Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun kadr potensialının daha da təkmilləşdirilməsi istiqamətində uğurlu addımlar atılır. Bu gün əminliklə deyə bilərik ki, güclü və sarsılmaz Azərbaycan Ordusunun qazandığı uğurların, qələbələrin arxasında ölkə başçısının gərgin əməyi və qayğısı dayanır.
Ordu quruculuğunun ən mühüm sahələrindən biri də tibbi təminatdır. Hərbi təbabətimizin modern standartlar çərçivəsində qurulması və müasir innovasiyaların tətbiqi ilə daha da möhkəmləndirilməsi üçün dövlət başçısının qarşıya qoyduğu konkret tapşırıqlara əsasən, hərbin bu sahəsində ordu rəhbərliyi tərəfindən davamlı olaraq məqsədyönlü fəaliyyətlər planı həyata keçirilir. Görülən işlərin məntiqi nəticəsidir ki, bu gün ordumuzun tibb sahəsinin maddi-texniki bazası güclənir, müalicə-diaqnostika imkanları artırılır və peşəkar kadr siyasəti dövrün tələbləri çərçivəsində qurulur və inkişaf etdirilir.
Ordumuzun peşəkar hərbi tibb zabitlərinə ehtiyacını ödəmək üçün Ulu Öndər Heydər Əliyevin 25 may 2000-ci il tarixli "Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ehtiyat zabit kadrlarının hazırlanması işinin təkmilləşdirilməsi haqqında" Sərəncamının tələblərinə müvafiq olaraq, Azərbaycan Tibb Universitetinin nəzdində Hərbi tibb fakültəsi yaradılmışdır. Hərbi tibb fakültəsinin nəzdində tibb xidməti zabitlərinin təhsilində fasiləsizlik prinsipinin təmin edilməsi məqsədilə "təkmilləşdirmə" kursları da fəaliyyət göstərir. "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"nun tələblərinə müvafiq olaraq, hərbi həkimlərin ixtisaslaşmalarının həyata keçirilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində 2011-2012-ci tədris ilindən 11 ixtisas üzrə rezidentlərin hazırlığına başlanılmışdır.
Qeyd edək ki, Hərbi Tibb Fakültəsində (HTF) həkimlərimizin peşəkar səviyyədə hazırlanması hərbi təbabətin inkişafında əsas amil kimi daima diqqətdə saxlanılır. Bu diqqətin nəticəsidir ki, HTF-nin məzunları xalqımıza, dövlətimizə layiqincə, nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət göstərirlər. Ordumuzun yüksək ixtisaslı hərbi həkim kadrlarla təmin olunması hərbi tibb sahəsində təhsil sisteminin daim inkişaf etdirilməsini zəruri edir və şərtləndirir.
Bu günlərdə HTF-nin məzunları "Hippokrat andı"nı və Hərbi andı qəbul edib ordu sıralarına daxil oldular. Onlardan təhsilini qırmızı diplomla başa vuran tibb xidməti leytenantları Ramil Heydər, Elvin Babayev, Fariz Əlixanovun və təhsil aldığı müddətdə Azərbaycan Tibb Universitetinin ictimai həyatında fəal iştirakına görə "Təşəkkürnamə" alan Şahmar Məmmədovun təəssüratlarını öyrəndik.
Tibb xidməti leytenantı Ramil Heydər: "Bütün məzun yoldaşlarımı təbrik edir, onlara çətin lakin şərəfli xidmətlərində uğurlar arzulayıram. Təlim-tədris prosesində zəhməti keçən ATU-nun və Hərbi Tibb Fakültəsinin pedaqoji kollektivinə təşəkkürümüzü bildiririk. Məzun olan hər gəncin həyatında yeni bir səhifə açılır. Universitet illərində qazandığımız zəngin biliklər həyatımızın uğur açarı olacaq. Altı il ərzində həm tibbi, həm də hərbi bilik və bacarıqlara yiyələnmişik. Öyrəndiklərimizlə kifayətlənməyəcək, Vətənə, xalqa layiqli xidmət üçün bundan sonra da təcrübələrimizi artırmağa davam edəcəyik. Qazandığımız biliklərə görə əməyini bizdən əsirgəməyən müəllimlərimizə borcluyuq. Vətən müdafiəçilərinin sağlamlığı bizə əmanət ediləcək. Biz həm onları müayinə-müalicə etməli, həm də müxtəlif xəstəliklərə yoluxmamaq üçün mütəmadi olaraq maarifləndirici söhbətlər aparmalı, qabaqlayıcı tədbirlər görməliyik. Şəxsi heyət sağlam və gümrah olanda, onların əhval-ruhiyyələri də yüksək olur və keçirilən təlim-məşğələlərdə fəal iştirak edirlər. Bu da birbaşa döyüş hazırlığının yüksək olması deməkdir. Yüksək döyüş hazırlığı da ordumuzun müdafiə qüdrətinin daha da artırılması, istənilən döyüş tapşırığının uğurla yerinə yetirilməsinə zəmin yaradır. Bunun üçün hər birimiz daim biliklərimizi artırmalı, tibb sahəsində baş verən yenilikləri öyrənməli, müasir müayinə-müalicə metodlarına yiyələnməli, peşəkər həkimlər kimi formalaşmalıyıq. Azərbaycan Respublikasına və qalib Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyuruq".
Tibb xidməti leytenantı Elvin Babayev: "Həkimlik sənəti nəcib bir sənətdir. Xeyirxahlıq, humanizm prinsipləri bu sənətə xas olan prinsiplərdir. Sən həkimlik peşəsinə yiyələnməklə insanların sağlamlıqlarının keşiyində dayanırsan. Ona görə də, bu peşənin elminə gərək dərindən yiyələnəsən. Məsuliyyətli olub, öz üzərində ciddi işləyəsən. Çünki insanlar sağlamlığını sənə etibar edir, sənin savadına, bilik və bacarığına güvənir. Biz məzunlar da təhsil illərində qazandığımız biliklərə görə təcrübəli müəllimlərimizə borcluyuq. Onların inamını doğruldacaq, bu gün qəbul etdiyimiz anda daim sadiq qalacağıq".
Tibb xidməti leytenantı Fariz Əlixanov: "Quba rayonunun Digah kəndində doğulmuşam. Hərbi həkimlik sənətini öz arzumla seçmişəm. Valideynlərim arzumun həyata keçməsində mənəvi dəstək olublar, köməkliklərini əsirgəməyiblər. Həm hərbçi, həm də həkim olmaq ikiqat məsuliyyətdir. Vətən müdafiəçilərinin sağlamlığının keşiyində dayanmaq kimi mühüm əhəmiyyətli və şərəfli vəzifəni yerinə yetirəcəyik. Bunun üçün daim öz üzərimizdə çalışmalı, araşdırmalar aparmalı, hərbi tibb elminin sirlərinə dərindən yiyələnməliyik. Arzum gələcəkdə hərbi tibb sahəsində biliklərimi daha da zənginləşdirib, peşəmin kamil bilicisi olaraq ölkəmə, orduma layiqli, savadlı həkim olmaqdır".
Tibb xidməti leytenantı Şahmar Məmmədov: "2002-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşam. Arzum hərbi həkim olmaq idi. Bu gün həyatımın çox qürurlu və sevincli bir gününü yaşayıram. Vətənimə, xalqıma, dövlətimə şərəflə xidmət edəcəm. Təhsil dövründə qazandığım bilikləri xidmətim dövründə böyük həvəslə hərbi qulluqçularımızın sağlamlığı naminə həsr edəcəyəm. Valideynim həkim olduğuna görə kiçik yaşlarımdan bu peşə ilə çox yaxından tanış idim. Ailədə və cəmiyyətdə vətənpərvərlik hissləri ilə formalaşdım. Hərbi həkimlik peşəsini seçdim. Biz təhsil aldığımız dönəmdə həm hərbi intizama, həm də tibbi biliklərə yiyələndik. İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən tibb məntəqələrində xidmət etmək hər birimizə qürur hissi yaşadacaq".
Əminliklə deyə bilərik ki, gənc zabitlərimizin hər biri bundan sonrakı fəaliyyətlərində yeni nailiyyətlər qazanacaq, ordumuzun tibb xidmətinin daha yüksək səviyyədə təşkil olunmasına öz töhvələrini verəcək, Azərbaycan dövləti və dövlətçiliyi prinsiplərinə daim sadiq qalacaq, şərəfli vəzifələrini layiqincə yerinə yetirəcəklər.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"