Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2025 15:16

Böyük Qayıdışın Zəfər salnaməsi

Hələ sovet dövründə azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsi yolunda süni maneələr yaradıldığı bir vaxtda Ulu Öndər Heydər Əliyevin göstərdiyi polad qətiyyət hər zaman qəlbimizi qürurlandırır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1971-ci ilin aprelində gənclərimizin ali hərbi məktəblərə hazırlanması barədə xüsusi sərəncam imzalayır. Bununla da, həmin il iyunun 20-də gələcəkdə milli zabit kadrlarının hazırlanmasında əsas baza rolunu oynayacaq hərbi liseyin bünövrəsi qoyulur. Hərbi təhsil ocağına xalqımızın qüdrətli sərkərdələrindən biri, qırmızı terrorun qurbanı olmuş Cəmşid Naxçıvanskinin adı verilir. 
Bu gün doğma ordumuzun zabit heyətinin əsasını da elə məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil edir. Neçə-neçə məzun erməni faşizminə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı kimi şərəfli adlara layiq görüldü, onlarla məzun zabit isə orden və medallarla təltif olundu. Liseyin məzunları arasında çoxlu sayda generallar, yüksək rütbəli zabitlər yetişdi. Bütün bunlar Ümummilli Liderin ölkəmizin hərbi qüdrətini artırmaq sahəsindəki gərgin zəhmətinin və yüksək fədakarlığının əyani sübutudur. 
Ötən əsrin 70-ci illərində Ulu Öndərin ali hərbi məktəblərdə təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasına nail olması, müdrik şəxsiyyətin ölkəmizin parlaq gələcəyinə - bugünkü azad, müstəqil dövlətçiliyimizə hesablanmış uğurlu və qətiyyətli addımları idi. 
Ulu Öndər Heydər Əliyevin Moskvadan doğma yurdu Naxçıvana qayıdışı ilə Azərbaycanda ordu quruculuğunun Naxçıvan mərhələsi başlandı. Sovet ordusuna məxsus texnika, silah-sursat və avadanlıqlar Naxçıvanın müdafiəsi məqsədilə saxlanıldı. Ordu quruculuğunun Naxçıvan mərhələsi könüllü müdafiə dəstələrindən nizami ordunun yaradılmasınadək böyük inkişaf yolu keçdi. Naxçıvan Muxtar Respulikası Ali Məclisinin sədri Heydər Əliyevin bir-birinin ardınca imzaladığı Naxçıvanın müdafiəsi haqqında qərarlar müasir ordu quruculuğu tarixinin qiymətli toplusuna çevrildi. 
1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Silahlı Qüvvələrimizin yaradılması barədə qərar qəbul etdi. Lakin ovaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi və cəsarətsizliyindən ordu quruculuğu sahəsində, heç bir uğurlu nəticəyə nail olunmadı. Düzgün siyasi xətt yürüdülmədi. 
Ordu quruculuğunda buraxılan səhvlər son nəticədə torpaqlarımızın 20 faiz işğalı, 1 milyona yaxın soydaşımızın qaçqın vəziyyətinə düşməsi ilə nəticələndi. 
Xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya ilə ölkə vətəndaşlarına müraciəti müasir ordu quruculuğu sahəsində əsaslı dönüşün başlanğıcı oldu. Dövlət rəhbərinin çağırışına cavab olaraq minlərlə gənc könüllü olaraq silaha sarılıb döyüşə atıldı. Ulu Öndər 1994-cü ilin əvvəllərində cəbhəyə yola düşən əsgərlərlə görüşəndə demişdi: "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı,  atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi Qələbəmiz sizin hər birinizin, fəaliyyətindən, qəhrəmanlığından asılıdır. Ona görə də hər birinizə, ümumiyyətlə, hamınıza bu şərəfli vəzifənizi - Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməklə qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayıram".  


Ulu Öndərin tarixi müraciətindən ruhlanan döyüşçülərimizin hünər və rəşadəti sayəsində erməni hərbi birləşmələri bir çox istiqamətdə xeyli itki verərək geri çəkilməyə məcbur oldu. Məğlubiyyətdən sarsılmış təcavüzkar Ermənistan 1994-cü il mayın 12-də atəşkəs haqqında Bişkek protokoluna imza atmaq məcburiyyətində qaldı. Bundan sonra həm iqtisadiyyatımızın, həm də ordu quruculuğunun kompleks şəkildə inkişafı üçün real zəmin yarandı. Qısa bir vaxtda Azərbaycan Silahlı Qüvvələri vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrildi. Ordunun şəxsi heyətində ruh yüksəkliyi yarandı və bölmələrimizin maddi-texniki təminatı xeyli gücləndirildi. Ordumuzun təcrübəli hərbi kadrlara olan ehtiyacını aradan qaldırmaq üçün mövcud hərbi məktəblərin fəaliyyətinin yenidən qurulması məqsədilə kompleks tədbirlər həyata keçirildi. Dahi rəhbərin gərgin zəhməti sayəsində təkcə Azərbaycanın deyil, xarici ölkələrin hərbi məktəblərində də Silahlı Qüvvələrimiz üçün yüzlərlə mütəxəssis - təcrübəli zabit heyəti hazırlandı. Müstəqilliyimizin ilk illərində, Azərbaycan Ordusunun zabitlərinin əksəriyyəti məhz Heydər Əliyevin qayğısı sayəsində Türkiyənin, Rusiyanın, Ukranyanın, Pakistanın, Çinin, İtaliyanın, Rumıniyanın və digər ölkələrin hərbi akademiyalarında təhsil aldılar. Dövlət rəhbəri Heydər Əliyev Silahlı Qüvvələr üçün ali təhsilli komandirlər və qərargah zabitləri hazırlamaq məqsədilə 1999-cu il fevrarlın 20-də Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması barədə Sərəncam imzaladı.
Respublikamızın 1994-cü ilin mayında NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulması və Şimali Atlantika İttifaqı ilə əməkdaşlığa qədəm qoyması Ümummilli Liderin Silahlı Qüvvələrimizin beynəlxalq əlaqələrini genişləndirmək yolunda atdığı ən uğurlu addımlarından biri kimi qiymətləndirilir. Ulu Öndərin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin tərkibində yaradılmış xüsusi taborun şəxsi heyəti beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasının üzvü kimi 1999-cu ilin sentyabrında Türkiyə taboru ilə birlikdə Kosovo, Əfqanıstan və İraqda beynəlxalq sülhyaratma missiyalarını uğurla yerinə yetirdi.
2001-ci ilin noyabrında Azərbaycanda "Kooperativ Determineyşn-2001" çoxmillətli komanda-qərargah təlimlərinin keçirilməsi ordumuzun Avropa və dünya standartlarına doğru ən uğurlu addımı kimi dəyərləndirilməlidir.
Ulu Öndərin 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına Hərbi Liseyin filialının açılması və 26 iyun tarixinin hər il Silahlı Qüvvələr Günü kimi qeyd edilməsi barədə imzaladığı tarixi sərəncamlar ordu quruculuğunun inkişafına böyük töhfə oldu.
2003-cü il aprelin 21-də Respublika Sarayında (hazırda Heydər Əliyev sarayı) C.Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ali Baş Komandan Heydər Əliyev fəxrlə bəyan edərək demişdi: "Mən Cəmşid Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam. Ona görə də özümü çox xoşbəxt hesab edirəm".
Dahi rəhbər  Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmağı həyatının mənası hesab edirdi. Bu amal uğrunda daima mübarizə aparan Ulu Öndərin yorulmaz fəaliyyətini, siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində ölkəmiz dünya düzənində öz xüsusi yeri olan bir dövlətə çevrilərək, xalqımızın xoşbəxt gələcəyinə bütün təminatlar yaradılıb, dönməz ictimai-siyasi sabitliyə və əmin-amanlığa nail olunub.
Bu gün Azərbaycanın müdafiə qüdrətinin güclənməsi sahəsində qazanılan nailiyyətlərin təməlində Ulu Öndər müdrikliyi, dühası dayanır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti ilə uğurla həyata keçirildi, Vətənimizin tərəqqisi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və etibarlı şəkildə qorunması, respublikamızın ərazi bütövlüyünün təminatçısı olan ordumuzun daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü və bu gün də böyük islahatlar aparılmaqdadır.
Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna şəxsən nəzarət edərək, diqqət və qayğısını əsirgəmir, cəbhə bölgələrində şəxsi heyətlə görüşür, orduda aparılan irimiqyaslı müasirləşmə və təlimlərin gedişi ilə şəxsən maraqlandı. İldən-ilə artan müdafiə xərcləri, Silahlı Qüvvələrə ayrılan maliyyə vəsaiti sayəsində ordunun təminatını daha da yüksəldi. Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri ən müasir ordularla rəqabət aparmaq imkanına malikdir.
Ötən illərdə Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən hərbi paradlar müstəqil, müasir Azərbaycan Ordusunun günü-gündən artan gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi.
Ordu quruculuğunu daim diqqət mərkəzində saxlayacağını bəyan edən Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin qarşısında hər an torpaqlarımızı azad etmək üçün hazır olmaq vəzifəsinin qoyulduğunu dəfələrlə bildirmişdi: "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barədə dəfələrlə rəsmi bəyanatlar verilibdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, başlıca şərtdir. Bunun kənarında heç bir razılaşma, heç bir saziş mümkün deyildir. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır".
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin mayında uğurlu Günnüt əməliyyatı, 2020-ci ilin iyulun da Tovuz döyüşləri, nəhayət, 2020-ci il 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Böyük Zəfərlə başa çatdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda ordumuz separatçı qüvvələrə, erməni silahlı birləşmələrinin qalıqlarına qarşı antiterror əməliyyatını uğurla yerinə yetirdi. Müzəffər Ali Baş Komandanın yüksək diplomatik bacarığı, qətiyyəti, siyasi iradəsi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı, fədakarlığı sayəsində  şəhidlərimizin qanı, canı bahasına 30 ilə yaxın müddətdə Ermənistan silahlı birləşmələrinin işğalında olan torpaqlarımız azad edildi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Bununla da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin həlli istiqamətində Ümummilli  Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla başa çatdırdı, münaqişəyə son qoyulmasına nail oldu.
Qətiyyətli və uzaqgörən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail oldu, qüdrətli ölkəyə çevrildi. Azərbaycanın Milli Qurtuluşdan başlanan yolu Böyük Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında deyirdi: "Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə  Azərbaycan xalqı məni seçəndə, mən bilirdim ki,  mən  Heydər Əliyev siyasətinə sadiq qalacam, onun yolu ilə gedəcəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum".  
 
Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"