AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ordu dövlətin, dövlət Vətənin ruhudu, hər bir vətəndaş bu ruhun zərrəsidi. Dövlətlər yaranandan, ərazilərə sərhədlər düşəndən belədi; Vətən həm də sərhədlərlə əhatələnmiş torpaqdır. Vətən kəlməsinin müqəddəsliyini dərk edən hər bir vətəndaşın ruhunda olduğu üçün müqəddəsdi. Vətənin əzəli (və son nəfəsinəcən sədaqətli) əsgəri vətəndaşın ruhudu. Hərbi qulluqçular hərbi xidmətiylə, mülkilər əsəgərləşən ruhu ilə sərhədlərimizin xəyali mühafizləridi. Dövlətimizin qüdrətli ordusu 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi əks-hücum əmrini noyabrın 8-də Qələbə ilə tamamladı, tarixi Zəfər qazanıldı. 2023-cü il sentyabrın 19-20-də ərazi bütövlüyümüz uğurlu döyüş əməliyyatları ilə tam bərpa olundu. Qalibiyyət ordusu olan Azərbaycan Ordusunun yaranmasının 107-ci ildönümünə həsr olunmuş tədbirlərdən biri də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirildi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqləlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycan Ordusuna həsr olunmuş videoçarx zamanlar arasında əlaqə yaratmaqla müasir Azərbaycan Ordusunun formalaşma və fəaliyyət mərhələlərini əhatələyən kadrlar kimi maraqla izlənildi.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev çıxışında Azərbaycan Demokratik Respublikasının qurulmasından, ordusunun yaradılmasından, on illər sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından söz açdı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun əsasının qoyulduğu günün - iyun ayının 26-nın Azərbaycan Respublikası Silahlı Qüvvələri günü təyin edildiyini xatırlatdı.
Komitə sədri Kərim Rzayev sonra bildirdi ki, ordumuzu böyük tarixi şəxsiyyət Heydər Əliyev nizami ordu kimi formalaşdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ordunun döyüş və mənəvi-psixoloji hazırlığını daha da yüksəltdi, indi ordumuz dünyanın ən güclü orduları sırasındadır. K.Rzayev, həmçinin həmkarlar təşkilatlarının cəmiyyətdə rolundan, onun cəmiyyətin bütün sahələrinə humanitar inteqrasiyasından, cəmiyyət - fərd münasibətlərinin daha həssas səviyyədə formalaşmasından danışdı.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev çıxışında İkinci Qarabağ müharibəsindən, döyüşlərdən, döyüşənlərdən, qəhrəmanlıqlardan, qəhrəmanlardan söz açaraq ordumuzun yüksək döyüş hazırlığına malik olduğunu, ərazilərimizin qətiyyətlə qorunduğunu, ordu quruculuğunun tarixi Zəfərdən sonrakı yeni mərhələsində uğurla davam etdirildiyini bildirdi. Qəhrəman xalqın qəhrəmanı olmasıyla fəxr etdiyini də deyən polkovnik Anar Mirzəyev Silahlı Qüvvələrimizin bütün hərbi qulluqçularını 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi, onlara şərəfli xidmətlərində uğurlar arzuladı.
Milli Müdafiə Universitetinin zabiti polkovnik-leytenant Xəyal Cümayəddinov Azərbaycanda ordu quruculuğunun tarixi Zəfərdən sonrakı mərhələsində yaradılan Milli Müdafiə Universitetinin hərbi təhsil sistemində rolundan, onun dünyanın böyük dövlətlərinin analoji universitetləri səviyyəsində fəaliyyətindən, zabit kadrları hazırlığında əldə edilən uğurlardan söz açaraq bütün hərbi qulluqçuları, həmçinin hərbi təhsil sistemində xidmət edən zabitləri, müdavimləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi.
Tədbir başlama ərəfəsində tədbirə dəvət olunanlarla səmimi söhbətləşmişdik:
Ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Möhbalıyev:
- Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı Zəfər təkcə ordumuzun gücü kimi deyil, həm də Ali Baş Komandanın sərkərdəlik qüdrəti kimi tarixləşdi. Ordu quruculuğu tarixi Zəfərdən sonrakı mərhələdə də uğurla davam etdirilir. Azərbaycan Ordusu müxtəlif beynəlxalq təlimlərdə iştirak edir ki, bunlar da onun şəxsi heyətinin döyüş hazırlığının daha da yüksəldilməsini təmin edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Bu gün Azərbaycan daha güclü dövlətdir, Azərbaycan Ordusu daha güclü ordudur. Mən bu odunun bütün zabit və əsgərlərini 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, hər birinə xidməti uğurlar arzulayıram.
H.Əliyev adına Hərbi İnstitutun həmkarlar təşkilatının sədri Emin Nəsirov:
- Heydər Əliyev adına Hərbi İnstitutun kursantları İkinci Qarabağ müharibəsi haqqında təəssüratları tarix dərsləri kimi dinləyirlər. Onlar yüksək mənəvi-psixoloji hazırlığa malik zabit olacaqlar. Mən də qürurlanıram ki, zabit hazırlığı prosesinin iştirakçısıyam, deməli, ordu quruculuğunda zərrə misallı da olsa iştirak edirəm. Mən İnstitutumuzun hərbi qulluqçularının timsalında ordumuzun bütün hərbi qulluqçularını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.
Tədbir maraqlı konsert proqramı ilə başa çatdı. İfa edilən hər mahnı Vətənə sevginin söz-musiqi yozumu, bu yozum Vətənə ünvanlanan bir amalın ifadəsi idi: Sən varsan, biz varıq!..
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"