mətbuatımız Azərbaycan xalqına dünyəvilik kimi böyük sərvət bəxş edib, həyat dəyərləri aşılayıb, milli varlıq mübarizəmizin flaqmanı olub. Hər cür məhrumiyyətlərə rəğmən adət və ənənələrimizi, tarixi keçmişimizi yaşadaraq nəsildən-nəslə ötürüb. O, müxtəlif dövrlər, ictimai-siyasi formasiyalar arasında əlaqə zənciri qurub, dəyərlərimizin sıradan çıxmasının qarşısını alıb. Bu, son dərəcə önəmlidir.
Hazırda dəyərlərin qorunması üçün mühüm olan zəruri addımların atılmasıdır. Mətbuat özlüyündə dil hadisəsidir. Dil isə hər bir xalqın varlıq rəmzidir. Hesab edirəm ki, ədəbi dilimizin incəliklərini, bulaq suyu kimi saflığını qorumaq həm də dəyərlərin qorunmasına xidmətdir. Bunun isə elə də mürəkkəb formulu yoxdur. Mətbuatımızın, mediamızın, jurnalistikamızın üzərinə düşən başlıca vəzifə peşəkar olmaqdır. Peşəkarlıq həyatın bütün sahələrinə məqsədyönlü sirayət, sahiblənmək deməkdir. Əgər jurnalist peşəkardırsa, faydalıdır. Fayda isə çoxşaxəli xassəyə malikdir. Nəzərə alaq ki, medianın peşəkar şəkildə formalaşdırdığı cəmiyyət də dəyərlərin qorunmasına səfərbərlik ruhunda olur. Bu səfərbərlik fövqəladə xassəli deyil. Sadəcə, hamı öz işində dürüst olsa, kifayət edər.
- Zaman-zaman mətbuat azadlığı, senzura və təzyiqlər məsələsi medianın inkişafına təsir göstərib...
- Hazırda mətbuatımız,  mediamız tarixin heç bir dövründə olmadığı qədər azaddır. Azadlıq özü nisbi anlayışdır. Hər kəs azadlığı konkret nədəsə görə bilməkdə də sərbəstdir. Fikrimcə, peşəkar media hansı şərtlər altında fəaliyyət göstərməsindən asılı olmayaraq, özünə lazım olan azadlıq parametrlərini müəyyənləşdirir və həmin parametrlər daxilində cəmiyyətə fayda verməyi bacarır.
Totalitar sovet hakimiyyəti illərində də mətbuatımızda cəsarətli nümunələr yer alıb. Həsən bəy Zərdabinin özü "Əkinçi"ni məhrumiyyətlər altında ərsəyə gətirib və iki il yaşatmağa müvəffəq olub. "Əkinçi"dən sonrakı nəşrlərimizin keçdikləri yol da rəvan olmayıb. Onlar da çətinliklərə qatlaşaraq mübarizə aparıblar.
- Yeni media və sosial platformaların dominantlığı fonunda klassik jurnalistikanın gələcəyi necə görünür? 150 illik jurnalistika ənənəsi bu dəyişikliklərə necə uyğunlaşır?
- Jurnalistikanın prinsipləri dəyişməz qalır. Bildirdiyiniz dominantlıq peşəkarlıq ikinci plana keçəndə yaranır. Məsələn, bir müddət əvvəl sosial şəbəkələrdə bir video görüntü yayıldı. Həmin görüntü elə təqdim olundu ki, sanki vətəndaşa qarşı çox böyük haqsızlıq edilir. Müxtəlif sosial şəbəkə istifadəçiləri şərhlərdə özlərinin qəzəb və hiddətini yağdırdılar. Video- görüntünü media orqanlarımız da yaydılar və vətəndaş qəzəbini daha da körüklədilər. Halbuki, məsələnin məğzi başqa idi. Bu durumda media peşəkar yanaşsaydı, hadisə cəmiyyətə obyektiv şəkildə çatdırılardı.
Sosial şəbəkələrdə ayrı-ayrı hadisələrin yanlış təqdimatları üstünlük təşkil edir. Media da eyni yanlışlığı təkrarlayırsa, onunla sosial şəbəkə istifadəçisi arasında heç bir fərq olmur. Adi vətəndaş üçün birincini ikincidən fərqləndirəcək hansısa xüsusiyyət qalmır. Halbuki, media və ya jurnalist hadisə və proseslərə şübhəli yanaşsa, araşdırma aparsa, əsl təfərrüatları müəyyənləşdirsə, informasiya yayıcılığında dominantlıq qazanacaq. Cəmiyyət də sosial şəbəkələrdə yayılmış hansısa bilgini dəqiqləşdirmək üçün mediaya üz tutacaq.
Yəni, media və ya jurnalist öz prinsiplərini, peşəkarlıq dəyərlərini insanların nəzərində üstün mövqeyə daşıyacaq. Beləliklə, mənfi təmayüllər, istər-istəməz sıradan çıxacaq. Yekun nəticədə isə 150 illik jurnalistika ənənələri də qorunacaq.
Əlbəttə, bildirdiklərimə rəğmən texnoloji yeniliklərin mediaya təsirinin böyüklüyünü də vurğulamalıyam. Ümumən, hazırda yeniliklər informasiyaya sanki silah-sursat qazandırmış kimidir. İndi müharibələrdəki qələbə əsasən informasiya cəbhəsində qazanılır. Dövrümüzün reallığı budur. Əgər jurnalistika öz prinsiplərinin üzərində möhkəm dayansa, texnoloji yeniliklər peşəmizin obrazını dəyişə bilməyəcək. Əksinə, ikinci birincini özünə tabe etdirməyi bacaracaq. Bundan qazanan isə cəmiyyət olacaq. Beləliklə, sizin nəzərdə tutduğunuz uyğunlaşma mütərəqqi şəkildə, ağrısız yaşanacaq. Hər bir halda, jurnalist peşəkarlığını bütün növ yeniliklərin fövqündə dayanan dəyər kimi qiymətləndirirəm.
- Mətbuat Şurası olaraq bu yubileylə bağlı hansı tədbirlər planlaşdırılmışdı və bu tədbirlər medianın cəmiyyətə təsir gücünü artırmağa nə dərəcədə xidmət edir?
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il aprelin 25-də "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzaladı. Sərəncamda Prezident Administrasiyasının Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin keçirilməsini təmin etməsi qərara alınıb. Şura bu istiqamətdə bir çox tədbirlər təşkil etdi və etməkdədir.
Ümumən, bu sərəncam mühüm dövlət sənədi kimi qarşımızda yeni imkanlar açır. Bununla bağlı təşəbbüslərimiz var. Elekton və çap formatında "150 illik Azərbaycan mətbuatı" biblioqrafik məlumat kitabının və "Əkinçi"nin 150 illiyinə həsr edilmiş kitabın nəşrini vurğulaya bilərəm. Hər iki məsələ ilə bağlı müvafiq dövlət qurumuna müraciət edilib və müsbət cavab alınıb. Hesab edirəm ki, vəsaitlər mətbuatımızın Azərbaycan xalqının ictimai fikrininin inkişafındakı rolunun vurğulanması baxımından yaddaqalan nümunə olacaq.
- Müsahibəyə görə Sizə təşəkkür edir, gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirik.
- Çox sağ olun.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"