AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
XXI əsrin müharibələri sübut etdi ki, güclü ordunun formalaşmasında savadlı, yüksək intellektual səviyyəli, analitik və strateji təfəkkürlü peşəkar kadrların rolu danılmazdır. Bütün sahələrdə olduğu kimi, ordumuzda da müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək bacarıqlara malik kadrların formalaşdırılması prioritet məsələdir. Belə kadrların ordumuz və cəmiyyətimiz üçün əhəmiyyətini nəzərə alaraq, ordu quruculuğunda bu istiqamətdə uğurlu islahatlar aparılır. Müddətli həqiqi hərbi xidmətə gələn xüsusi istedadlı gənclərin xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il martın 5-də imzaladığı Fərmanla yaradılmış Milli Müdafiə Universiteti (MMU) ordu quruculuğunda hərbi təhsil üzrə xidmət boyu təhsil konsepsiyasının həyata keçirilməsini, zabitlərin yeni hərbi (hərbi-elmi) bilikləri vaxtında mənimsəməsini, onların ordu quruculuğu prosesinə tətbiqinin iştirakçısı olmasını təmin etdi. Hərbi təhsil prosesi ümumi təhsilin bir istiqaməti olsa da, mahiyyət baxımından bilavasitə dövlətçiliyə yönəldilir. Buna görə də hərbi təhsil sistemində həyata keçirilən irimiqyaslı islahatlar bilavasitə ordunun döyüş hazırlığı üçündür. Bu istiqamətdə aparılan məqsədyönlü islahatlardan biri də təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda, onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyanın tətbiq edilməsi oldu. Ötən il yeni yaradılan konsepsiyaya əsasən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində MMU-nun tərkibində İntellektual qabiliyyətli bölmələr yaradıldı.
Qeyd edək ki, yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər. Bu bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin, yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings" və ya "Academic Ranking of World Universities" (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edirlər.
Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verirlər.
MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə intellektual qabiliyyətli bölmələrin xidmət müddəti başa çatmış şəxsi heyətinin ehtiyata buraxılması münasibətilə təntənəli mərasim keçirildi. Mərasim Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan qəhrəmanların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Ardınca hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçuların, gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra hərbi xidmətlərini MMU-nun tərkibində yaradılmış bölmələrdə, xüsusi şəraitdə davam etdirmələrinin ölkəmizdə Ali Baş Komandanın rəhbərliyi ilə hərbi təhsil sahəsində həyata keçirilən uğurlu islahatların nəticəsi olduğunu və hərbi qulluqçuların peşəkarlığının artırılmasına müsbət töhfələr verdiyini xüsusi vurğuladı. Rektor xidmət müddəti başa çatmış gənclərə gələcək həyatlarında uğurlar arzulayıb, dövlətimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışmaları ilə bağlı müvafiq tövsiyələrini çatdırdı.
Daha sonra, tərxis olunan gənclər adından çıxış edən əsgər Şahin Bayramlı xidmətdə keçirdiyi bir ili həyatının ən təsirli dövrü adlandırdı. Hərbi xidmətin gənclərə hərbi bilik və vərdişlərlə yanaşı, bir çox üstün keyfiyyətlər qazandırdığını dedi. Onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün yaradılmış şəraitə, eləcə də ordu həyatında qazandıqları müsbət keyfiyyətlərə görə MMU-nun rəhbərliyinə və komandir heyətinə minnətdarlığını bildirdi.
Hər anı qürur, təntənə və duyğu dolu bir günə çevrilən tədbir Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestr heyətinin ifasında vətənpərvər musiqilərin səsləndirilməsi ilə başa çatdı.
Tədbirin ardınca tərxis olunan əsgərlərdən bir neçəsi ilə söhbətləşib, düşüncələrini öyrəndik. Əslən Sumqayıt şəhərindən olan Asif Qaracayev 2001-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə” ixtisası üzrə təhsil alan Asif bu ali məktəbə 603 balla qəbul olunub. O, düşüncələrini belə ifadə etdi: "Vətənə xidmət etmək olduqca şərəflidir. Biz fəxr edirik ki, qüdrətli dövlətin vətəndaşları, qalib ordunun əsgərləriyik. Bundan sonrakı fəaliyyətlərimizdə də dövlətçiliyimizə sədaqətlə xidmət edəcək, Ali Baş Komandanımızın və xalqımızın bizə olan etimadını doğrultmaq üçün əzmlə çalışacağıq. Biz burada həm ana Vətənimizə övladlıq borcunu yerinə yetirdik, həm də təhsil aldığımız ixtisaslarımız üzrə bilik və bacarıqlarımızı daha da təkmilləşdirdik. Bizim müddətli həqiqi hərbi xidmət dövründə öz peşə sahələrimiz üzrə faydalı iş təcrübəsi qazanmağımızı təmin etmək və ixtisaslarımıza uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmağımız üçün Müdafiə Nazirliyində İntellektual qabiliyyətli bölmələrin yaradılması dövlət başçısının gənclərə yüksək diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir".
Xalid Qarazadə əslən Yardımlı rayonundandır. Bakı Dövlət Universitetinin "Politologiya” ixtisasına 632 balla daxil olub. O, bildirdi ki, hərbi xidmətdə keçirdiyi hər gün dəyərlidir və rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət etmək qürurvericidir. Qeyd etdi ki, xidmət zamanı qazandığı müşahidə qabiliyyəti, komandada işləmək və operativ qərar vermək bacarığı gələcək karyerasında mühüm rol oynayacaq. "Biz gənclərin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasəti mühüm rol oynayır. Bu uğurlu siyasətin nəticəsidir ki, dünyanın müxtəlif universitetlərində ali təhsil almaq, yüksəkixtisaslı kadrlar kimi formalaşmaq, ixtisaslarımız üzrə hərtərəfli biliyə yiyələnmək, istedad və bacarıqlarımızın üzə çıxarılması məqsədilə ölkəmizdə hər cür şərait yaradılıb. Dövlətimiz tərəfindən bizim yaradıcılıq və peşəkar inkişafımız üçün hərtərəfli imkanlar yaradılır və bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələrin yaradılması da bu uğurlu siyasətin nəticəsidir. Hər birimiz dövlətimizin bizə olan diqqət və qayğısını yüksək qiymətləndirməli, bizim üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəmiz, Vətənimiz və cəmiyyətimiz üçün faydalı olmağa çalışmalıyıq".
Bu qədər savadlı gəncləri gördükdə adam sevinir, qürur duyur. Hər an daha da əmin oluruq ki, Vətənimiz əmin əllərdədir.
2001-ci ildə Bakıda doğulub boya-başa çatan Arif Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. O, "İqtisadiyyat və biznesin idarə edilməsi" ixtisası üzrə təhsil alıb və bu ixtisasa 624 balla qəbul olunub. Arif Əhmədov bildirdi ki, Vətənə olan sevgimiz və bağlılığımız tükənməz və sarısılmazdır. “Qürurluyam və sevincliyəm ki, müddətli həqiqi hərbi xidmətimi layiqincə başa vurdum. Burada ölkə rəhbərliyinin diqqət və qayğısını hər an hiss edirdik. Xidmət etdiyimiz bölmədə savadlı və peşəkar komandirlərimizin olması bizim üçün böyük təcrübə oldu. Həm hərbi, həm də ali təhsil aldığımız sahədə yeni bilik və bacarıqlara yiyələndik. Burada ixtisasımız üzrə faydalı iş təcrübəsi qazandıq, ali təhsil ocağında öyrəndiyimiz bilikləri xidmət müddətində praktiki icra etməklə daha da təkmilləşdirdik və bu da gələcək fəaliyyətimizdə cəmiyyətimizə, Vətənimizə daha faydalı xidmət etməyimiz üçün zəmin yaradır. Bizə göstərilən bu ali dəyərə və yaradılan yüksək şəraitə görə dövlət başçımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk".
Azərbaycan Dövlət İqtisad Universitetinə "Mühasibat uçotu və audit" ixtisası üzrə 605 balla qəbul olunan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulub boya-başa çatan Aydın Hüseynov dedi: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün dahi rəhbərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız tərəfindən səmərəli və məqsədyönlü şəkildə davam etdirilir və bu siyasət bizim fiziki, mənəvi və intellektual inkişafımıza xidmət edir. Bu istiqamətdə atılan bütün addımlar, eləcə də İntellektual qabiliyyətli bölmələrin yaradılması Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Bu bölmədə xidmət edərək ixtisaslarımıza uyğun müxtəlif layihələrdə iştirak etmək karyera inkişafımıza mühüm töhfələr verdi. Biz xoşbəxt gənclərik ki, müstəqil və qüdrətli dövlətin vətəndaşlarıyıq. Bu xoşbəxtçiliyi bizə bəxş edən gənclərə - müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə döyüşənlərə minnətdarıq. Bu müqəddəs amal uğrunda döyüşənlər Vətən qarşısında misilsiz xidmətlər göstərdilər, öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu yolda şəhidlik məqamına yüksələnlərin əziz xatirəsi qarşısında baş əyirik, sağlamlığını itirənlərə şəfa diləyirik. Onlar bizə bütöv Azərbaycan, sülh, sabitlik və firavan həyat bəxş etdilər. Onların igidliyi, vətənpərvərliyi hər birimiz üçün nümunədir. Biz də onların yolunu layiqincə davam etdirəcək, müstəqil dövlətimizin inkişafı və güclənməsi naminə səylə çalışacağıq".
İlham Mirzəyev 2003-cü ildə Gədəbəydə anadan olub. Milli Aviasiya Akademiyasının "Hüquqşünaslıq" ixtisası üzrə məzunudur. O, bu universitetə 616 balla qəbul olmuşdu. O da xidmət zamanı insan hüquqları, hərbi intizam və hüquqi çərçivədə fəaliyyət göstərmək barədə praktiki biliklər qazandığını dedi. Onun fikrincə hüquq yalnız məhkəmə zalında yox, hər bir nizamlı sistemdə mövcuddur və orduda bu qaydalar şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. "Sevincliyəm ki, müddətli həqiqi hərbi xidmətimi uğurla başa vurdum. Həm də böyük qürur hissi keçirirəm ki, İntellektual qabiliyyətli bölmənin əsgəri oldum. Burada bizim inkişafımız, bilik və bacarıqlarımızın təkmilləşdirilməsi üçün hər cür şərait yaradılıb. Bölmənin peşəkar kollektivinin təcrübələrindən, biliklərindən bəhrələnərək bir çox üstün keyfiyyətlər qazandıq. Bütün sahələrdə olduğu kimi, burada da dövlətimiz tərəfindən biz gənclərə göstərilən yüksək qayğını hiss etdik. Bu da onun göstəricisidir ki, təhsilli, öz üzərində çalışan, perspektivli gənclərin hərtərəfli inkişafı, uğurlu karyera qurmaları üçün ölkəmizdə geniş şərait yaradılıb. Prezidentimiz tərəfindən dövlət gənclər siyasətində atılan hər addım, bizim cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək ölkəmizin gələcəyi naminə böyük uğurlar əldə etməyimizə hesablanıb".
Bölmədən tərxis olunan əsgərlər sabahın iqtisadçıları, hüquqşünasları, dövlət idarəçiləri və ziyalılarıdır. Onlar Azərbaycanın gələcəyinə güvənlə addımlayan, Vətənə sədaqətli övladlardır. Düşüncələrini bölüşən digər əsgərlərin hər biri qətiyyətlə vurğuladılar ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyirlər, bundan sonrakı fəaliyyətlərində ölkəmizin sosial, iqtisadi, ictimai-siyasi həyatında fəal iştirak edərək öz bilik və bacarıqları ilə dövlətimizin strateji məqsədlərinə səylə və sədaqətlə xidmət edəcək, hər zaman onlara olan etimadı doğruldacaqlar.
"Azərbaycan Ordusu"