Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2025 14:56

Şəhid oldular, əbədiyyətə qovuşdular

Vətən hər bir vətəndaşın ömürünə düşən işıqdır. Vətəni qorumaq hamımızın müqəddəs amalıdır. Bu torpağın hər qarışı minlərlə igidin qanı ilə sulanmış əbədiyyət nöqtəsidir. Vətən yaşadığımız yer, nəfəs aldığımız hava, üzərində addımladığımız torpaqdır. Vətən bizim qürur mənbəyimizdir. O qürurun ən yüksək zirvəsi isə şəhidlikdir.
Hər şəhid bu torpağın sarsılmaz təməl daşına çevrilmiş bir qürur nişanəsidir. Onlar bu gün cismən yanımızda olmasalar da, ruhları bizimlədir. Vətən uğrunda can verənlərin adı tarixə qızıl hərflərlə yazılır, xalqın yaddaşında dərin köklər salır, silinməz izlər buraxır.
Elə şəhid Xudayar Yusifzadənin böyük şairimiz Əliağa Vahidin sözlərinə bəstələnən “Vətən yaxşıdır” ifası da bizə şəhidlərimizin Vətən yolunda necə mərdliklə, əzəmətlə və qürurla savaşdığının bariz nümunəsidir. Bu gün həmin mahnı dillər əzbəridir...

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum,

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar içində duman görünür.

Xalqın yaddaşında silinməz iz qoyan, ömrünü Vətən torpağına sədaqətlə bağlayan, dumanlı dağların başında duran, səngərlərdə silah tutan, öz dədə-baba torpaqlarını düşmən caynağından xilas etmək üçün canını fəda edən şəhidlərdən biri də mayor Bəhruz Zabit oğlu Abuşovdur.
Bəhruz 1983-cü ilin 18 iyununda Qəbələ rayonunun Nohurqışlaq kəndində dünyaya göz açıb. Orta təhsilini 2000-ci ildə başa vurub, 2004-cü ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirib. Bir il sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunu uğurla başa vuraraq "N" hərbi hissəsində xidmətə başlayıb.
2020-ci ilin 27 sentyabrında Azərbaycanın tarixinə şanlı səhifə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Ermənistan Silahlı Qüvvələrinin geniş miqiyaslı təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücuma keçdi. Otuz ilə yaxındır bu günü səbirsizliklə gözləyən igid oğullarımız torpaqlarımızın erməni işğalından azadlığı uğrunda haqq savaşına atıldı. Həmin günlərdə mayor Bəhruz Abuşov da tabeliyindəki əsgərlərlə birlikdə ön sıralarda döyüşməyə başladı. İlk döyüş yeri Murovdağ silsiləsi olub. Sonra Cəbrayıl, Hadrut qəsəbəsi, Tuğ, Azıx mağarası, Böyüktağlar, Çanaqçı, Zərdanaşen, Mədətlər, Sığınaq kəndlərində, eləcə də Daşaltı və Şuşada döyüşüblər.
Mayor Bəhruz Abuşov Ermənistan silahlı birləşmələrinin işğalı altında olan torpaqlarımızın azad edilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bəhruz Abuşov yalnız ailəsinin deyil, bütün Azərbaycan xalqının fəxridir. 
Mayor Bəhruz Abuşovun həyatı bir ömürlük xidmətin igidlik hekayəsidir. O, hər addımı ilə əsgərlərinə örnək olan hərbçi, dövlətinə sədaqətli vətəndaş idi. Vəzifəsini yalnız peşə kimi yox, vicdan işi kimi qəbul etmişdi. Onun üçün forma sadəcə geyim deyildi, məsuliyyətin, andın və şərəfin daşıyıcısı idi.
Bu gün şəhid zabitin adı nəinki doğulduğu Nohurqışlaqda, bütün Azərbaycanda bir qürur ünvanıdır. Bu gün zirvələrdə şərəflə dalğalanan üçrəngli bayraq şəhidlərimizə olan minnətdarlığını da özündə daşıyır. Bu gün Şuşanın dağlarından duman çəkilib, dədə-babalarımızın yurd yerlərinə rahat ayaq basa bilirik. Bəhruz kimi igid oğulların sayəsində şanlı Zəfər qazandıq. Onların hərbi bilikləri, şücaətləri, mübariz ruhları düşmənə qalib gəldi. Hərbi qulluqçularımızın Vətən sevgisi ən güclü silahımız oldu. Xalqın güvənci və dəstəyi də bu silahı daha da gücləndirdi. Torpaqlarımızın hər qarışı uğrunda oğullarımız mərdliklə döyüşdülər, lazım gələndə canlarını qurban verdilər, lakin geri çəkilmədilər. Bu müqəddəs yolda ölümün ən uca zirvəsinə yüksəldilər, şəhid oldular, əbədiyyətə qovuşdular. İşğaldan azad olunmuş hər qarış torpağımızda onların ruhu yaşayır. Biz də bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"