AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə, ortaq dini-mədəni dəyərlərə və siyasi həmrəyliyə əsaslanır. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Pakistan İslam Respublikası onu tanıyan ilk dövlətlərdən biri olmuşdur. Bu günə qədər iki ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi dövrlərdə Pakistan daim ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş və Qarabağ münaqişəsində açıq şəkildə Azərbaycanın ədalətli mövqeyini müdafiə etmişdir. Bu mövqe təkcə siyasi bəyannamələrlə deyil, həm də konkret addımlarla təsdiq olunmuşdur.
İki ölkə arasında digər sahədə olduğu kimi hərbi əməkdaşlıq da mühüm önəm kəsb edir. Xüsusilə Pakistanın Çerat şəhərində yerləşən Xüsusi Əməliyyatlar Məktəbi bu sahədə əməkdaşlığın bariz nümunələrindən biridir. Bu məktəbdə təlim alan azərbaycanlı zabitlər təkcə bilik və bacarıqlarını artırmayıb, eyni zamanda, Pakistan Ordusunun yüksək peşəkarlığından bəhrələnərək ölkəmizin müdafiə potensialının güclənməsinə töhfə veriblər.
Pakistan Respublikasının Çerat şəhərində yerləşən Xüsusi Əməliyyatlar Məktəbində Azərbaycan Ordusunun zabiti şəhid kapitan Fikrət Akif oğlu Məmmədovun adı əbədiləşdirilib. Onun əziz xatirəsi bu təhsil ocağında yüksək ehtiramla yad edilir. Məhz bu məktəbdə o, 2010-cu il 22 fevral-25 sentyabr tarixlərində "Təkmilləşdirilmiş Komando zabiti kursunda" iştirak etmiş və kursu uğurla bitirərək Vətənə dönmüşdür.
Pakistan Silahlı Qüvvələrinin bu igid zabitə verdiyi dəyərin göstəricisi olaraq, Xüsusi Əməliyyatlar Məktəbinin zabit dinləyiciləri üçün nəzərdə tutulmuş yeməkxanasına kapitan Fikrət Məmmədovun adı verilmişdir. Bu addım təkcə bir şəhidin adının əbədiləşdirilməsi deyil, həm də Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin canlı və əbədi simvoludur.
Bu, yeməkxanada hər gün Pakistan zabitləri yemək yeyərkən, Fikrət Məmmədovun adı çəkilir, onun cəsurluğu, Vətənə bağlılığı və mübariz duruşu gələcək nəsillərə örnək kimi təqdim olunur. Bu, iki ölkə arasındakı hərbi əməkdaşlığın və mənəvi bağlılığın nə qədər dərin olduğunu sübut edir.
Qeyd edək ki, 1982-ci ildə dünyaya gələn Fikrət Məmmədov, hələ uşaqlıq illərindən Vətən sevgisi ilə böyümüş, hər zaman torpağa, xalqa xidmət etməyi həyatının mənası saymışdır. Gəncliyində hərbçi peşəsinə olan marağı onu Azərbaycan Ordusunun sıralarına gətirib çıxarmışdır. O, təkcə peşəkar zabit deyildi, həm də yüksək mənəvi dəyərlərə sahib, Vətəni üçün canını fəda etməyə hazır olan igid bir vətəndaş idi.
Fikrət Məmmədovun həyat yolunun zirvəsi və igidliyinin son nöqtəsi 2014-cü ilin may ayına təsadüf etdi. Mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Füzuli istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində o, şəhadətə ucaldı. Onun son nəfəsi torpaqlarımızın azadlığı uğrunda içilmiş and və misilsiz bir fədakarlıq idi.
Mayın 29-da Bakı şəhərində, İkinci Fəxri xiyabanda torpağa tapşırılan Fikrət Məmmədovun dəfn mərasimi minlərlə vətəndaşın, silahdaşlarının, komandirlərinin və vətənsevərlərin iştirakı ilə baş tutdu. Mərasimdə açılan yaylım atəşi onun igid ruhuna ehtiram idi.
Cəsur zabitimizin göstərdiyi rəşadət və igidlik ölümündən sonra da unudulmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Fikrət Arif oğlu Məmmədov "İgidliyə görə" medalı ilə təltif olundu.
Kapitan Fikrət Məmmədovun şücaəti təkcə Azərbaycanın deyil, Pakistan xalqının da qəlbində əbədi iz buraxmışdır. Onun adı verilmiş yeməkxana hər gün pakistanlı zabitlərə Azərbaycanın Vətən yolunda şəhid olan oğullarının necə fədakar və əzmkar olduqlarını xatırladır. Bu, eyni zamanda, iki dövlət arasında sarsılmaz dostluğun, mənəvi həmrəyliyin və qarşılıqlı ehtiramın parlaq nümunəsidir.
Bu gün Azərbaycan və Pakistan yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də insan ruhunun ən ali dəyərləri - igidlik, fədakarlıq və Vətənə sədaqət - üzərində birləşirlər. Fikrət Məmmədovun adı bu birliyin təntənəli rəmzinə çevrilmişdir. Onun şəhadəti təkcə bir Vətənin deyil, iki qardaş xalqın ruhani və mənəvi sərvətinə çevrilmişdir.
Kapitan Məmmədovun ruhu qarşısında baş əyərək deyirik: “Sənin adın əbədiyyətə yazıldı”.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"