Hüseynqulu xan İsgəndər xan oğlu Xoyski 22 sentyabr 1870-ci ildə (məzar daşında 1871-ci il yazılıb) Gəncə şəhərində dünyaya gəlib. Xoy və Şəki xanlarının nəslindən, Dünbili tayfasından (və ya Batmanqılınc-Dünbili) olan atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general-leytenantı olub. Anası Şərəbanı xanım Hacı Molla Zeynalın qızı idi. Hüseynqulu xan görkəmli dövlət və siyasi xadim Fətəli xan Xoyskinin və Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından olan Rüstəm xan Xoyskilərin böyük qardaşı idi.
O, ümumi təhsilini Vladiqafqaz Progimnaziyasında alıb. 1887-ci il iyulun 22-də Qafqaz Süvari Diviziyasının 45-ci Draqun Şimal alayında hərbi xidmətə başlayıb. 1887-ci il sentyabrın 7-də Yelizavetqrad süvari kadet məktəbinə göndərilib. Məktəbi bitirdikdən sonra 1889-cu ildə "podpraporşik" rütbəsində Şuşa yerli komandanlığına göndərilib.
1890-cı il aprelin 4-də 5-ci Qafqaz ehtiyat batalyonuna göndərilib, 1891-ci ildə isə Aslandüzü ehtiyat batalyonuna köçürülüb. 1891-ci ildə "podporuçik", 1896-cı ildə isə "poruçik" və 1900-cü ildə "ştabs-kapitan" rütbəsi alıb.
1904-cü il noyabrın 13-də Zlatoustda yerləşən 214-cü ehtiyat piyada batalyonuna göndərilib, 1905-ci il oktyabrın 11-də o, əvvəlki xidmət yerinə qaytarılıb. 1907-ci ilin oktyabrın 11-də 3-cü Qafqaz Ordusu Korpusunun 52-ci Piyada Diviziyasının 263-cü Novobayazetski piyada alayına köçürülüb. Daha sonra bölük komandiri vəzifəsinə təyin olunub və "kapitan" rütbəsi verilib.
1914-cü ildən 1-ci Qafqaz atıcı briqadasının 3-cü Qafqaz atıcı alayının tərkibində Birinci Dünya Müharibəsində iştirak edib. 1916-cı ildə imperator ordusunda xidmətini başa vurub.
Gəncədə olduğu müddətdə ictimai-siyasi fəaliyyətlə məşğul olub. 1917-ci ildə keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında iştirak edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, Gəncə qubernatoru Xudadat bəy Rəfibəylinin köməkçisi (müavini) olub. 30 mart 1919-cu ildə Azərbaycan hökumətinin qərarı ilə podpolkovnik Hüseynqulu xan Xoyskiyə rəşadətinə görə "polkovnik" hərbi rütbəsi verilib.
Hüseynqulu xan Xoyski Şirinbəyim xanım Ziyadxanova ilə (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi) ailəli olub. Oğlu Zahid xan Xoyski 1910-cu ildə Gəncədə doğulub.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanım, qızı Valiyyə, 6 aylıq nəvəsi Abbas və kürəkəni polkovnik Cahangir bəy Kazımbəyli ilə birlikdə İrana keçib. Cahangir bəy Kazımbəyli sonradan geri qayıdıb və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı baş qaldıran Gəncə üsyanına rəhbərlik edib. Hüseynqulu xan Xoyski isə İrandan Türkiyəyə gedib.
General-mayor Hüseynqulu xan Xoyski (qeyd edək ki, "general-mayor" rütbəsini almasının dəqiq tarixinə mənbələrdə rast gəlmədik) 1955-ci ildə Türkiyədə vəfat edib və İstanbuldakı Feriköy qəbiristanlığında dəfn olunub.
"Azərbaycan Ordusu"