AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Hərb Tarixi Muzeyində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Azərbaycan Ordusu müstəqilliyimizin dayağı, qürur mənbəyimizdir!" adlı tədbir keçirildi. Tədbirdə Milli Müdafiə Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun nümayəndələri, hərbi qulluqçular və digər qonaqlar iştirak etdilər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Elşad Pənahov çıxış edərək, hərb tariximizin şanlı səhifəsi sayılan Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümünün ölkəmizin hər yerində qeyd edildiyini vurğulayaraq dedi: "Güclü ordu ilə dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün 107 yaşını qeyd etdiyimiz Azərbaycan Ordusu bütün dünya azərbaycanlılarının qürur və güvənc yeridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbələr, uğurlu döyüş əməliyyatları nəticəsində 30 illik işğala son qoyularaq, respublikamızın suverenliyi, ərazi bütövlüyü tam təmin edildi. Qürurverici haldır ki, rəşadətli və qalib ordumuz dünyanın ən güclü orduları sırasında yer alıb. Vətənimizin təhlükəsizliyinin, ərazi bütövlüyünün əsas təminatçısı olan Azərbaycan Ordusunun qüdrəti, gücü, peşəkarlığı gündən-günə artmaqdadır. Ordumuzun hərb sənətinə gətirdiyi taktiki yeniliklər bu gün dünyanın güc mərkəzlərində diqqətlə araşdırılır. Hər birinizi 26 - İyun Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, şərəfli xidmətlərinizdə uğurlar arzulayıram".
Tədbir Milli Müdafiə Universitetinin əməkdaşları polkovnik-leytenant Cəfər Seyidovun "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişaf yolu", siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Məmmədzadənin "Vətən müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar" adlı məruzələri ilə davam etdi. Məruzələrdə Azərbaycanın şanlı hərb tarixindən, dünya müharibələrində xalqımızın igid oğullarının göstərdiyi qəhrəmanlıqlardan, müasir, müstəqil respublikamızın Silahlı Qüvvələrinin formalaşmasından, regionun geosiyasi dinamikasını dəyişdirən əsas göstəricilərdən, antiterror əməliyyatından sonrakı dinamikadan, sülh müqaviləsinin baza prinsiplərindən geniş və ətraflı məlumatlar diqqətə çatdırıldı.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun professoru Hacı Həsənov çıxışında 26 iyun 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun bünövrəsinin qoyulduğunu dedi və ilk milli ordu hissələrinin formalaşması barədə geniş məlumat verdi. Bildirdi ki, Cümhuriyyət Ordusunun varisi hesab edilən bugünkü müasir Azərbaycan Ordusunun qurulmasında, onun daha da qüdrətlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Həmçinin vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğu siyasətini bu gün uğurla davam etdirir.
Tədbirdə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş qısametrajlı sənədli film nümayiş olundu.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirildi.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"