AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏLİYEV:
“...Mən sizə, əziz zabitlər, əsgərlər, məhz sizə arxalanıram, sizə güvənirəm. Əminəm ki, siz də, sizin kimi minlərlə Azərbaycan əsgəri, zabiti də bir nəfər tək ayağa qalxıb, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəklər. İnanıram ki, siz gedib cəbhədəki qəhrəman döyüşçülərimizin sıralarına qoşulacaq, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün hünər, qəhrəmanlıq göstərəcəksiniz”.
Sözü imzası qədər keçərli olan Ali Baş Komandan İlham Əliyev "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək" söyləyərək əsl sərkərdə qətiyyətini dünyaya nümayiş etdirdi. 107 yaşını qeyd etdiyimiz Azərbaycan Ordusu ərazi bütövlüyümüz uğrunda Ali Baş Komandanın istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadir olduğunu sübut etdi.
Ulu Öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər görmüşdür. Təsadüfi deyil ki, milyonlarla insan onun ideyalarının daim yaşaması naminə çalışır, istiqamətlərini buna uyğun olaraq müəyyənləşdirir. Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi tükənməz bir xəzinədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla isə ölkəmizdə həmin gün 26 İyun - Silahlı Qüvvələr Günü elan olunmuşdur. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illik yubileyi mərasimində Ulu Öndər demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycan Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycan Silahlı Qüvvələri, Ordusu günü elan etmişik".
Tarixi prosesləri araşdırdıqca bir daha aydın olur ki, Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Müstəqillik mərhələsində Heydər Əliyev hərbi sahəni daim diqqətdə saxlayırdı.
Dahi Lider Heydər Əliyev müstəqilliyimizi gücləndirmək səylərinin fəal təşkilatçısı olaraq tez-tez cəbhə bölgələrinə gedir, döyüşən ordunun şəxsi heyəti ilə söhbətlər aparır, başlıca problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görürdü. Azərbaycan Respublikasının hərbi sahədə təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş real və potensial təhdidlərdən müdafiə sahəsində tədbirlər kompleksinin həyata keçirilməsi və milli maraqların hərbi və digər vasitələrlə qorunması qabiliyyətinin təmin edilməsidir. Azərbaycan Respublikasının hərbi sahədə təhlükəsizliyinin təmin olunması üçün, ordunun hərbi hazırlıq səviyyəsinin və döyüş qabiliyyətinin artırılması, mövcud hərbi ehtiyatların səfərbərlik üçün hazır vəziyyətdə saxlanılması, hərbi-sənaye kompleksinin inkişafı, müasir silah və hərbi-texniki nailiyyətlərin tətbiq edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, hərbi təhsil sisteminin inkişaf etdirilməsi, Silahlı Qüvvələrin ixtisaslı kadrlarla komplektləşdirilməsi və hərbi xidmət əleyhinə cinayətkarlığa qarşı mübarizə aparılması istiqamətində mühüm islahatlar aparıldı. Həmçinin hərbi sahədə təhlükəsizliyin təmin olunması məqsədilə xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, onları hədəfə çatdırma vasitələrinin, yeni hərbi istehsal texnologiyalarının qanunsuz yayılmasında ölkə ərazisinin tranzit kimi istifadəsinin qarşısının alınması, Silahlı Qüvvələrimizin hərbi və iqtisadi potensialının, döyüşə hazırlığının zəiflədilməsinə yönəlmiş fəaliyyətlərin aşkarlanması və qarşısının alınması, müdafiə kompleksi sahəsində strateji əhəmiyyətli obyektlərin, həmçinin hərbi maraqlar baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların, sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyinin təmin edilməsi işləri xüsusi diqqətdə saxlanıldı.
Hərbi sahəyə dair siyasətin işlənib hazırlanması və reallaşdırılması təkcə daxili potensialın səfərbər edilməsini deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası Beynəlxalq hüquq prinsipləri əsasında öz milli mənafelərinə uyğun olaraq Milli Ordunu yaratdı və xarici siyasi strategiya prinsiplərini müəyyən etdi - müstəqilliyin və suverenliyin qorunması, ölkənin ərazi bütövlüyünün qorunması, beynəlxalq və regional təşkilatlarda təmsil olunmaqla ölkənin təhlükəsizliyinin təmin edilməsi, ölkənin milli mənafeyinə uyğun geostrateji siyasətin aparılması, işğal edilmiş ərazilərin qaytarılması üçün sülh və güc amilindən istifadə edilməsi, daxili və xarici siyasətin qarşılıqlı vəhdətinin qorunub saxlanılması, xarici siyasətdə humanizm prinsiplərinin həyata keçirilməsini reallaşdırdı.
Dövlət hərbi təhlükəsizlik məsələsində ilk növbədə özünün yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusuna arxalanır. Təsadüfi deyil ki, Heydər Əliyev 1994-cü il yanvar ayının 24-də cəbhəyə getməyə hazırlaşan hərbi hissələrin yola salınma mərasimində əsgər və zabitlərə belə müraciət etmişdir: "...Mən sizə, əziz zabitlər, əsgərlər, məhz sizə arxalanıram, sizə güvənirəm. Əminəm ki, siz də, sizin kimi minlərlə Azərbaycan əsgəri, zabiti də bir nəfər tək ayağa qalxıb, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəklər. İnanıram ki, siz gedib cəbhədəki qəhrəman döyüşçülərimizin sıralarına qoşulacaq, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün hünər, qəhrəmanlıq göstərəcəksiniz". Heydər Əliyev öz çıxışlarında ordu quruculuğunu çox mürəkkəb proses kimi qiymətləndirir və belə hesab edirdi ki, bu proses bir sıra zəruri prinsiplərə əsaslanmalıdır. Onun nitqlərində öz əksini tapan prinsiplərin məzmun baxımından araşdırılması sübut edir ki, Heydər Əliyev məsələyə yüksək professionallıqla yanaşırdı. O, qarşıya qoyulan məqsədlərə, vəzifələrə, dövlətçilik təfəkkürü ilə yanaşır, prinsipləri şərtləndirən məqamlara xüsusi diqqət yetirirdi. Həmin prinsiplər sırasında bunları qeyd etmək olar: ordu quruculuğuna dövlət rəhbərliyinin müntəzəmliyi və təkmilləşdirilməsi; bu prosesin daimi və keyfiyyətli təchizata əsaslanması; orduya çağırışda peşəkarlığın gücləndirilməsi; ordu quruculuğunda mənəvi-psixoloji amillərə konkret cavabdehlik və məsuliyyət məsələlərinə ciddi diqqət yetirilməsi və s. ordu quruculuğunda siyasət məsələsi ciddi məna kəsb edir. Ordu və siyasət məsələsinə münasibətdə Heydər Əliyevin mövqeyi birmənalı idi: "Ordu siyasətə qarışmamalıdır. Kim ordunu siyasətə qatmaq istəyirsə, o, Azərbaycan Konstitusiyasını pozur və biz buna yol verməyəcəyik, belə halların qarşısını alacağıq. Ancaq orduda xidmət edən hər bir əsgər, zabit, general bilməlidir ki, o, müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycan dövlətinin, dövlətçiliyinin, ərazimizin müdafiəsi, ölkəmizin konstitusion əsaslarının qorunması hər bir əsgərin, zabitin, döyüşçünün borcudur".
Azərbaycan Respublikasının müdafiə qabiliyyəti ölkənin milli maraqlarını təmin etmək üçün əsas amillərdən biridir. Azərbaycan Respublikasının müdafiə siyasəti milli resurslara və mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına əsaslanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müdafiə qabiliyyətinin əsasını təşkil edir.
Azərbaycan Respublikası hərbi sahədə daha da güclənməsi ilə tarixə düşdü və bunun bariz nümunəsi torpaqlarımızın işğaldan azad edilməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı. Müasir tariximizdə bir çox ilklərin müəllifi kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu savaşda da yeni texnologiyaların tətbiq edilməsi ilə müasir hərbi dərsliklərə düşəcək daha bir ilkə imza atdı və noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildi.
Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa İlham Əliyevin fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 ilə yaxın havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Dövlət başçısı demişdir: "Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir "dəmir yumruq" yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim "dəmir yumruğ"umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu "dəmir yumruq" düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın "dəmir yumruğ"u onların belini qıracaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq". Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.
Günel MƏLİKLİ
Milli Müdafiə Universitetinin professoru
* * *
Azərbaycan Ordusunun yaradılması müstəqil dövlətimizin tarixində xüsusi əhəmiyyətə malik olan mühüm və tarixi günlərdən biridir. Bu gün ölkəmizin hərbi qüdrətinin, ordu quruculuğunda əldə edilən mühüm nailiyyətlərin təntənəli şəkildə qeyd olunduğu, Azərbaycan əsgərinin şücaətinə və vətənpərvərliyinə dəyər verildiyi gündür.
Hər bir dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qoruyan əsas sütunlarından biri onun silahlı qüvvələridir.
İlk hərbi hissə Əlahiddə Azərbaycan Korpusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyunun 26-da yaradılıb. Azərbaycanın Silahlı Qüvvələrinin yaranması dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. 1920-ci il bolşevik-sovet işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Milli ordu müstəqil şəkildə fəaliyyətini davam etdirə bilmədi.
Müasir, müstəqil Azərbaycan Ordusunun yaradılması və formalaşması 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində bir sıra islahatlar aparıldı. Bununla da ordu quruculuğu tamamilə yeni mərhələyə qədəm qoydu. Ordu qısa müddət ərzində formalaşdırılaraq nizami hərbi struktur halına gətirildi.
Ümummilli Lider Heydər Əliyevin imzaladığı strateji qərarlar, hərbi təhsil və intizamın möhkəmləndirilməsi, maddi-texniki təminatın gücləndirilməsi, milli kadrların hazırlanması istiqamətində aparılan islahatlar müstəqil və qüdrətli ordunun əsasını qoydu.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla 26 İyun - Silahlı Qüvvələr Günü kimi təsis edildi. Bu, həm Azərbaycan Ordusuna verilən yüksək dəyər, həm də ordu quruculuğunun dövlət səviyyəsində prioritet sahə olduğunu göstərən tarixi addım oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-strateji xəttin qorunmasını və daha da inkişaf etdirilməsini əsas prioritet kimi qarşıya qoydu.
Dövlətimizin başçısı həm daxili, həm də xarici siyasətdə Heydər Əliyev irsini müasir tələblərə uyğun olaraq davam etdirdi və Azərbaycanın dayanıqlı inkişaf modelini formalaşdırdı. Ordu quruculuğu sahəsində yeni islahatlar aparıldı.
Bu gün ordu quruculuğu siyasəti Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Ordusu hərbi-texniki təchizatını daha da möhkəmləndirərək, bu gün yüksək döyüş hazırlığı, müasir silah və texnikaları, peşəkar kadrları ilə fərqlənən qalib orduya çevrilib. Hərbi təlimlər, regional əməkdaşlıq, yerli hərbi sənaye potensialının inkişafı da bu uğurlu siyasətin mühüm tərkib hissəsidir.
Qalib Azərbaycan Ordusu hər bir vətəndaş üçün qürur mənbəyidir. Artıq beş ildir ki, xalqımız bütün bayram günlərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Böyük Zəfərin işığında təntənə və sevinc hissi ilə qeyd edir. Bu gün biz Vətənimizin təhlükəsizliyi və ərazi bütövlüyü naminə canından keçən bütün şəhidlərimizi ehtiramla anır, onların müqəddəs xatirəsi önündə baş əyirik. Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti ölkəmizin müstəqilliyini və suverenliyini qorumaq üçün şərəfli xidmət göstərməkdədir.
Kifayət ƏLİYEVA
Azərbaycan Jurnalistlər Birliyinin üzvü