AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cari il Azərbaycan mətbuatının qızıl yubileyi - 150 illiyi ilə əlamətdar olan bir təqvim ilidir. Tarixə nəzər salsaq görərik ki, jurnalistika tariximizdə ilkə imza ataraq "Əkinçi"ni ərsəyə gətirmiş Həsən bəy Zərdabi nəticə etibarı ilə milli mətbuatımızın da yaranmasında müstəsna pay sahibi oldu. İlk milli qəzetimiz olan "Əkinçi"nin təlatümlü bir dövr olan 1875-ci ildə yaradılması xalqımız üçün tarixi və siyasi olmaqla yanaşı mədəni hadisə idi. Bu hadisə bir xalqın təşəkkül tapmasını şərtləndirən bir prosesin tərkib hissəsi kimi çoxdan arzulanırdı. O cümlədən, Azərbaycan tarixinin ilk kütləvi informasiya vasitəsi olan "Əkinçi" mədəni-maarifin, ictimai güzgünün formalaşmasına təkan verdi ki, bu tarixi hadisə cəmiyyətdə şüurun tərəqqisinə nail olmada böyük rol oynadı.
Azərbaycanın və azərbaycançılığın ilk mətbu orqanı olaraq tarixləşən "Əkinçi"mizin nəşrə başladığı tarix - 22 İyul Milli Mətbuat günü olaraq hər il təqdirəlayiq şəkildə qeyd edilir. Milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin yaratdığı şah əsər - "Əkinçi" qəzeti yarandığı zaman kəsiyində Qafqaz regionunda böyük rezonans yaratmaqla yaddaşlarda qaldı. Yarandığı tarixdən iki ildən də uzun dövrü əhatə etmiş, 56 sayı işıq üzü görmüş "Əkinçi" cəmiyyətin hər bir qrupu tərəfindən rəğbətlə qarşılandı. Bu prosesin (ictimaiyyətin maariflənməsi, siyasi baxımdan fəallaşması) davam etməsi Çar Rusiyasını narahat edirdi ki, bu narahatçılıq sonda öz nəticəsini verdi - nəticə etibarı ilə "Əkinçi" qəzetinin nəşri dayandırıldı. "Əkinçi" qəzetinin işığında mətbuat sahəsində xeyli irəliləyişlər oldu. Mətbuat sahəsindəki canlanma məhz "Əkinçi"dən sonra başladı ki, XIX əsrin sonrakı illərində "Ziya", "Kəşkül", "Kaspi" qəzetləri də nəşr olundu. XX əsrin əvvəlləri də milli mətbuatımızın təkamül dövrünü özündə ehtiva edir, "Molla Nəsrəddin", "Açıq söz", "Azərbaycan" və digər adlarda milli-mənəvi şüuru oyadan, onu təbliğ edən və qoruyan müxtəlif nəşrlər meydana çıxdı.
Cəmiyyətimizin aynası olan mətbuatın yaranması və inkişafı uzun və keşməkeşli dövrü əhatə edir. Belə ki, çar imperiyasının təsiri habelə coğrafi ətrafımızda bizi istəməyən qüvvələrin millətimizin dünyagörüşlü, savadlı olmasını gözlərinin götürməməsi bu prosesi çətinləşdirsə də, xalqı öz haqq yolundan döndərmədi. Azərbaycan mətbuatı hər zaman həqiqət carçısı, ədalət tərəzisi, hadisələr xəritəsi kimi soydaşlarımızın yoluna işıq saçan mayak oldu.Müstəqil Azərbaycanın memarı, xalqının Ümummilli Lideri Heydər Əliyev mətbuatın cəmiyyətin həyatında çox böyük rolu olduğunu dəfələrlə bildirmiş və jurnalistlərlə münasibətdə hər zaman öz səmimiyyətini nümayiş etdirmişdir. Şəffaflıq, qərəzsizlik və dəqiqlik keyfiyyətlərinin vacibliyini media nümayəndələri qarşısında əsas vəzifə qoyan Ulu Öndər Heydər Əliyev dünyada sayılıb-seçilən Azərbaycan mətbuatının fundamental istiqamətini də təyin etdi. Məhz dahi rəhbər sayəsində söz, mətbuat azadlığının inkişafına mane olan problemlərin həlli məqsədi ilə qanunvericilik bazasının yaradılması kütləvi informasiya vasitələrinə maddi-texniki dəstəyin göstərilməsi və ən əsası media nümayəndələrinin sosial rifahının yaxşılaşdırılması işlərinə start verildi. Bu gün mətbuatımızın inkişafı üçün göstərilən dəstək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Müxtəlif dövlət orqanları ilə cəmiyyət arasında qarşılıqlı inamın qorunub saxlanılması, xəbər operativliyinin təmin edilməsi, məlumatların təfsilat genişliyi və dəqiqliyinin olması bu gün media nümayəndələrinin üzərinə düşən əsas vəzifələrdəndir. Bu gün təkcə ölkə üzrə yüzlərlə qəzet-jurnal nəşr olunur, televiziya və internet kanalları mətbuatımızın parçası olaraq öz oxucu və tamaşaçı auditoriyasına xidmət edir. Təbiidir ki, mətbuat sahəsi gündəlik həyatımızın hər bir hissəsində mövcuddur. Mətbuat vahid və geniş anlayış olsa da siyasət, hərb, idman, təhsil, tibb, mədəniyyət, incəsənət və digər sahələrin hər birini özündə informasiya bazası olaraq saxlayır.
Hərbi mətbuatımız, əslində, gənc olsa da, tariximizdən bu günümüzə ("Xalq Ordusu", "Hərbi Bilik", Hərbi Telestudiya) ciddi məsuliyyət tələb edən sahələrdən biri idi. Birinci Qarabağ müharibəsi davam edərkən, savaşa savaşa qurulan hərbi mətbuatımız, cəbhədə igid oğullarımızın yanında formalaşırdı. Vətənpərvərlik hisslərinin təbliğində, milli və ümumi dəyərlərin öyrənilməsində əsas rol oynamış mətbuatımız Azərbaycan xalqının azadlıq, müstəqillik və bütövlük uğrunda apardığı mübarizələrin işıqlandırılmasında mühüm pay sahibi olmuşdur. Ədalətli mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdıran da məhz öz media sahəmizin cəsur və mərd jurnalistləri idi. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi zamanı törədilmiş erməni vandalizmi və hərbi cinayətlər lentə alınmaqla bütün dünyaya nümayiş etdirildi. Çəkilən, yazılan, paylaşılan hər şey Azərbaycanın ədalət arxivini formalaşdırmaqla mətbuatımızın informasiya cəbhəsindəki uğuru oldu.
Hərb sahəsi mətbuatın tərkib hissəsi olaraq, çox həssas və bir o qədər də dərin istiqamət olaraq qalmaqdadır. Məlumdur ki, müharibə zamanında media “ideoloji silah”a çevrilir. Bu il artıq 5-ci ildönümü olacaq İkinci Qarabağ müharibəsi zamanı hərbi mətbuat anlayışı cəmiyyətin gündəlik həyatında daha da aktivləşdi. Ölkə mətbuatı ön cəbhədən reportajlar hazırlamaq, əsgərlərin fikirlərini qələmə almaq, cəmiyyəti məlumatlandırmaq məqsədi ilə informasiya cəbhəsində savaşa atılmışdı.
Müqəddəs amal uğrunda, yüksək vətənpərvərlik keyfiyyətləri ilə Vətənin dar günündə öz üzərinə düşən peşə və vətəndaşlıq borcunu layiqincə ödəmək üçün onlarla, igid və müharibə iştirakçısı jurnalistlərimiz olub. Onların sırasında Vətən sevgisindən güc alaraq şəhidlik zirvəsinə ucalan jurnalistlərimiz var ki, onlar öz vətənpərvərlik hissləri ilə adlarını mətbuat tariximizə əbədi həkk etmişlər. Jurnalist Salatın Əsgərova 1991-ci ildə Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında düşmən tərəfindən qətlə yetirildi, 1992-ci ildə Salatın Əsgərovaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Şəhid Salatın Əsgərova Azərbaycan tarixində ilk şəhid qadın jurnalist olub.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı işğala başladığı andan etibarən Çingiz cəbhəyə üz tutub, orada baş verənləri lentə almağa və ictimaiyyətin diqqətinə çatdırmağa çalışıb. Cəbhədən müxtəlif reportajlar, müsahibələr hazırlayan Çingiz 1992-ci ildə Ağdamın Naxçıvanik kəndində çəkiliş apararkən yaralanır, kamerasını sona qədər söndürmədən şəhadət zirvəsinə yüksəlir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Kazımağa Kərimov, Alı Mustafayev, Osman Mirzəyev və digər qəhrəman jurnalistlərimiz var ki, öz vəzifə borclarını yerinə yetirərkən şəhid olublar. Öz sələflərinin qəhrəmanlıq yolunu ləyaqətlə davam edən, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş Vətən torpaqlarında çəkiliş aparmaq üçün ezam olunan Sirac Abışov və Məhərrəm İbrahimov da Vətən fədaisi jurnalistlər olaraq tarixə həkk olundular.
Müdafiə Nazirliyinin mətbu orqanı olan "Azərbaycan Ordusu" qəzeti nəşrə 1992-ci il fevralın 11-də "Xalq Ordusu" kimi başlamışdı, döyüşə-döyüşə formalaşan ordunun şəxsi heyətinin mənəvi-psixoloji ruhuna bürünmüşdü, ordu quruculuğu prosesinin mətbu tarixini yaradırdı - xalqın ordusu məfhumunun simvoluna çevrilmişdi. Qəzet yarandığı gündən həm də ordu quruculuğu prosesinin ideoloji dayağı olmaqla müstəqilliyinə yeni qovuşmuş dövlətin ordusunun inkişafında iştirak edib. Müharibə dövründə yarandığına görə ordunun şəxsi heyətinin söz tribunası olaraq, döyüşçülərin mənəvi hazırlığının artırılmasında, istər döyüşlərin, istərsə də döyüş əzminin tarixləşməsində iştirak edən "Xalq Ordusu" qəzeti döyüş xronologiyamızı da yaradırdı ki, bu da xüsusi tarixi əhəmiyyətə malikdir. Qəzetin əməkdaşları da döyüşçülər idi, oxucuları da döyüşçülər idi. Hər biri eyni amala xidmət edirdi - Vətən üçün, Qələbə üçün. Qəzetin əməkdaşları müharibə vaxtı daim səngərlərdə, döyüşənlərin yanında idi. "Xalq Ordusu" qəzetinin iki nömrəsi mətbuat tariximizdə ilk oldu, bu nömrələr bilavasitə döyüş bölgəsində hazırlandı.
Qəzetin nəşri müvəqqəti dayandırılanda Tərtərə ezam edilmiş əməkdaşları, Bərdə mətbəəsində qəzetin nəşrini A-3 formatında davam etdirdilər - 12 nömrə. Bu da mətbuat tariximizdir. Döyüşlər zamanı qəzetdə çap olunmuş Vətən haqqında şeir yazılmış hissəni kəsib cibinə qoymuş əsgərin Vətən sevgisinin necə də saf və əvəzolunmaz sevgi olduğu bu gün də qürurla xatırlanır?! Biri şəhid digəri şahid olan iki dostun xiyabanda cismi və ruhi görüşü o hadisəni yaşamış kəslər üçün necə təsir edicidir?! Məhz "Azərbaycan Ordusu" qəzetinin qocaman nümayəndəsi, əməkdar jurnalist Rəşid "Faxralı" Hüseynovun dediyi "şəklin özü, şəklin sözü" anlayışını bizə göstərən də həmin qəzet oldu.
“Azərbaycan Ordusu” qəzeti hələ “Xalq Ordusu” olduğu zaman Birinci Qarabağ müharibəsinin canlı, döyüş aynası (Həsən bəy Zərdabi demişkən, ayinəsi) olaraq, cəbhədə baş verən hadisələri oxuculara əlçatan edirdi, cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayırdı. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin Zəfər carçısı və qələbə səlnaməsi “Azərbaycan Ordusu” qəzeti oldu. Bir sözlə, Zəfərə çatdıran yol qəzetimizin tarixində də mühüm tarixini mərhələsini yaşadı və oxuculara yaşatdı. Qəzetin əməkdaşları döyüşlərin getdiyi bütün istiqamətlərə ezam olunaraq, döyüş iştirakçısı hərbçilərimizin fikirlərini qələmə almaqla, ideoloji işin təşkil olunmasına öz töhfəsini verib. İkinci Qarabağ müharibəsi zamanı "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbirləri bir neçə cəbhə üzrə bölünərək, gündəlik "Qalibiyyət döyüşü", "Sən qalib gələcəksən" və "Qələbə uğrunda" adlı səyyar qəzetlər çap olundu, Azərbaycan əsgərini Böyük Qələbəyə səslədi.
Vətən müharibəsində qazanılan zəfərdən sonra "Azərbaycan Ordusu" qəzetinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə" və Müdafiə nazirinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarına layiq görülüb.
"Xalq Ordusu" qəzeti atəşkəs dövründən sonra da, ordu quruculuğu prosesinin tərkib hissəsi olan islahatların aparılması, sosial-məişət şəraitinin qurulması, tədris prosesinin təşkil olunması və digər mövzular ətrafında yazı və məqalələr hazırlamaqla yanaşı, əsgərin özünü döyüşçü olaraq təkmilləşdirməsi istiqamətində də güclü əyani vəsait idi. Qəzet tarixdir, qəzet zamanın şahididir, qəzet arxivin nəfəs aldığı yerdir, qəzet gələcək nəsillər üçün canlı sənəddir, qəzet xalqın yaddaşıdır. "Azərbaycan Ordusu" qəzeti, xalqın qəzetidir, əsgərin dostu, komandirin köməkçisidir.
"Azərbaycan Ordusu" qəzeti bu gün də öz üzərinə düşən vəzifələri illər əvvəl olduğu kimi, lakin zəfər və qələbə əhval-ruhiyyəsində yerinə yetirir. Dəyərli oxucularımız qəzetimiz vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu, Böyük Qələbə və qalib ordumuz haqqında etdiyi çıxışları dərc edir. Bu fikirlər qalib Azərbaycan əsgərinin özünəinam hissini bir daha artırır, onları növbəti qələbələrə səsləyir. Dərc olunan məqalələr əsgərlərin döyüş ruhu, qələbə əzminə öz müsbət təsirini göstərir. Hərbi qulluqçularımızı tanıyıb sizlərə tanıtmaq üçün, medallı və ordenli igidlərimiz, gənc zabitlərimiz, nümunəvi xidmət və digər mövzularda yazılar şəxsi heyətin xidmətə olan sevgisini artırır və mənəvi-psixoloji hazırlığının yüksəlməsində əvəzsiz rol oynayır.
Bundan savayı istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda keçirilən müxtəlif təyinatlı təlim və məşqlərdə iştirak edən hərbi qulluqçularımızın fikirlərini öyrənib, qələmə almaqla ordumuzun artan döyüş hazırlığının ictimaiyyətə təqdim olunmasında iştirak edirik. "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbirləri işğaldan azad olunmuş tarixi ərazilərimizdə təşkil olunan döyüş növbətçiliyində iştirak edən hərbi qulluqçularla da həmsöhbət olur, onların fikirlərini oxucuların diqqətinə çatdırırlar. "Azərbaycan Ordusu" qəzeti rəsmi məlumatların verilməsi, döyüşçü qəhrəmanlarımızın tanıdılması, əsgərlərin gündəlik fəaliyyətinin işıqlandırılması baxımından xüsusi önəm kəsb edir. Belə olan təqdirdə də, əminliklə demək mümkündür ki, hərbi mətbuatın uzun illərdi aynası olan "Azərbaycan Ordusu" qəzetimiz ordumuzun yaddaş kitabçası, tarixi xronologiyasıdır.
Dövrünün çətinliklərinə sinə gərərək bu günə qədər gəlib çıxmış mətbuatımız xalqın maariflənməsində, milli mənəvi dəyərlərin qorunub saxlanmasında mühüm vasitə olmaqla, bu gün də öz yüksəliş mərhələsini yaşamaqdadır. Günümüzün modern tələblərinə uyğun olaraq, kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda mətbuatımızın bu tələblərə uyğunlaşması, innovativ yeniliklərin bu sahədə tətbiq edilməsi, müasir üsul və vasitələrin mənimsənilməsi hər bir media nümayəndəsi ilə yanaşı, sıravi vətəndaşımız üçün də qürurverici haldır. 150 yaşını qeyd edən mətbuatımız bu gün təkcə informativ deyil, həm də strateji əhəmiyyətə malik bir sahə olaraq, hər saniyə yenilənir. Bu 150 il tək medianın deyil, bir xalqın söz azadlığı, milli oyanış yolunun təntənə təqvimidir. Başlanğıcı təzyiqlərlə, qadağalarla, fədakarlıqlarla dolu bir tarixin son illərini zəfər təntənəsi ilə yaşayır. Bu gün informasiya axını sürətinə uyğun mübarizə aparmağa qadir bir mediamız var. Sosial media, rəqəmsal platformalar bir fərd üçün məlumat əlçatanlığını artırsa da, mətbuatımız dünənin tarixi, bu günün aynası, sabahın carçısı olaraq öz üzərinə düşən vəzifəni uğurla icra edəcək. Məlumat bu gün üçün yenilik olsa da, sabah üçün artıq tarixdir. Bu günümüzün yeniliyinin, sabahımızın tarixinin gözəl, müqəddəs və yaddaqalan olması diləyi ilə, Milli Mətbuat gününüz bir daha mübarək əziz həmkarlar!!!
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"
* * *
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə qoyulub. Onun nəşr etdiyi ilk mətbu orqan "Əkinçi" qəzeti ilk növbədə xalqı maarifləndirmək, elmə, təhsilə, texnologiyaya və milli oyanışa çağırmaq məqsədi daşıyırdı. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə xalqın dilində sadə danışmağa, onların gündəlik problemlərini işıqlandırmağa çalışırdı. Qəzetdə Həsən bəy Zərdabi, Əhsənül-Qəvaid (Hacı Məmmədsadıq), Əsgər ağa Gorani, Heydəri və başqalarının bu mövzuda kəskin yazılarla çıxış etmələrini qəbul etməyənlər öz etirazlarını, mövqelərini qəzetə ünvanlayırdılar. Həqiqətləri üzə çıxaran "Əkinçi" azad söz və fikir sərbəstliyinin mövcud olmadığını üstüörtülü şəkildə də olsa, çarizmin üsul-idarəsini, onun törətdiyi cinayətləri tənqid atəşinə tuturdu. Buna görə də "Əkinçi"yə yerbəyerdən hücum edilirdi. Beş şöbədən ibarət olan "Əkinçi" xalqı cəhalət yuxusundan oyanmağa çağırırdı. Lakin çarizm bu çağırışa qarşı qılınc rolunu oynayırdı. "Əkinçi"də xalqın maariflənməsi, kəndlilərin hüquqlarının qorunması, onların sosial problemlərinin həll olunmasına aid məqalələr dərc edilirdi. Buna görə də "Əkinçi"nin omrü çox uzun çəkmədi. Çar hökümətini narahat edən "Əkinçi"nin nəşri 1877-ci il sentyabr ayının 29-da dayandırıldı. Çünki xalq arasında maarifçilik ideyalarının təbliği onların maraqlarına zidd idi. Bir yandan da qəzetin maliyyə dəstəyi demək olar ki, yox idi. Həsən bəy Zərdabi maarifpərvər dostlarının köməyi ilə qəzetin çapına müvəffəq olurdu. O dövrün savadsızlıq səviyyəsi də hökm sürürdü. Xüsusən kənd yerlərində qəzet oxucularının sayı demək olar ki, azlıq təşkil edirdi.
"Əkinçi"dən sonra "Ziyayi-Qafqaziyyə", "Kaspi", "Şərqi-Rus", "Molla Nəsrəddin" kimi mətbu orqanlar yaranaraq, cəmiyyətin müxtəlif təbəqələrinə müraciət etdilər. Xüsusilə "Molla Nəsrəddin" jurnalı satirik tərzi ilə ədalətsizliyi, cahilliyi və sosial bərabərsizliyi tənqid etdi və xalq arsında geniş oxucu kütləsi qazandı.
XX əsrin əvvəllərində milli mətbuat artıq ictimai və siyasi proseslərdə fəal iştirak etməyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) mətbuat milli ideyaların təbliğində mühüm rol oynadı. Sovet dövründə isə mətbuat ideoloji nəzarət altında olsa da, bəzən incə yollarla maarifçilik və mədəni inkişaf məsələlərinə toxunmağı bacarırdı. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan üçün mətbuat azadlığı böyük bir dəyərə çevrildi. Ölkədə çoxsaylı qəzet və jurnallar, informasiya agentlikləri, radio və televiziya kanalları fəaliyyətə başladı. Ən önəmlisi mətbuat və söz azadlığı prinsipi konstitusiya səviyyəsində təmin olundu. Lakin o dövrün öz çətinlikləri də az deyildi.
Belə ki, iqtisadi çətinliklər, texniki imkanların məhdudluğu və bəzən siyasi təzyiqlər mətbuatın fəaliyyətinə təsirsiz ötüşmədi. Buna baxmayaraq, jurnalistlər peşəkar fəaliyyətlərini davam etdirərək ictimai fikrin formalaşmasında, informasiya cəmiyyətinin qurulmasında və dövlətlə xalq arasında körpü rolunu oynamışlar.
Ümummilli Lider Heydər Əliyev sözə, qələmə, jurnalist peşəsinə həmişə dəyər verirdi və jurnalistlərin dostu idi. Ulu Ondər jurnalistlərin cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu həmişə yüksək qiymətləndirirdi. Dəfələrlə mətbuat nümayəndələri ilə görüşlərində qeyd edirdi ki, azad və obyektiv mətbuat cəmiyyətin inkişafının təməl şərtlərindən biridir. Dahi rəhbər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mətbuatında yeni mərhələ başlandı. Onun təşəbbüsü və göstərişi ilə mətbuatın inkişafı üçün geniş imkanlar yarandı. Belə ki, 1998-ci ildə mətbuat üzərindən senzuranın ləğv edilməsi qərarı onun jurnalistika sahəsinə verdiyi dəyərin ən əsas nümunələrindən biri oldu. Ulu Öndər öz müsahibələrində həmişə jurnalistlərin cəmiyyətin güzgüsü olduğunu ön plana çəkirdi. Onun jurnalistikaya verdiyi dəyər və söz azadlığı üçün yaratdığı şərait Azərbaycan mətbuatının inkişafı üçün möhkəm təməl idi.
XXI əsrin texnoloji imkanları ilə birgə jurnalistikada da ciddi dəyişikliklər baş verib. Belə ki, internet, sosial media platformaları, rəqəmsal yayım vasitələri informasiya axınının sürətini və təsir dairəsini artırıb. Bu isə həm imkanlar, həm də çağırışlar yaradıb. Rəqəmsal dövrdə ən mühüm məsələlərdən biri dezinformasiyanın qarşısını almaq, media savadlılığını artırmaq və jurnalistikanın etik prinsiplərini qorumaqdır. Mətbuat yalnız informasiyanı ötürən deyil, həm də onu təhlil edən, cəmiyyətə fayda verən vasitə kimi inkişaf etməlidır.
Azərbaycanda ənənəvi jurnalistika ilə bərabər, vətəndaş jurnalistikasından da geniş istifadə olunur. Belə ki, peşəkar jurnalist olmayan, adi vətəndaşların sosial media və digər texnoloji vasitələrlə informasiya yayması, ictimai mövzuları işıqlandırması və gündəmi formalaşdırmasıdır. Bu, əsasən Facebook, X (Twitter), You Tube, TikTok kimi platformalarda özünü göstərir. Sürətli intenet vətəndaşların informasiya istehsalçısına çevrilməsinə şərait yaradıb. Belə ki, sosial media platformaları minlərlə azərbaycanlının gündəlik məlumat paylaşdığı və ictimai problemlərin aradan qaldırılması üçün vasitə rolunu oynayır. Çoxşaxəli mətbuatımız bundan sonra da öz ənənəsinə sadiq qalaraq yalnız həqiqətləri üzə çıxaracaq.
Hazırda Azərbaycan dövləti mətbuatın inkişafına xüsusi önəm verir. Hər il Milli Mətbuat Günü münasibətilə jurnalistlər mükafatlandırılır, media orqanlarına dəstək proqramları həyata keçirilir. Eyni zamanda, Medianın İnkişafı Agentliyi vasitəsilə mətbuatın peşəkarlığının artırılması, jurnalistlərin təlimi və hüquqlarının müdafiəsi istiqamətində ardıcıl işlər aparılır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin jurnalistika sahəsinə, söz azadlığına verdiyi dəyər göz önündədir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirilib. Qeyd edək ki, 2013-2017-ci illərdə jurnalistlərin bir qismi rahat mənzillərlə təmin olunub.
Artıq milli mətbuatımız 150 illik bir yolu qət etdi. Bu illərdə mətbuatımız yalnız keçmişə deyil, həm də gələcəyə bir baxışdır. Bu gün biz Həsən bəy Zərdabinin başladığı işi davam etdirərək daha güclü, daha obyektiv və daha məsuliyyətli mətbuat üçün çalışmalıyıq. Gələcəyin Azərbaycan mətbuatı informasiya ötürücüsü olmaqla bərabər, həm də milli-mənəvi dəyərləri qoruyan, maarifçiliyi təşviq edən, ictimai şüuru formalaşdıran bir masitə olmalıdır. 150 illik tarixə söykənən milli mətbuatımız xalqın səsi və güzgüsüdür.
Kifayət ƏLİYEVA
Azərbaycan Jurnalistlər Birliyinin üzvü