Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2025 13:14

Şəhid övladlarının iştirakı ilə “Xəyallarımı rəngləyirəm” mövzusunda müsabiqə keçirildi

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Mərkəzi Nəbatat Bağında şəhid övladları arasında "Xəyallarımı rəngləyirəm" mövzusunda "Kiçik əllərlə böyük arzular" şüarı altında rəsm müsabiqəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsinin sədri Hikmət Nəbiyev, Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri Əli Cəfərov, bir qrup şəhid həyat yoldaşları və övladları, peşəkar rəssamlar iştirak etdilər.
Əvvəlcə tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev tədbiri açıq elan edərək, müsabiqənin keçirilməsində onlara mənəvi dəstək göstərən Mərkəzi Nəbatat Bağının İdarə Heyətinə və “McDonald,s Azərbaycan” şirkətinə minnətdarlığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış parlaq Qələbəmizdən sonra, xalqımızın həyatında yeni səhifələrin açılmasından danışan sədr torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin övladlarının dövlətimizin diqqət və qayğısı ilə əhatə edilməsini və hər birimiz onların əmanətlərini göz bəbəyimiz kimi qorumağa mənəvi borcumuz olduğunu xüsusi vurğuladı. Müsabiqənin keçirilməsində əsas məqsədin şəhid övladlarının intellektual səviyyəsinin artırılması və dünya görüşlərinin formalaşması olduğunu dedi.
Tədbir Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Nəbiyevin çıxışı ilə davam etdi. Hikmət Nəbiyev şəhid övladlarının dünya görüşünün formalaşması, yaradıcılıq qabiliyyətlərinin və bacarıqlarının artırılması ilə yanaşı, onların asudə vaxtlarının, istirahətlərinin maraqlı təşkili baxımından belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Müsabiqənin kiçik yaşlı iştirakçılarına uğurlar arzuladı.
Müsabiqə iştirakçıları molbertlərin önünə keçərək, fırçalarını götürüb kiçik əllərlə böyük arzularını, xəyallarını rəngləməyə başladılar.
5 yaşlı Elmar Hacıyev üçrəngli bayrağımızı sevdiyi üçün “Azərbaycan bayrağı” şəklini, 7 yaşlı Yağmur Hacıyeva isə "Meşə" rəsmini çəkdi. 9 yaşlı İmamə Məmmədli  rəsminə "Uçan bulud" adını verdi. 9 yaşlı Mədinə Seyfullayevanın gələcəkdə arzusu həkim olmaqdır. Ona görə də o həkim çantasının cizgilərini rənglədi. 11 yaşlı Gülər İsmayılzadə təbiətin gözəlliyini, 11 yaşlı Nəzrin Paşazadə "Güldanda gül", 15 yaşlı Hicran Hacızadə "Ürəkdə bayraq", 13 yaşlı Ceyhan Qənbərov "Təyyarə", 11 yaşlı Məryəm Baxşəliyeva "Meşədə piknik" rəsmlərini arzularının, xəyallarının rəngləri kimi kağızın üzərinə köçürməyi bacardılar.
Müzakirələrdən sonra münsiflər heyətinin üzvləri Hikmət Nəbiyevin, Əli Cəfərovun, Kərim Rzayevin və peşəkar rəssam Əfsanə Mənsimovanın, MN BHİK-nın əməkdaşları Aygün Məmmədovanın və Sevda Əliyevanın iştirakı ilə müsabiqənin nəticələri elan olundu. Birinci yeri Yağmur Hacıyeva, ikinci yeri Gülər İsmayılzadə, üçüncü yeri İmamə Məmmədli nəhayət, dördüncü yeri isə Əhməd Baxşəliyev qazandılar.
MN Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən tədbirin təşkilində mənəvi dəstəklərinə görə Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri Əli Cəfərova və rəssam Əfsanə Mənsimovaya təşəkkürnamə, müsabiqədə iştirak edən bütün şəhid övladlarına isə sertifikatlar və hədiyyələr təqdim olundu.
Sonda “McDonald,s Azərbaycan” şirkəti şəhid övladları üçün onların sevdiyi xüsusi yeməkləri təşkil etdi.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"