Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2025 15:16

Müharibənin silahsız döyüşçüləri

Tibb işçiləri insan sağlamlığı uğrunda mübarizə aparan səssiz qəhrəmanlardır - nə silah tuturlar, nə də ön cəbhədə döyüşürlər, amma insan həyatını qorumaq uğrunda səssiz bir savaş aparırlar. Müharibədə ön cəbhədə, müharibədən sonra hospitallarda həyat uğrunda gedən döyüşün iştirakçısı olurlar... 
Bu baxımdan tibb bacıları da zaman, vaxt sərhədinə sığmayan qayğıkeşliklə xəstələrin qayğısına da qalırlar, şəfa da verirlər, ümid də. Müharibə, fövqəladə hallar və pandemiya dövrlərində onların fədakarlığı ölçüyəgəlməzdir. Tibb bacıları həm də xəstələrin mənəvi dayağı, onların sağalma ümidgahıdırlar. 
Vətən müharibəsində, güllələr altında, partlayışlar içində işləmək, sağlamlıq mücahidi olmaq asan deyildi. Amma bu cəsur qadınlar qorxunu, qorxuyla gələn səksəkələri ürəklərində gizlədib, Vətən oğullarını həyata qaytarmağın cəfakeşi olublar. Belə tibb işçilərindən biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Ətrabə Quliyevadır. 
Ətrabə Quliyevanın da həyatı tibb peşəsinə, insanlara xidmətdə fədakarlığa həsr olunub. 1981-ci ildə Şəmkirdə dünyaya gələn Ətrabə xanım 2001-ci ildə Gəncə Tibb Texnikumunu bitirib. Peşəkar fəaliyyətinə 2003-cü ildə Gəncə hospitalında başlayıb, 2009-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında tibb bacısı kimi çalışıb. 2012-ci ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. Hazırda Reanimasiya və İntensiv terapiya bölməsinin anesteziya üzrə ixtisaslaşmış tibb bacısıdır. 
Ətrabə xanım peşəsinin məsuliyyətini döyüş meydanında da çiyinlərində daşıyıb. 2016-cı ilin Aprel döyüşlərində Füzuli istiqamətinə ezam olunub. Həmin günlərdə bir-birinin davamı olan fasiləsiz əməliyyatlarda iştirak edib. Həyatla ölüm arasındakı xəttin üzərində çalışıb, bir çox əsgərin həyatını xilas etmək üçün o da ömrünün saatlarını əsirgəməyib. “Hər dəqiqə bir həyat, hər saniyə bir nəfəs demək idi” - deyir müsahibim. O günləri belə xatırlayır: ""Şərikli çörək" filmini düşündüm - qırçını yoxlamağa gələn uşağı. O qədər oxşayırdı ki... Bu dəfə film yox, həyatın içində idik. Amma nə acı, nə də qorxu bizi dayandıra bilmədi".
2020-ci ilin 12 oktyabrında Füzuli istiqamətində yerləşən hərbi hissəyə, 14 oktyabrda isə Cəbrayılın Daşkəsən kəndinə - düşməndən azad edilən ərazidə yerləşən tibb məntəqəsinə ezam olunub. Komanda yoldaşları ilə gün ərzində 300-360 yaralıya yardım göstərmək, onların həyatını xilas etmək üçün çalışan bu tibb bacısının fədakarlığını sözlə ifadə etmək mümkün deyil. Hər an təhlükə altında fəaliyyət göstərmək misilsiz cəsarət tələb edir. Ətrabə xanım bildirdi ki, Füzuliyə ezam olunduğu gün bir başqa idi. "Torpağın qoxusu, əsgərlərin baxışları, hər yerdə gərginlik, hər yerdə gözləmə var idi… Amma qorxu yox idi. Hamı hər an, hər şeyə hazır idi. Elə biz də… Gün içində yüzlərlə yaralı qəbul edirdik. Əllərindən qan axan, sinəsindən mərmi parçaları çıxarılan gənclər var idi. Bəziləri övladım yaşında olardılar. Onlar heç nədən qorxmurdular. "Bacı, tez elə döyüşə qayıdım", - deyirdilər. Onların bu duruşları bizə güc verirdi, gözlərinə baxanda bir şey aydın olurdu - bu torpaq üçün can verməyə gəlmişdilər, biz isə o canları qorumağa"... 
Ətrabə Quliyeva müharibənin təhlükələrindən də danışdı: "Düşmənin atəşi bizi qorxutmurdu. Qəhrəman əsgərlərimiz kimi biz də canımız, qanımız bahasına şərəfli vəzifələrimizi yerinə yetirirdik. "Qəti qorxu hissi yox idi - çünki Vətən sevgimiz qorxudan daha qüvvətli idi"... 
Ətrabə xanım şəhidlərimizi xatırladıqca səsi titrəyirdi: "Onların üzlərində elə nur var idi ki… O nuru heç nə ilə izah edə bilmirəm. Sanki bir sakitlik, bir ilahi rahatlıq var idi. Mən şəhidliyi o simalarda gördüm". 
Ətrabə xanım Cəbrayıla ilk daxil olanlar arasında olub: "Bu, mənim üçün qürurun zirvəsidir. Hisslərimi sözlə deyə bilmirəm. Azad olunmuş torpağa ayaq basanda içimdən sanki bir titrəmə keçdi.  Bu təkcə iş deyil, bu bir and, bir müqəddəs borc idi", - dedi və susdu. O sükutun içində yüzlərlə duyğu gizlənmişdi... 
Füzuli istiqamətində yaralanan yüksək rütbəli zabitimiz sarğı qoydurub və deyib ki, geri qayıdıram. Heç bir ağrı onu saxlamadı. Bu, əsgərlərə və zabitlərə ruh yüksəkliyi verdi. 
Tibb bacılarının silahı sarğı, təmkin və şəfqət idi. Axı qələbə yalnız güllə ilə qazanılmır. İnam da, Vətən sevgisi də, bir damla qan da,  xilas etmək də qələbəyə vasitə olur. Ətrabə xanım daha sonra dedi ki, 19 oktyabrda düşmən tərəfindən tibb məntəqəsi bombalandı. Hamı üçün bu an son ola bilərdi. Amma heç kim çəkilmədi. Saniyələrə sığan səssizlikdən sonra hər kəs bir-birinin üzünə baxdı və... davam etdi. O məqamda  qorxu, həyat eşqi, aclıq, yuxusuzluq - hamısı  unudulmuşdu. Sadəcə, bir amal vardı: yaşatmaq. Bu səssizlik güc idi, inad idi, həyat uğrunda mübarizə idi... 
Şəhid həkim tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevin "Qızlar, özünüzü qoruyun" sözləri  onun da yaddaşına əbədi həkk olunub. 
Ətrabə xanım 22 oktyabrda ezamiyyətdən qayıdaraq xidmətini Baş Klinik Hospitalda davam etdirir. Müharibənin ən qaynar nöqtəsində fəaliyyət göstərən tibb işçiləri üçün bu  həyat tərzinə çevrilmişdi.
Onun üçün müharibə bir döyüş xatirəsi deyil. Onun üçün müharibə - hər bir yaralının gözündə yaş, hər bir şəhidin üzündə nur, Vətən torpağının hər qarışında bir ömrün ətri deməkdir... 
Ətrabə Quliyeva "Müharibə veteranı" adını qürurla daşıyır. Amma o, həm də insanlığın, şəfqətin, mərdliyin canlı timsalıdır. Ağ xalatı ilə döyüşə atılan, sükutla, təbəssümlə, göz yaşları ilə şücaət nümunələri göstərən qadındır Ətrabə xanım.
Bəzən qəhrəmanlıq səs-küylü olmur.  Tarix həyat xilas edən insanın adını ürəklərə yazır. Ətrabə Quliyevanın  ad-soyadı da yüzlərlə ömürdə yaşayır... 

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"