AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Boz dağların gen dərələri yaşıl "don"lu hündür dağların ətəyinə qədər uzanır. Rəngarəng təbiət xoş ovqat yaradır. Hər yanı yovşan otu ilə örtülmüş dərəli-təpəli bu yerlərdən bir neçə yol da keçir. Qara Yazıdan keçən Əyri çay kimi burdakı yolların da əyrilikləri çoxdur. Bura həm də əsgərlərin təlim keçdiyi, güllə atdığı yerdir; əsgərlər burada öyrənirlər, məşq edirlər, püxtələşirlər.
Qarşımızda geniş dərə uzanır. Dərənin sol yamacında tank mövqeləri görünür. İçində tank dayanıb. Ərazini gün vurub saralmış ot basıb. Şərti mövqelərin içi təmizlənib. Burada təlimə cəlb olunan tanklar maskalanırlar. Bir sözlə təlim meydanı döyüş şəraitinə uyğunlaşdırılıb. Təlimin yüksək səviyyədə keçirilməsi üçün bütün mühəndis-istehkam işləri görülüb. Həm şəxsi heyət, həm də ərazi təlimə hazırdır.
Baş leytenant Şəhriyar Budaqov peşəkar tankçıdır. Döyüş texnikalarının istər təlim mərkəzinə çıxanda, istərsə də döyüş mövqelərində mütləq əraziyə uyğun maskalanmanı təmin etmək lazım olduğunu yaxşı bilir və bunu da təşkil edir. Tankların istər hücumda, istərsə də müdafiədə döyüş düzülüşünü tələblərə uyğun qurur. O, qardaş ölkə Türkiyədə tankçıların təlimində iştirak edib. Silahlı Qüvvələr üzrə keçirilən "ən yaxşı tank komandiri" yarışmalarında iştirak edib və bir dəfə də qalib olub.
Şəhriyar vəzifə borclarını bilən, xidmətin məsuliyyətini dərk edən zabitdir. Onun bu cür məsuliyyətli olması xidmətdə uğur qazanmasına yol açıb. Tabeliyində olan tank heyətlərindən birinin yanındayıq. Deyir ki, tank heyəti bacarıqlı, tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacaran döyüşçülərdən ibarətdir.
Sürücü-mexanik müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Taleh Hacıyev 15 ildən artıqdır ki, xidmət edir. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Taleh Goranboy rayonunun Qızılhacılı kəndindəndir. Onun doğulub boya başa çatdığı rayon bir vaxtlar düşmənlə təmas xəttində yerləşirdi. Ağır döyüşlərin getdiyi rayon kimi Goranboyun adı həmişə çəkilib. Talehin də taleyini orduya bağlaması heç də təsadüfi deyil. Hələ torpaqlarımız erməni işğalı altında olanda o, bir vətəndaş, bir Vətən oğlu kimi çox narahat olub. Onu orduya gətirən başılca səbəblərdən birincisi də məhz budur.
Tank komandiri gizir Elmir Alıyev Şamaxı rayonundandı. Onun tankçı ixtisasını seçməzdən əvvəl döyüş texnikalarına həvəsi olub. Hələ kiçik yaşlardan Elmir avtomobil idarə etməyi öyrənib. Onun təmirinə maraq göstərib. Müddətli həqiqi hərbi xidmətdən sonra onun döyüş texnikalarına marağı artıb. İkinci Qarabağ müharibəsi başlayanda Elmirin də xidmət etdiyi bölmə döyüşlərə cəlb olunub. Talış və Suqovuşan istiqamətində tankçıların uğurlu döyüşləri olub. Gizir Elmir Alıyev döyüşlərdə göstərdiyi xidmətlərə görə "Cəsur döyüşçü" medalı ilə təltif olunub.
Onunla eyni heyətin tərkibində olan tuşlayıcı-operator müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Novruz Hacızadə 11 ildir ki, xidmətdədir. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində Novruz tank heyəti ilə birlikdə bu əraziləri düşməndən müdafiə etmək üçün ön xəttə cəlb olunub. Tutduğu mövqeləri müdafiə edib. 27 sentyabrda başlayan əks-hücum əməliyyatları zamanı Novruzun tərkibində olduğu tank heyəti Kəlbəcər-Ağdərə istiqamətində yerini dəyişib. Tank təhlükəli mövqedə müdafiə olunub. Həmin istiqamətdə düşmən hücum edərsə Novruzun olduğu tank heyəti hücumun qarşısını alacaqdı. Cəbhənin müxtəlif istiqamətlərində məğlubiyyətə uğrayan düşmənin artıq hücum etməyə taqəti qalmamışdı. Hər tərəfdən ordumuzun bölmələri düşməni sıxıb məhv edirdi. 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımız ordumuz tərəfindən hisə-hissə azad olunurdu.
Hazırda tank heyəti yenə təlimdədir. Heyət müharibədən əvvəl də, sonra da döyüş hazırlığını artırır. Şərti hədəflər müəyyən edilib. Hərəkət istiqaməti də bəllidir. Onlar şərti düşmən üzərinə getmək üçün komanda gözləyirlər. Heyət tam tərkibdə, lazım olan döyüş dəsti ilə də təchiz olunub. Tankçılar deyir ki, müharibədən əvvəl də onlar müntəzəm döyüş atışlı təlimlər keçiblər. Təlim meydanında mətinləşiblər. Hazırda planlı şəkildə keçən döyüş atışlı təlim də onların hazırlıqlarında mühüm rol oynayacaq.
Çox keçmir, tank komandirlərinə hazırlıq komandası verilir. Heyətlər dərhal tanklarda öz yerlərini tuturlar. Bir qədər sonra tanklar səngərlərdən çıxaraq qarşıya qoyulan tapşırığı ardıcıl yerinə yetirməyə başlayacaqlar...
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"