Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2025 14:56

Onların xatirələri qəlbimizdə daim yaşayacaq

Vətənpərvərlik insanın doğma torpağına, xalqına, dövlətinə duyduğu dərin sevgi və sədaqətdir. Bu duyğu insanın mənəvi dünyasının ən ali hisslərindən biri olub, onun davranışına, düşüncəsinə və fəaliyyətinə birbaşa təsir göstərir. Vətənə bağlılıq yalnız sözlə ifadə olunan bir hiss deyil, bu, əməl ilə sübut olunan hər bir vətəndaşın gündəlik həyatında yaşatmalı olduğu bir yaşam tərzidir.
Tarix boyu bütün xalqların inkişafında vətənpərvərliyin mühüm rolu olmuşdur. Bu hiss insanlar arasında həmrəyliyin, birliyin və məsuliyyətin yaranmasına səbəb olur. Xüsusilə Azərbaycan kimi çoxsaylı sınaqlardan keçmiş bir ölkə üçün vətənpərvərlik sadəcə milli kimlik deyil, həm də varlığımızın əsas sütunlarından biridir.
Azərbaycan xalqı vətənpərvərliyini tarix boyu əməlləri ilə sübut etmişdir. 20 Yanvar faciəsində, Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Günnüt zəfərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində və ordumuzun həyata keçirdiyi digər uğurlu döyüş əməliyyatlarında da həm döyüşçülərimiz, həm də xalqımız bir daha göstərdilər ki, bizim üçün Vətən sevgisi hər şeydən üstündür. Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən şəhidlərimiz bu hissin ən uca nümunələridir. Şəhidlik isə insan ruhunun çatdığı ən ali zirvə, Vətən uğrunda canından keçməyin müqəddəs rəmzidir. Bu zirvə yalnız bir ölüm deyil, əksinə, əbədi həyata aparan yolun başlanğıcıdır. Tarix boyu Azərbaycan xalqı şəhidliyi müqəddəs bir dəyər kimi qoruyub, onu azadlıq və mübarizə ruhunun simvolu kimi yaşadıb.
Bu anlayış xalqımızın milli kimliyinə dərin köklərlə bağlıdır. Vətən torpağı uğrunda canından keçən neçə-neçə oğullarımız bu müqəddəs yolun öncülü olmuşdur. Onların fədakarlığı yalnız hərbi borcun yerinə yetirilməsi deyil, həm də xalqın sabahı, torpağın azadlığı və yeni nəslin gələcəyi naminə verilmiş bir əzəmətli qərardır. Şəhidlərin adları xalq yaddaşında silinməz izlər buraxır, onların igidliyi hər zaman qürurla xatırlanır.
Torpaqlarımızın müdafiəsi uğrunda gedən bütün savaşlar xalqımızın birliyini, iradəsini və Vətən sevgisini bir daha dünyaya nümayiş etdirdi. Bu müqəddəs amal uğrunda canını fəda edən igidlərimiz şəhidlik zirvəsinə ucalaraq, xalqımızın şanlı tarix salnaməsinə adlarını əbədi həkk etdilər. Belə mərd oğullardan biri də "Qarabağ" ordenli leytenant Emil Əsədovdur.
Emil Əsədov 11 yanvar 1998-ci ildə Salyan rayonunun Çuxanlı kəndində doğulub. Uşaqlıq illərindən fərqli bir ruha və əzmə malik olub. Məsuliyyəti, fədakarlığı, mübarizliyi ilə digər yaşıdlarından seçilib. Vətənpərvərlik ruhunda böyüyən Emilin hərbi peşəyə olan marağı erkən yaşlarından başlayıb. 2004-2012-ci illərdə Z.Həmidov adına Çuxanlı kənd orta məktəbində təhsil alıb. Həmyaşıdları ilə söhbətlərində qətiyyətlə hərbçi olacağını vurğulayıb. Arzularını gerçəkləşdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub və təlim-tədris proseslərində həvəslə, əzmlə iştirak edib. Liseyi uğurla başa vuran Emil Əsədov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olur. Burada təhsilini müvəffəqiyyətlə davam etdirir. Hərbi bilik və bacarıqlara yiyələnir. Hərbi institutu "Motoatıcı" ixtisası üzrə bitirərək arzusunda olduğu peşəyə yiyələnir və "N" hərbi hissəsində xidmətə başlayır. Xidmətini hər zaman nümunəvi təşkil etməyə çalışır. Təcrübəli komandirlərindən daim öyrənməyə can atır. Şəxsi keyfiyyətləri və nümunəvi xidməti ilə şəxsi heyətin rəğbətini qazanır. Hərbçi peşəsinə olan sevgisi, vətənpərvərliyi hər addımında hiss olunur. O da digər silahdaşları kimi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə öyrəndiyi hərbi bilik və bacarıqları nümayiş etdirməyin arzusunda olub. 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandanın əks-hücum əmri ilə başlayan İkinci Qarabağ müharibəsi zamanı Emil Əsədov yüksək döyüş ruhunda savaşa atıldı. Füzuli, Hadrut, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdi. Vətən qarşısındakı övladlıq borcunu döyüş meydanında layiqincə yerinə yetirdi. Döyüşdə yaralanaraq hospitala təxliyə edilsə də, qısa müddət ərzində döyüş meydanına geri döndü. Lakin növbəti dəfə yaralanan Emil şəhidlik zirvəsinə yüksəldi. Onun sonuncu döyüşü noyabrın 7-də Xocavənd rayonu ərazisində, Qırmızı Bazar istiqamətində oldu. Döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirən, şəxsi igidlik göstərən Emil bu döyüşdə Vətən uğrunda canını fəda etdi. O, doğulduğu Salyan rayonunun Çuxanlı kəndində dəfn olunub. 
Leytenant Emil Əsədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qarabağ" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.
Bu gün sevindirici haldır ki, qədirbilən xalqımız Emil Əsədov kimi igid oğullarımızı heç vaxt unutmur. Gənclərimiz Vətən uğrunda canından keçən hər bir şəhidin döyüş yolunu örnək bilirlər, məktəblərdə, ailələrdə və cəmiyyətdə bu igidlərin adı daim hörmətlə anılır. Dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən  şəhidlərimizin sayəsində bu gün Azərbaycan xalqı öz torpaqlarında başıuca, qürurla yaşayır. Onların xatirəsi qəlbimizdə daim yaşayacaq, adları tariximizin şanlı səhifələrində əbədi olaraq parlayacaqdır.

Əli ABIYEV

"Azərbaycan Ordusu"