Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2025 16:49

Bir ömrün qəhrəmanlıq səhifələri: Mübariz İbrahimov

İnsan taleyinin səhifələri bəzən elə bir igidlik dastanı ilə yazılır ki, bu dastan zamanın axarında solmaz, unudulmaz olur. Azərbaycan torpağı da belə bir igidin - Mübariz Ağakərim oğlu İbrahimovun məğrur addımlarla yazdığı şəhidlik dastanını yaddaşında daşıyır. Bu il onun şəhidlik zirvəsinə ucalmasından 15 il keçir. Lakin zaman bu igidin adını xalqın yaddaşından silmədi, əksinə, daha da ucaltdı, ölümsüz etdi. 
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Orta təhsilini 2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində başa vurduqdan sonra həmin il müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların "N" hərbi hissəsində xidmətini başa vurub, 2007-ci ildə çavuş rütbəsi ilə ehtiyata buraxılıb. 
Mübariz bir müddət mülki sahədə çalışdıqdan sonra, Vətən sevgisinin köksündə alovlanması ilə 2009-cu ilin avqustunda gizir rütbəsi ilə yenidən orduya qayıdıb. Cəbhə bölgəsində, ön xətdə yerləşən hərbi hissələrdə könüllü olaraq xidmətini davam etdirib. Onun ruhunda daim  Vətənin ərazi bütövlüyünü qorumaq amalı yanıb. 
2010-cu il iyunun 18-də gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə tərk-silah edir. Sonra isə düşmənin öz silahlarını özlərinə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. Amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına şəhid olur. Ancaq onun nəşinin düşmən tərəfindən geri alınması bir neçə aydan sonra mümkün olur və 2010-cu il noyabrın 7-də Bakıdakı İkinci Fəxri xiyabanda torpağa tapşırılır. 
Canıyla, ruhuyla Vətən torpağına bağlı, 22 yaşında gənc nəslin qəlbinə adını əbədi yazmış Mübariz İbrahimovun şəhadətindən düz on il sonra - elə torpağa qovuşduğu günlərə təsadüf edən 8 Noyabr - Zəfər bayramımız bəlkə də ilahi bir müjdənin mesajıdır. Çünki 44 günlük Vətən müharibəsi göstərdi ki, bu gün Azərbaycan Ordusunda Mübariz ürəkli, Mübarizin qəhrəmanlıq bulağından su içən minlərlə cəsarətli Vətən övladları yetişib. Məhz həmin igidlərin sayəsində 2020-ci il oktyabrın 4-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. 
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. 
Bu gün Mübariz İbrahimovun adı məktəblərə, parklara, küçələrə verilir. Onun igidliyi gənclərimiz üçün vətənpərvərlik nümunəsinə çevrilib. Hər il onun şəhidliyinin ildönümü xalqımız tərəfindən dərin ehtiramla anılır. 
Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn, ölümləriylə ölümsüzləşən Mübariz İbrahimov kimi oğullar öz qəhrəmanlıqları ilə bir daha sübut etdilər ki, Vətən sevgisi hər şeyin önündədir. Onlar yalnız cismi ilə deyil, ruhlarının yenilməzliyi ilə düşmənə meydan oxuyurlar. Onların igidliyi xalqımızın çoxillik azadlıq və mübarizlik tarixinin şanlı səhifələrindən biri kimi daim yaşayacaq. Ölümün ən ali pilləsinə yüksələn igidlərimiz azad və bütöv Azərbaycanın silinməz tarixində əbədi qalacaq. 

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"