Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2025 15:17

“Qan vermək bizim üçün borcdur - Vətənə, xalqa, insanlığa olan mənəvi borc”

Azərbaycan Ordusu xalqımızın tarixini, ağrılarını, qələbələrini, şəhidlərini, dualarını özündə daşıyır. Xalqımız tarixin çətin sınaqlarından keçdikcə, güclü orduya ehtiyac daha da artıb. Bu ehtiyacın cavabı isə hər zaman sədaqət, əzm, Vətən sevgisi ilə formalaşmış bir ordu olub. 
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası üçün güclü və müasir ordu quruculuğu ən prioritet sahələrdən biri kimi müəyyənləşdirildi. Ümummilli Lider Heydər Əliyevin "Güclü dövlət güclü ordudan başlayır" strateji xətti bu sahədə əsas təməl oldu. Onun təşəbbüsü ilə ordu strukturlaşdırıldı, milli kadrlar hazırlanmağa başladı, döyüş ruhu, intizam və texniki baza formalaşdırıldı. O illərdə atılan addımlar bu gün müasir Azərbaycan Ordusunun qələbə təməlini qoydu.
Məhz bu təməl üzərində qurulan ordumuz, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə İkinci Qarabağ müharibəsində şanlı tarix yazdı. 44 günlükmüharibədə Azərbaycan əsgəri təkcə torpağını azad etmədi, həm də bir xalqın əyilməz ruhunu, milli həmrəyliyini, sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. O müharibədə güllə ilə yanaşı, dua, inam, ruh da vuruşurdu. Şəhidlərin qanı ilə imzalanan bu Zəfər, bu gün ordumuzun hər bir əsgərinin, çiynində daşıdığı məsuliyyətə çevrilib.
Ordu bizim qalxanımız, ruhumuz, gələcəyimizdir. Onun varlığı xalqımızın qürur mənbəyidir. Ölkəmizdə dövlət-xalq-ordu birliyi sarsılmazdır. Bu sarsılmazlığın göstəricisi kimi müxtəlif dövlət qurumlarının, özəl təşkilatların əməkdaşları Müdafiə Nazirliyi ilə birgə tədbirlər keçirir, hərbi hissələrə səfərlər edir, Vətən qoruyucuları ilə bir arada olurlar. Bu görüşlər xalqın daim ordusunun yanında olduğunu, ona sonsuz güvəndiyini nümayiş etdirir. 
Xalqın orduya mənəvi dəstəyinin, vətənpərvərlik ruhunun və humanitar dəyərlərin təbliğinin ifadəsi olan növbəti tədbir keçirildi. Cari ilin 30 iyun tarixində Azərbaycan Ordusunun yaranmasının 107-ci il dönümü münasibətilə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Milli Müdafiə Universitetinin, Azərbaycan Qan Donorluğu İnkişaf Mərkəzinin və Respublika Qan Bankının birgə təşkilatçılığı ilə "Qanımızla yaşadaq" adlı qanvermə aksiyası və eyniadlı tədbiri keçirildi. 
Tədbirin rəsmi hissəsində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 
Tədbirdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan, Hərbi İnstitutun yetişdirdiyi qəhrəman zabitlərdən söz açaraq, keçirilən qanvermə aksiyasının humanitar və mənəvi əhəmiyyətini vurğuladı. 
Azərbaycan Qan Donorluğu İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul çıxışında qan donorluğu mədəniyyətinin təbliği, irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərə göstərilən dövlət qayğısı və bu missiyada hərbi qulluqçuların xüsusi rolundan bəhs etdi. Tədbirin təşkilinə xüsusi diqqət ayıran Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülova dərin təşəkkürünü bildirdi. 
Tədbirdə digər çıxış edənlər Azərbaycan Ordusunun tarixi zəfərlərindən, şəhidlərimizin şərəfli döyüş yolundan, dövlət-xalq-ordu birliyindən danışdılar. Müasir, rəşadətli və qalib ordumuzun bugünkü gücünün və əzmkar ruhunun arxasında həm tarixi irsin, həm də dövlət rəhbərliyinin qətiyyətli siyasətinin olduğu vurğulandı. Bu cür tədbirlərin Azərbaycan Ordusunun cəmiyyətlə bağlarını daha da gücləndirdiyini, vətənpərvərlik ruhu aşıladığını və milli birlik hissini möhkəmləndirdiyi bildirildi.
Müasir Azərbaycan Ordusunun yaranmasından və inkişaf yolundan bəhs edən videoçarx nümayiş olundu. Videoçarxda Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı nailiyyətlər və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın orduya olan diqqət və qayğısı əks etdirildi. 
Sonra MMU-nun, Hərbi İnstitutun rəhbərliyi, pedaqoji heyəti və kursantlar könüllü olaraq qanvermə aksiyasında iştirak etdilər. Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümidvar Quliyev də könüllülər arasında idi. Onların ardınca müəllim heyəti, zabitlər və yüzlərlə kursant öz adlarını qan bağışı siyahısına yazdırdı. Bəzi kursantlar qanvermə aksiyasında ilk dəfə iştirak etsələr də, onlar bu müqəddəs missiyaya böyük həvəslə yanaşırdılar. Növbə ilə donor kürsüsünə yaxınlaşan, bir damla da olsa kiminsə həyatına ümid olmaq üçün qan bağışlayanların düşüncələrini öyrəndik. 
2006-cı il təvəllüdlü Əli Nəbiyev motoatıcı ixtisası üzrə təhsil alır. Onun sözlərinə görə, bu cür aksiyalar həm birliyi, həm də insanlara yardım ruhunu gücləndirir: "Hərbçi olmaq təkcə silah tutmaq deyil. Biz hər an Vətən üçün, insanlar üçün varıq. Bilirik ki, verdiyimiz qan bir gün bir həyat xilas edə bilər. Bəlkə də bu qanla bir uşaq, bir əsgər, bir ana yaşamağa davam edəcək. Bu, bizim mənəviyyat borcumuzdur".
Səbuhi Qəribov 3-cü kursda təhsil alır. O dedi ki, bu cür aksiyalar mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır: "Mən artıq ikinci dəfədir ki, qanvermə aksiyasında iştirak edirəm. Düşünəndə ki, sənin verdiyin qan həyat xilas edəcək insan qürurlanır, sevinir. Bu aksiyanın təşkilində zəhməti keçən hər kəsə təşəkkürümüzü bildiririk".
2005-ci il təvəllüdlü Aqil Salahov ürəyimiz hər zaman insanlara yardım üçün döyünməlidir deyərək bildirdi: "Texnologiyalar çağında yaşasaq da, insanın insan üçün etdiyinin dəyəri heç bir texnologiya ilə ölçülmür. Mən qan verərkən düşündüm ki, bu, bəlkə də mənim gələcəkdə işləyəcəyim sahənin də əsas prinsipidir - insan həyatını qorumaq. Bizim amalımız da məhz budur, xalqımızı, müstəqilliyimizi, ərazi bütövlüyümüzü canımızla, qanımızla qorumaq".
Kursantlar Eşqin Nuriyev, Fuad Alıyev, Müslüm Ağarzayev, Arzu Kazımov, Tahir Kərimov da düşüncələrini bölüşdü: "Biz qanımızı tanımadığımız bir əsgərə, yaralıya, bəlkə də doğulmamış bir körpəyə hədiyyə edirik. Bu hissin adı mərhəmətdir, xalqa, insanlığa xidmətin başqa bir formasıdır. Hərbçi olmaq təkcə döyüş meydanında mübarizə aparmaq deyil, sülh zamanı da həyat uğrunda savaşı davam etdirməkdir. Qan vermək bizim üçün borcdur - Vətənə, xalqa, insanlığa olan mənəvi borc. Damarımdan çıxan qan, ruhumdan gələn borcdur. Bu borcu yerinə yetirdiyim üçün xoşbəxtəm. Bu, Vətənə səssiz bir xidmət növüdür. Biz Vətənimizi düşmənlərdən qoruyacağıq. Amma bu gün biz görünməyən bir təhlükəyə, xəstəliyə qarşı mübarizə üçün həmrəylik nümayiş etdirdik. Qan verən hər kəs kimi biz də qürur hissi keçirdik. Düşmənə qarşı, hər hansı təbii fəlakətə və ya xəstəliklərə qarşı mübarizədə ən önəmlisi birlik olmaqdır. Biz gənclər inanırıq ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşib istənilən görünən və görünməyən təhlükələrə qalib gələ bilərik".
Kursantların ürəkaçan sözləri bir daha göstərdi ki, Azərbaycan Ordusunun gələcək zabitləri cəmiyyət qarşısında da məsuliyyətlərini yaxşı dərk edirlər. Onların könüllü qanverməsi milli-mənəvi dəyərlərimizə bağlı olduqlarının bir daha sübutu oldu. Bu aksiyada iştirak edən hər kəs bir amalla birləşdi - yaşatmaq, xidmət etmək və insanlığa töhfə vermək.
Aksiyanın sonunda iştirakçılara fəxri fərmanlar və hədiyyələr təqdim olundu. Təşkil olunmuş bədii konsert proqramı iştirakçılar və qonaqlar üçün xoş ovqat yaratdı. Musiqi nömrələri və vətənpərvər ruhlu ifalar kursantlar və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Bu humanist təşəbbüs bir daha göstərdi ki, hərbi qulluqçularımız yalnız döyüş meydanında deyil, cəmiyyətin rifahı naminə atılan hər bir addımda fəallıq göstərməyə hazırdır. Qanvermə aksiyası həm fiziki, həm də mənəvi baxımdan sağlam bir cəmiyyətin qurulmasında mühüm rol oynamaqla yanaşı, gənc kursantların vətənpərvərlik, həmrəylik və sosial məsuliyyət duyğularını daha da gücləndirdi.
 
Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"