Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2025 15:17

Hərbi Tibb Fakültəsinin məzunları təntənəli surətdə “Hippokrat andı”nı qəbul etdilər

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Tibb Universitetinin "Məzun Günü" keçirildi. Tədbirdə Hərbi Tibb Fakültəsinin zabit, müəllim heyəti, ictimai-siyasi xadimlər, səhiyyə işçiləri, universitet rəhbərliyi və digər rəsmi qonaqlar iştirak etdilər. 
"Məzun Günü"nün rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 
Səhiyyə naziri Teymur Musayev  açılış nitqində məzunları təbrik edərək, bu günün onların həyatında unudulmaz bir tarix kimi qalacağını bildirdi. Nazir çıxışında ölkədə səhiyyənin inkişafı, tibb təhsilinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açdı. "Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyev səhiyyə sisteminin formalaşması və inkişafı üçün mühüm qərarlar verib. ATU-nun yeni tədris korpusunun inşası və ilk tədris klinikasının yaradılması da məhz onun adı ilə bağlıdır. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın tibb elminə və təhsilinə verdiyi töhfələr bu sahədə mənəvi örnəkdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə səhiyyə infrastrukturunun modernləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində ciddi nailiyyətlər əldə olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinə göstərdiyi xüsusi diqqət və qayğısı isə bu sahəyə verilən dəyərin təzahürüdür". Çıxışının sonunda Teymur Musayev məzunlara müraciət edərək bildirdi: "Həkimlər gündəlik həyatın qəhrəmanlarıdır. Öz biliklərinizə arxayın olun, cəsarətli və məsuliyyətli həkimlər kimi fəaliyyət göstərin. Bu çətin, lakin şərəfli yolda sizə uğurlar arzulayıram. Bir həmkar kimi aramıza xoş gəldiniz". 
Tədbirdə çıxışlar zamanı Ulu Öndərin Azərbaycan səhiyyəsinə verdiyi əvəzsiz töhfələrdən, bu gün ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində səhiyyə sahəsinə gətirilən yeniliklərdən, o cümlədən respublikamızın hərbi təbabətinin daha da inkişaf etdirilməsindən, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədə həkimlərimizin qəhrəmanlığından, vətənpərvərliyindən geniş danışıldı. 
Əvvəlcə təhsilini fərqlənmə ilə başa vuran məzunlara diplomlar təqdim edildi. Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli tərəfindən Hərbi Tibb Fakültəsinin məzunu tibb xidməti leytenantı Şahmar Məmmədova təşəkkürnamə təqdim olundu. Sonra tibb xidməti leytenantı Elşən Babayev həkimlərin "Hippokrat andı"nı oxudu. Məzunlar "Hippokrat andı"nı təntənə ilə qəbul etdilər. 
Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Məharət Rzayev "Ən yaxşı müəllim" nominasiyası üzrə seçilmiş Hərbi cərrahiyyə kafedrasının müəllimi, ehtiyatda olan tibb xidməti polkovniki Çingiz Quliyevə mükafatı təqdim etdi. 
Tədbirdə ATU-nun "Şəfa" ansamblının üzvlərinin ifasında universitetin himni ifa olundu. 
Daha sonra tədbir iştirakçıları Hərbi Tibb Fakültəsinə həsr olunmuş videoçarxı da böyük maraqla izlədilər. Videoçarxda Hərbi Tibb Fakültəsinin zabit, müəllim, tələbə heyətinin tədris zamanı fəaliyyətini əks etdirən məqamlar nümayiş olundu. 
Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, eyni zamanda, aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, komandir heyətinin Vətənə, xalqımıza hədsiz sədaqət aşılanmasına, daima peşə hazırlığının inkişaf etdirilməsinə və tapşırılmış işə yüksək məsuliyyət hissi tərbiyə edilməsinə yönəlib. Ordumuz üçün müasir tələblərə cavab verən kadrların hazırlanması ölkəmizin müdafiə qüdrətinin artırılmasına xidmət edən mühüm amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 25 may 2000-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, peşəkar hərbi tibb zabitlərinə, gizirlərinə ehtiyacını nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin tabeliyində Hərbi Tibb Fakültəsi yaradıldı. Nəzəri və praktiki bilik, bacarıqlara yiyələnən, tibb sahəsini mükəmməl bilən mütəxəssis kadrlar hazırlamaq kimi məsuliyyətli və şərəfli iş Hərbi Tibb Fakültəsinin üzərinə düşdü.
Şərəfli yol keçərək 25 illiyini qeyd edən Hərbi Tibb Fakültəsinin məzunları Azərbaycan Ordusunun tibb sahəsində qazandıqları bilik, bacarıq və təcrübələrini tətbiq edərək, Vətənimizin müdafiəsində dayanan hərbi  qulluqçularımıza zəruri tibbi yardımlar göstərirlər. Beləliklə, onlar peşə borclarını layiqincə yerinə yetirərək, içdikləri Hərbi anda və həkimlərin "Hippokrat andı"na daima sadiq qalırlar. 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasında peşəkar hərbi həkimlərimizin də xidmətləri danılmazdır. Onların Vətənə sədaqəti, dövlətimizə bağlılıqları və sonsuz məhəbbətləri peşəkar fəaliyyətlərində artıq təsdiqini tapıb, tapır, sabah da tapacaq. Onlarla həkim müharibənin odu-alovu arasından, səngərdən-səngərə adlayaraq, yaralılarımıza yardım göstərib onları həyata qaytarıb, ölümün gözünə dik baxıb, canından keçib, ən uca məqam olan şəhidlik zirvəsinə ucalıb. Hərbi həkimlərimiz hər zaman xalqımıza və dövlətimizə şərəflə, nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət ediblər.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi təhsil sistemində məqsədyönlü islahatlar aparılır, xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki bazaları daha da təkmilləşdirilir.
Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Tibb Universitetinin tərkibində yaradılan təkmilləşdirmə kursları, feldşer hazırlığı  kursu və rezidentura hazırda öz fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Hərbi Tibb Fakültəsinin fəaliyyəti yarandığı ilk gündən yüksək qiymətləndirilir. 25 illik tarixi yol keçən fakültə yüzlərlə hərbi həkim kadrları hazırlayaraq, ordu sıralarına göndərib. Bu il isə fakültədən "hərbi həkim" ixtisası üzrə 57 nəfər hərbi həkim kimi Azərbaycan Ordusunun sıralarına daxil olub. Müdafiə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin həyata keçirdiyi tədbirlər və görülən işlər nəticəsində Hərbi Tibb Fakültəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi üçün müasir tibbi avadanlıqlar və bütün kommunikasiya sistemləri ilə təchiz edilib, tədris binası, simulyasiya kabinetləri istifadəyə verilib, təhsilin yüksək səviyyədə təşkil edilməsi üçün hər çür şərait yaradılıb.
Azərbaycan Tibb Universitetinin “Məzun Günü”nün rəsmi hissəsi Hərbi Tibb Fakültəsinin həkim məzunlarının - tibb xidməti leytenantlarının təntənəli sıra keçidi  ilə başa çatdı.
“Məzun Günü” respublikanın tanınmış incəsənət nümayəndələrinin maraqlı, rəngarəng konsert proqramı ilə davam etdi.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"