AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Ən böyük zəfər döyüşmədən, düşməni məhv etməkdir", bu sözlər Sun Tzunun "Müharibə sənəti" əsərində yer alır. Hələ eramızdan əvvəl VI əsrdə çinli filosof informasiyanın vacibliyini vurğulayıb.
İnformasiya müharibəsi anlayışına ilk olaraq 1976-cı ildə ABŞ-da hesabat sənədlərində rast gəlinmişdir. Elə termin kimi də birinci dəfə 1992-ci ildə sözügedən ölkənin Müdafiə Nazirliyinin rəsmi sənədlərində istifadə edilib. İnformasiya müharibəsini anlamaq üçün əvvəlcə psixoloji kəşfiyyat anlayışına nəzər salaq.
Rəqəmsal texnologiya sayəsində bu gün bir çox məlumatı rahatlıqla öyrənmək, görülən işləri təhlil etmək və nəticələr çıxarmaq mümkündür.
Fərdləri, qrupları, təşkilatları, cəmiyyətləri tədqiq etmək, öyrənmək metodları çoxşaxəlidir. Artıq klassik kəşfiyyat üsulları bir o qədər də gündəmdə deyil. Çünki müasir insan fərqinə varmadan hər addımında maraqlı tərəf üçün informasiya ötürücüsünə çevrilib.
Bəs kəşfiyyat nədir? Ondan nə məqsədlə və harada, kimlər istifadə edirlər? Kəşfiyyat məlumatı nəyə deyilir?
Kəşfiyyat məlumatı - xüsusi yollarla toplanan, təhlil edilən və qərar qəbuletmə prosesində istifadə olunan məxfi və strateji əhəmiyyətli olub rəqibin, düşmənin və ya hədəf obyektinin niyyətləri, imkanları, fəaliyyəti və zəif cəhətləri haqqında informasiyadır.
Kəşfiyyat məlumatları müxtəlif məqsədlərlə və fərqli sahələrdə, müxtəlif qurum və şəxslər tərəfindən istifadə edilir.
Aşağıda əsas məqsədlərə və istifadəçilərin kim olduğuna nəzər salaq:
- Təhlükəsizlik və müdafiə, strategiya qurmaq, siyasi və ya iqtisadi sferada düzgün istiqamət seçmək, risklərin azaldılması, mümkün təhdidlərə qarşı əvvəlcədən hazır olmaq, terror və cinayətlə mübarizə aparmaq məqsədilə həyata keçirilir;
- Hərbi, siyasi, milli təhlükəsizlik, iqtisadi, eləcə də texnologiya sahələrində istifadə olunur;
- Hərbi qərargahlar, təhlükəsizlik və əks-kəşfiyyat qurumları, hökumətlər, hüquq-mühafizə orqanları, böyük kooperativ şirkətlər tərəfindən istifadə edilir.
İnformasiyanın doğruluğu vacib olduğu kimi, onun tez əldə olunması da mühümdür. Hələ lap qədim dövrlərdən insanlar qəbilə halında yaşayıb özlərinə şərti ərazi təyin etdikləri zamanda belə müxtəlif kəşfiyyat üsullarından, ayaq izləri, səslər, müxtəlif vizual görüntülər, qoxu, işarə və s. kimi ibtidai bilgilərdən istifadə edərək rəqibləri, eləcə də düşmənləri haqqında qabaqcıl məlumatlar əldə etməyə çalışıblar. Məlumata tez və doğru sahib olanlar gələcək təhlükəyə qarşı daha hazırlıqlı olurlar.
Gördüyümüz, eşitdiyimiz, toxunduğumuz, hiss etdiyimiz hər şey öz-özlüyündə bir məlumata sahibdir. İstənilən musiqidən, göstərilən filmdən, kağız parçasından, bədii əsərdən və s. ağlımıza gələ biləcək hər şeydən məlumat almaq, öyrənmək eləcə də məlumat ötürmək kimi bacarığımız var. Müxtəlif qaynaqlardan əldə edilmiş xam məlumatlar ilk baxışdan əlaqəsiz görünə bilər. Lakin birləşdirilmiş, təhlil olunmuş, şərh edilərək ayırd edilmiş məlumatlar kəşfiyyat xarakterli qiymətli məlumat sayılır.
Ekspertlər kəşfiyyatı 5 əsas kateqoriyaya bölürlər:
1. Hərbi kəşfiyyat - düşmənin silahlı qüvvələri haqqında məlumatlar;
2. Elektron kəşfiyyat - rabitə, radiodalğalar, müxtəlif radar siqnallarının tutulması;
3. Peyk kəşfiyyatı - kosmik vasitələr, foto, video, termal görüntülər;
4. İnsan resurslu kəşfiyyat - casus şəbəkəsi, yerli mənbələr və s;
5. Kiber kəşfiyyat - rəqəmsal infrastrukturlar, media subyektləri, sosial şəbəkələr və müxtəlif tətbiqlər vasitəsilə həyata keçirilir.
Müasir kəşfiyyat vasitələri:
1. Pilotsuz uçuş aparatları (PUA);
2. Peyk sistemləri;
3. Termal cihazlar;
4. Sosial media vasitələri;
5. Süni intellekt;
6. Radiodinləmə və şifrələrin açılması texnologiyaları.
Kəşfiyyat haqqında bu qədər məlumat bizə bəs edir ki, "psixoloji kəşfiyyat" anlayışına nəzər salaq.
Psixoloji kəşfiyyat - fərdlərin, liderlərin və ya əhali qruplarının düşüncə tərzini, emosional reaksiyalarını, motivlərini və zəifliklərini anlamağa yönəlmiş fəaliyyətlər toplusudur. Bu məlumatlardan düşmənin qərarvermə prosesini təxmin etmək, manipulyasiya etmək və ya sosial-psixoloji əməliyyatları həyata keçirmək üçün istifadə olunur. Rəqibin zəif və güclü cəhətlərini aşkara çıxarmağa kömək edir. Kəşfiyyat apararkən qarşı tərəfin imkan və qabiliyyətləri nəzərə alınır. Zəif cəhətlərini - ona haradan zərbə vurmağı bilmək, güclü cəhətləri isə - onun sizi həmin sahələrə çəkib aparmasına, döyüşü həmin meydanlara keçirməsinə imkan verməmək üçün bilmək lazımdır. Əldə olunan informasiya şəxsdə psixoloji güvən və rahatlıq hissi yaradır. Rəqibin zəif cəhətlərinə onun mövcud problemləri, arzuları, istəkləri, təmənnaları, tələbatları, əziz bildiyi şeylər və şəxslər, motivasiya və məqsədləri, ehtiyacları və s. aid edilir. Güclü cəhətlərinə isə əlaqələri, imkanları, mütəxəssis olduğu bilik sahələri, fiziki, maddi üstünlükləri, texniki bilik və bacarıqları, müasir texnologiyadan istifadə qabiliyyəti və s. aiddir. Göründüyü kimi hər iki cəhətlərin sayını artırmaq olar.
Metodlar nələrdir?
- fərdi və yaxud qrupların davranışlarının analizi;
- insanların tam olmasa da, ifadə etməyə çalışdıqları sosial media platformalarının analiz edilməsi;
- sorğu və müsahibələrdə sual texnikaları;
- koqnitiv zəifliklərin araşdırılması.
Psixoloji kəşfiyyat (əməliyyatlar) daha çox iqtisadi və siyasi sahələrdə tətbiq olunur. Təbii ki, müharibələr zamanı istifadəsi istisna edilmir. Müşahidə və analiz, sosial mühəndislik, süni intellekt və alqoritmlərdən istifadə edərək sözügedən əməliyyatlar həyata keçirilir.
Psixoloji əməliyyatlar daha çox informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə aparılır. Bu cür əməliyyatlar klassik müharibədən fərqli olaraq sülh dövründə də tətbiq edilir.
Sosial şəbəkələr konfidensiallığın düşmənidir. Mobil telefonlar, ağıllı cihazlar, rəqəmsal vasitələr günü-gündən həyatımızın bir çox hissəsini zəbt edir. Bu hal özlüyündə bir sıra işlərimizi asanlaşdırsa belə, bir çox məsələlərdə bizə mənfi təsir göstərir. Ənənəvi olmayan qeyri-standartlıq cəmiyyətdə təbliğ edilir. Bəzən sosial şəbəkələr vasitəsilə elə hallar nümayiş olunur ki, qısa müddət ərzində kifayət qədər populyarlaşır. İnsanların diqqətini gündəlik baş verənlər deyil, nadir hallarda rast gəldikləri görüntülər daha çox cəlb edir. Sakit vəziyyətdə düşünsək bu özlüyündə normal haldır. Lakin cəmiyyətin psixoloji manipulyasiyaya uğramasının göstəricisidir. Tanınmış Amerika siyasi psixoloqu Harold Lassvelininin populyar nəzəriyyəsində deyildiyi kimi: "Kim nəyi, hansı kanalla, kimə və nə məqsədlə deyir?".
Əlimizdə olan məlumatların doğru analiz edilməsi, çeşidlənməsi, əhəmiyyət dərəcəsinə görə sıralanması fərdin kimliyini, aqressiv və depressiv tərəflərini, ünsiyyətqurma bacarığını, tələbatını, psixotipini aydınlaşdırmağa kömək edir. Məlumatın subyekti təşkilatlar, etnik qruplar, millətlər və s. olduqda bayram və matəm ənənələri, milli-mənəvi dəyərlər, tarixi şəxsiyyətlərin insanlar arasında əhəmiyyətliliyi, qrupların peşəsi, yaşadıqları coğrafi ərazilər və daha artıqları ayrı-ayrılıqda kifayət qədər dərin və geniş məlumatları əks etdirirlər.
Narahatlıq mühitinin yaradılması, onun mənəvi ruhunun pozulması, döyüş qabiliyyətinin azalmasına, rəhbər və komandirlərə inamın itməsinə səbəb ola bilər. İllərlə aparılan genişmiqyaslı təbliğatlar bəzən böyük xalqlarda belə özünəinamsızlıq yaratmaqdır.
Diqqətli olmaqda fayda var. Acı olsa da, qeyd etmək lazımdır ki, müasir müharibələrin əsasını psixoloji əməliyyatlar təşkil edir. Hətta, bəzən psixoloji müharibələr o qədər uğurlu olur ki, klassik döyüş əməliyyatlarına ehtiyac qalmır.
Peşəkar yanaşılsa, istənilən narazılıq doğuran, neqativ hallar yaradan səbəblərdən psixoloji silah kimi istifadə etmək olar.
N.Tusi "Əxlaqi-Nasiri" kitabında yazır: "Komandir mümkün qədər silah işlətməkdən çəkinməli, düşmən arasında təfriqə salmalı, hiylə işlədərək tədbir tökməlidir". Tarixin hər dövründə özünəməxsus psixoloji əməliyyatlar olub və olacaqdır. Psixoloji əməliyyatlar zamanı düşmənin tələsinə düşməmək üçün media savadlılığı na və güclü informasiyaya sahib olmaq, eləcə də yalnız rəsmi mənbələrin məlumatına inanmaq lazımdır.
Amil MƏHƏRRƏMOĞLU
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi