Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2025 14:56

Rəşadətli ordumuz ərazi bütövlüyümüzün, müstəqilliyimizin və suverenliyimizin qarantıdır

Bu  yay əvvəlki illərlə müqayisədə daha sərin keçir. Qızmar istilər hələ ki, yoxdur. Yağışlar da illik normanı keçib. Bu səbəbdən də dağ-dərə, çöl-çəmən, hər yan yamyaşıldır. Hərbi hissənin qərargahından çıxıb mövqelərə doğru gedirik. Zabit Rauf Qəmbərov əraziyə yaxşı bələddir. Çünki o, hərbi xidmətinin bir neçə ilini bu yerlərdə keçirib. Sözlü-söhbətli, maraqlı adamdır. Çox sahədən məlumatlıdı. Onunla yol yoldaşı olan adam heç vaxt darıxmaz. Döyüş yolu keçmiş zabitin hərbi xidmətlə bağlı söhbətlərini dinləyə-dinləyə dağların ətəyində yerləşən mənzil başına çatırıq. Buradakı bölmənin zabitləri ilə görüşüb daha irəlidə yerləşən mövqelərə tələsirik...
Vətən keşikçilərinin yanına gedən yol asfaltdır. Dağlara tərəf sıralanmış kəndlərin içi ilə üzü yoxuşa tərəf gedirik. Bunu avtomobilin mühərrikinin səsindən də hiss edirik. İxtiyarsız avtomobilin şəffaf aynasından ətrafı seyr edirəm. Evlərin çoxu köhnədir, bəzilərində yaşayış da yoxdur. Buna baxmayaraq yeni tikilən evlər də az deyil. Ötən əsrin doxsanıncı illərində ermənilərin başlatdığı Qarabağ müharibəsi təkcə insanların həyatlarına yönəlməmişdi, ev-eşiklərə, fərdi təsərrüfatlara qarşı da yönəlmişdi.
Birinci Qarabağ müharibəsində ən çox düşmənin hücumuna məruz qalan yaşayış yerlərindən biri də bu ərazilər olmuşdu. Buranın sakinləri o çətin dövrdə bir olub el-obalarının müdafiəsinə qalxdılar, dədə-baba yurdlarını müdafiə edərək düşmənə bu yerlərə ayaq açmağa qoymadılar. Kəndlərə ayaq aça bilməyən düşmən uzaqvuran toplardan evləri vuraraq viran qoydu. Ermənilərin bu niyyətindən xəbər tutan kəndlilər əvvəlcədən ev-eşiklərini tərk etmişdi. Müharibə dayananda təhlükəsiz yerlərdə olan sakinlər evlərinə yenidən köçmüş və doğma yurdda yaşamağa davam etmişdilər. Artıq bu gün düşmən təhlükəsi yoxdur. Kəndlilər rahat şəkildə evlərində yaşayırlar. Rayon mərkəzindən gələn ictimai nəqliyyat vasitələri də düz Ermənistanla şərti sərhəddə yaxın yerə, kəndin qurtaracağına qədər gəlir. İkinci Qarabağ müharibəsindən sonra düşmən öz yerini bildi. Dərk etdi ki, Azərbaycanın güclü ordusu var və hər hansı təxribatın  cavabını artıqlaması ilə verməyə qadirdi.

Səngərlərdən keçən yol

Qarşımızda yastı dağlar, sıx meşələr uzandıqca uzanır. Yaxınlıqda döyüş növbətçiliyi aparan bölməmiz yerləşir. Uzaqda olmayan məsafədə qarşı tərəf mövqe tutub. İlk görüşdüyümüz kapitan Ayəddin Muradovdur. Dərin səngərlərdə sağ-sol cinahlara açılan atıcı mövqelərdəki atəş sektorları gözümdən yayınmır.  Ərazini hündür ot, alaq örtüb. Sipərin düşmənə olan tərəfi də otlardı. Buna toxunmaq lazım olmadığını döyüşçülər yaxşı bilirlər. Ancaq səngərin içi, dirsək yeri təmizdir. Bu da onlara rahat hərəkət etməyə, düşməndən təhlükə olarsa, ona qarşı vaxt itirmədən mövqe tutmağa rahatlıq yaradır. Bir sözlə mövqelərdə mühəndis işlərinin yüksək səviyyədə aparıldığı görünür.
Döyüş mövqeyinə yaxınlaşırıq. Baş gizir Elmar Bayramovun yetərincə xidməti var. O, 2016-cı ildə Aprel döyüşləri zamanı Ağdam istiqamətində gücləndirilmiş mövqelərdə olub. Hər an döyüş əmrini gözləyib. Onunla bir yerdə, eyni səngərdə xidmət edən çavuş Azər Süleymanov da bacarıqlı hərbi qulluqçudur.
Azər İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibənin ilk günlərində o, döyüşə yollanıb. Onun komandir olduğu manqa Kəlbəcər, Murov dağ istiqamətində düşmənə qarşı döyüşüb. Dağlıq ərazidə döyüşün aparılmasının nə qədər çətin olduğunu Azərdən eşidirik:  "Onda da dağlıq ərazidə xidmət edirdim. Düşmən iyulun ortalarında Tovuz istiqamətində atəşkəsi pozub əlavə əraziləri işğal etmək istəyinə düşmüşdü. Həmişə postlarda sayıq duran əsgərlərimiz düşmənin bu istəyinin qarşısını qətiyyətlə alaraq geri çəkilməyə məcbur etmişdi. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əks-hücum əmri verərkən ilk döyüşə gedənlərdən olmuşam. Murov dağ istiqamətində gərgin döyüşlər getdi. Dağlıq və yüksək ərazidə döyüşün aparılmasının özünəməxsus çətinlikləri vardı. Lakin  bütün çətinliklərə baxmayaraq düşməni çoxlu itkilərə məruz qoyduq".
Azər döyüşlərdən danışdıqca həmin tarixi günləri xatırlayırdıq. Azərbaycan əsgəri döyüş meydanında dünyaya səs salacaq igidlik nümünələri göstərdi. Relyefindən asılı olmayaraq bütün ərazilərdə səxsi heyət yüksək döyüş hazılığı və əzmkarlıq nümayiş etdirdi. Vətən sevgisindən, xalqımızın dəstəyindən güc alaraq qələbə qazandıq. Əsgərlərimiz otuz ilə yaxın işğalda qalan ərazilərimizi canları bahasına azad edərək tarix yazdılar.

Çiyin-çiyinə, ayıq-sayıq

Səngərlər bir neçə istiqamətə ayrılır. Hər səngər düşməndən müdafiə olunmaq üçün alınmaz bir qaladır. Burada üstüörtülü atəş sektorları da var. Bu cür sektorlar döyüşçünü artilleriya və hava hücumundan qoruyur. Müdafiədə döyüşü aparan atıcı, pulemyotçu çətinlik çəkmir, həm də onun təhlükəsizliyi üçün etibarlı yer hesab olunur. Bəzi müşahidə postlarında atəş sektoru iki və daha çox istiqamətə açılır. Bu da həm qarşıdakı ərazinin daha yaxşı görünməsini, həm də döyüşün etibarlılığını təmin edir.
Əsgər Faiq Sadıqov müşahidə postundadır. Qarşı tərəflə bağlı yetərincə məlumatlıdır. O, burada gecə-gündüz növbə ilə müşahidə apardıqlarını bildirir. Deyir ki, düşmənin təxribat törətmək ehtimalı daha çox olan istiqamətləri daim ciddi nəzarətdə saxlayırıq və istənilən təxribatın qarşısını müvəffəqiyyətlə almağa hazır və qadirlər.
Müşahidəçi əsgər Nurlan Əlizadə isə deyir ki, o, Vətənin müdafiəsində dayanmaqdan qürurludur: "Mövqelərimiz qarşı tərəflə yaxın məsafədə yerləşir. Şərəfli, müqəddəs və məsuliyyətli vəzifələr yerinə yetiririk. Ayıq-sayıq, çiyin-çiyinə torpaqlarımıza keşik çəkirik. Biz qalib və rəşadətli Azərbaycan Ordusunun mətin əsgərləriyik və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə istənilən döyüş tapşırığını qələbə ilə başa vurmağa hazırıq".
Əsgərlərdən Hüseyn Usubov, Zahid Əliyev, Elmir Hüseynov, Kamal Baxışov və başqaları postda daim ayıq növbə çəkməklə, Vətəni qorumaqla düşmənə göz dağıdırlar. Bu əsgərlərin hər biri ölkəmizin ayrı-ayrı bölgəsindəndir. Onlar burada bir amal, bir məqsəd uğrunda xidmət edirlər. Əsgərlər deyirlər ki, hərbi xidmətdən sonra da onlar bir-biri ilə daha sıx əlaqə saxlayacaq, dostluq münasibətlərini davam etdirəcəklər. Əsgər dostluğu möhkəmdir və unudulmur.
Əsgərlərin nümunəvi xidmət aparmasına zəmin yaradan amillərdən biri də təminatdır. Onlar həm silah-sursat baxımından, həm də geyim və ərzaqla yüksək səviyyədə təmin olunublar. Əsgərlərin döyüş növbəsindən çıxandan sonra istirahət etdikləri yataqxana şəraiti heç də arxa cəbhədəki şəraitdən fərqlənmir.
Daha bir döyüş postunda gördüklərimiz sözün həqiqi mənasında bizi çox sevindirdi. Əsgərlərlə xoş əhvalla ayrılırıq. Qayıdanda kənd sakinlərinin firavan həyatını, tam təhlükəsiz şəraitdə təsərrüfat işləri ilə məşğul olduqlarını görürdük. Gördüklərimiz dövlətimizin gücünün, ordumuzun qüdrətinin göstəricisi idi. Döyüş növbətçiliyi aparılan mövqelərimizdəki sakitlik, düşmənin artıq təxribata cəhd etməyə belə qorxması bir daha onun sübutudur ki, rəşadətli ordumuz ərazi bütövlüyümüzün, müstəqilliyimizin və suverenliyimizin qarantıdır.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"